Azərbaycan dünyada mətbuat azadlığı ən pis olan 10 ölkə arasındadır

 

Freedom HouseMətbuat Azadlığı-2017” adlı hesabatını açıqlayıb. “Freedom Househüquq-müdafiə təşkilatı aprelin 28-də “Mətbuat Azadlığı-2017” adlı hesabatını açıqlayıb.

Hesabatda 199 ölkədə və ərazidə mətbuat azadlığının səviyyəsi ölçülüb. Ən azad ölkə 0, ən qeyri-azad isə 100 balla dəyərləndirilib, ölkələr Azad, Qismən-Azad və Qeyri-Azad qruplara yerləşdirilib. Azərbaycan dünyada mətbuat azadlığının ən pis durumda olduğu 10 ölkə arasında yer alıb. Burada Krım, Kuba, Ekvatorial Qvineya, Eritrea, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistan var. Qonşu Gürcüstan qismən azad, Ermənistan isə azad olmayan ölkələr sırasındadır. Gürcüstanın 102, Ermənistanın 137, Azərbaycanın 190 balı var.

“Dünyada mətbuat azadlığının ən pis səviyyədə olduğu Avrasiya regionunda avtokratik rejimlər ötən il xəbər mediası üzərində tam nəzarəti əldə saxlayıb, ifadə azadlığına, demək olar, yer qoymayıb. Orta Asiya ölkələrində dəyişən bir şey yoxdur. Azərbaycan və Rusiya hökumətləri isə tənqidi jurnalistikanın olan-qalan nəfəsliklərini də daraldıb”, hesabatda vurğulanır.

“Azərbaycanda prezident İlham Əliyev rejimi müstəqil media və söz azadlığına qarşı illərdir davam edən təzyiqlərini, azacıq da olsa, azaltmayıb. Hakimiyyət periodik olaraq bir neçə tanınmış xəbər saytını, o cümlədən Meydan TV və AzadlıqRadiosu-nun saytlarını bağlayıb. Ölkə rəhbərliyi yerli medianın redaktə siyasətinə nəzarətinin miqyasını da sərgiləyib, ANS televiziyası ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gülen-in dediklərini yayımlamamışdan efiri bağlanıb. Hökumət bunu Bakıyla Ankaranın münasibətini korlamağa yönəlik “provokasiya” adlandırıb. Bu televiziyanın siyasi loyallığı belə Əliyev hökumətinin artan iqtisadi və diplomatik sabitsizliyi fonunda çəkisini itirib”, “Freedom House” bildirir. Azərbaycanın hakimiyyət təmsilçiləri bu hesabata, hələlik, reaksiya verməyib. Amma ənənəvi olaraq, ölkədə media azadlığı da daxil olmaqla, bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir, bu tip hesabatları ölkəyə qarşı “qərəzli qarayaxma kampaniyası” adlandırırlar.

Amerikaninsesi.org

06:51