Azərbaycan diasporunun yeni hədəfləri

Qalib Ağayev: “Milli diasporumuz hansı ölkədə fəaliyyət göstərməsinə baxmayaraq,  onlar hər zaman Azərbaycanla körpü rolunda çıxış etməlidirlər”

“Soyuq Müharibə”nin başa çatmasından sonra, dünyada baş verən sosial-ictimai, siyasi və iqtisadi mənzərədə yeni anlayışlar yaranmaqdadır. Xüsusilə millətlərin öz milli kimliyini qorumaqla yanaşı, onu inkişaf etdirmək vacib milli vəzifələrdən biridir. O da bəllidir ki, yurd dışında mövcud olan ən iri diasporumuz məhz Rusiya Federasiyasına məxsusdur. Bu gün diaspor işi ilə məşğul olmaq ən problemli sahələrdən biridir. Fikrimizcə bu yöndə dövlətlə -diasporun dialoqunda əsas prinsiplərdən biri də xaricdəki soydaşlarımız üçün maraqlı olmasına çalışmaq lazımdır. Milli diasporumuzu təmsil edənlərin fikirlərini də bilmək çox önəmlidir. Milli diasporun inkişaf mərhələsinin hansı proseslərin içində olmasına aydınlıq gətirmək üçün bu yöndə mütəxəssis kimi tanınan, eyni zamanda AzərRos təşkilatının fəallarından biri olan Qalib Ağayevlə söhbətləşdik.

– Qalib bəy, siz “Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti” (RAMMM) qurumunun təsis edilməsində yaxından iştirak etmisiniz. Bu qurumun vitse-prezidenti səviyyəsində bir çox tədbirləri həyata keçirmisiniz. İndi durum nə yerdədir? 

- İstəyirəm bu məsələyə aydınlıg gətirim. Mən Rusiyaya 2002 ci ilin sonunda gəldiyim üçün  Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti təşkilatının təsis edilməsində iştirak edə bilməzdim. RAMMM 1999 cu ildə təsis olunub, ancaq bizim bu təşkilatın böyüməsi və inkişafında xüsusi rolumuz olub. Rusiyanin regionları arasında əlaqələr genişlənib, birgə tədbirlər həyata keçirilib, yeni təşkilatlar yaradılıb. Bütün Azərbaycan təşkilatlarının birlikdə fəaliyəti üçün konkret fəaliyyət konsepsiyası hazırlanıb. Artıq çox tacrübəli, diaspor işi ilə professional səviyyədə məşğul olan və  problemləri dərindən bilən mütəxəsislərimiz yetişib. Zamanın tələbiylə dövlətlə diaspor arasında dialoqa çox böyük ehtiyc var. Bu dialoqun formatı beş ildə bir dəfə keçirilən Dünya Azərbaycanlıları Qurultayından tamamilə fərqli olmalıdır. Bu, dialoq-görüş mövcud problemlərin aradan qaldırılması, diasporun inkişafı, dövlət- diaspor əlaqələrinin faydalı əməkdaşlığa çevrilməsi yolunda real addımlar olmalıdır. Biz gələcəkdə baş verə biləcək bu görüşün programının hazırlanmasında iştirak etməyə hazırıq. Zaman-zaman milli diasporumuzla bağlı problemləri Azərbaycan mətbuatında, dəyirmi masalarda, konfranslarda gündəmə gətirmişik.  Çox əfsuslar olsun ki, problemlərin həlli, araşdırılması, nəticə çıxarılması əvəzinə, ozümə qarşı münasibətin kəskin şəkildə pisləşdiyini görmüşük.

- İndi durum nə yerdədir?

- Bu gün əsil gerçəklik belədir: АzerRosa 2013-cü il yanvarın 25-də rəhbərliyə (Аbbas Аbbasovun dediyinə görə) diasporun işini üstün yüksək səviyyəyə gətirmək üçün  azərbaycanlıların problemlərinin həlli yolunda, Аzərbaycanı bir dövlət olaraq Rusiyada lazımi səviyyədə təmsil etmək üçün bir dövlət qurumlarında yuxarı vəzifələrdə çalışmış, təcrübəli mütəxəssis kimi Abbas Abbasov gəlmişdi. Hamımız böyük ümidlər bəsləyirdik ki, belə tanınmış (həm Rusiya, həm də Azərbaycan məmurları arasında) çinovnikin gəlişi Rusiyadakı təşkilatların birləşməsində, diasporumuzun irəli getməsində, imicimizin artırılmasında xüsusi rolu olacaq. İnanırdıq ki, onun azərbaycanlı zəngin işadamları ilə əlaqələri sayəsində birlikdə müəyyən layihələrin həyata keçirilməsində, diaspordakı problemlərin həllində dəstək ola bilərdi. Çox əfsuslar olsun ki, A. Abbasov rəhbərliyə gələn kimi təşkilatı öz şəxsi şirkətinə çevirməyə başladı. Beləliklə АzerRos ictimai təşkilat funksiyasını itirməyə və siyasi proseslərə qarışmağa başladı. O, təşkilatda özünə sədaqətli adamları toplamağa başladı. Azərbaycan və Rusiya arasında normal münasibətlərin inkişafı ideyasını müdafiə edən soydaşlarımız haqqında danoslar, müxtəlif şaiələr və informasiyalar gündəmə gətirildi. Öz fikri olan təşkilat rəhbərlərinə, diasporun fəallarına qarşı böhtan atmaq, onları qorxutmaq, güc tətbiq etmək, əlindəki köhnə imkanlardan, yəni Rusiyanın güc strukturlarından istifadə edərək təsirlər etməyə başladı. Təcrübəli mütəxəssislərə, diaspor işində uğurlar qazanmış insanlara qarşı təqiblər də artdı. 2015-ci il yanvarın 17-də, aprelin 14-də AzərRosun (qurultaylararası ali qanunverici orqan-Federal Şuranın qərarı və regional təşkilatların böyük çoxluğunun iştirakına baxmayaraq) növbədənkənar qurultayın keçirilməsində güc strukturlarından istifadə edərək maneələr yaratdı. Diaspor tarixində ilk dəfə olaraq azərbaycanlılara qarşı güc tətbiq olunmasını (Rusiya xüsusi xidmət orqanlarındakı əlaqələrindən istifadə edərək) sınaqdan keçirildi. 20 fevral 2015 –ci ildə onun  təkidi ilə keçirilən qurultaya  özünə sərf edənlər buraxılmaqla, çox az bir qurumun (4-5 regional təşkilatın) iştirakı ilə abbasovsayağı qurultay keçirildi. Və yalançı qurultayın qərarının səlahiyyətli olması və ədliyyə orqanlarının tanınmasını təşkil etdi. Beləliklə AzərRos təşkilatı iki yerə bölündü. 4-5 regional təşkilatla birlikdə olan kəsimin möhürü və sənədi var. Ancaq, əksər təşkilatları birləşdirən tərəfin möhür və sənədlərin qaytarılması üçün mübarizə gedirdi. Rusiyanın səlahiyyətli orqanları ilə yazışmalar aparılırdı.

– Belə bir təzadlı durumu yaşayan milli diasporumuzun bundan sonrakı hədəfləri necə olacaq?

- İstəyirəm bizi öz adımızla çağırsınlar. Bizim təşkilatın adı Moskva Vilayəti Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətidir. (МVАМММ). Təşkilatımız dünyadakı diaspor təşkilatları arasında yerli (yəni şəhər və rayon) təşkilatların sayına görə fərqlənir. 17 rayon və şəhər təşkilatları tərəfimizdən qeydiyyata alınıb. Beləcə bir-birimizə yardımçı olmaq, qarşılıqlı öyrənmək şəraiti yaranıb. Nəinki Moskva vilayətində, eyni zamanda Moskva, Sankt-Peterburq, Tomsk, Tümen, Samara, Novosibirsk, Nijni- Saratov, Novqorod, İjevsk, Rostov na-Don şəhərlərində, Udmurtiya və Kalmıkiya respublikalarında yerli diaspor təşkilatları ilə birlikdə tədbirlər həyata keçirmiş, MVAMMM-nin adı altında Azərbaycan və Türkiyədə layihələr reallaşdırmışıq. İndi MVAMMM özü Ümumrusiya, beynəlxalq təşkilatı kimi çalışır və fəaliyyət göstərir. İndi  hər bir millətin öz varlığını qoruyub saxlaması, mədəniyyətini yaşatması bir şərtdir. Yoxsa, həmin millət tamamilə tarixin simasından yox olub gedə bilər. Biz çox yaxşı dərk edirik ki, Rusiyada yaşayan azərbaycanlılar məşhur türkoloq alim Lev Qumilyevin də qeyd etdiyi kimi nəhəng Avrasiya məkanının bir parçasıdır. Slavyan və Türk xalqlarının bu yöndə tarixi məsuliyyəti daha böyükdür. Bizlər Avrasiya məkanında min illərdir mövcud olan dəyərləri qoruya biləcək aparıcı güc sayılırıq. Buna görə də, Rusiya, Ukrayna, Belorus və eyni zamanda Qafqaz-Orta Asiya məkanında Slavyan və Türk xalqlarının kulturoloji baxımdan dualizm şərtləri daxilində birgəyaşayış düzəninə önəm verilməlidir. Bu böyük dəyərə sahib çıxmaq azdır. Onu şaxələndirmək, inkişaf etdirmək, müasir standartlara uyğunlaşdırmaq çox vacibdir. RAMMM təşkilatı məhz bu məqsədlə yarandı. Kimsəyə sirr deyil ki, Sovetlər Birliyi dağldıqdan sonra, keçmiş müttəfiq ölkələrdə sosial-iqtisadi həyat şəraiti olduqca ağır idi. İnsanlar belə dözülməz şəraitdə yaşamağa öyrənməmişdilər. Ona görə də qazanc əldə etmək, ailəsini yaşatmaq üçün çox böyük iqtisadi imkanlara malik olan Rusiyaya üz tutdular. O zamandan indiyə kimi demək olar ki, böyük bir nəsil burada formalaşıbdır. Onların çoxu hər zaman olduğu kimi, bu gün də doğma Azərbaycanla sıx bağlıdırlar. Biz milli diaspor adına uzun yol qət etdik. Bu nəhəng ölkənin ucsuz-bucaqsız bölgələrində soydaşlarımızı tapmaq, onları vahid təşkilatda toplamaqla ağır və üzücü problemləri yaşadıq. İndi bu barədə danışmaq çoxlarına asan görünür. Çox şükrlər olsun ki, bizlər çətinliklə də olsa bütün bunları dəf edə bilmişik. İndi qarşımızda duran əsas məsələ isə Rusiyada yaşayan soydaşlarımızın hansısa siyasi güclərin alətinə çevrilməməsidir. Biz çalışırıq ki, hər bir diaspor yaşadığı ölkə ilə vətənimiz arasında körpü rolunu oynasın. Biz dövlətlərarası münasibətlərdə oyuncaq rolunda olmamalıyıq. Prolemlərin həlli üçün birgə çözümlər üzərində addım atmaq ən doğru yoldur.

– Bəs son illərdə səsləndirilən bir çox problemlərin mənası nədən ibarət idi?

– Bəli, bəziləri özlərinin xarizmatik xarakterindən irəli gələn iddialarını gözə soxmaq üçün keçmişdə əldə etdikləri münasibətlərin fövqündə durmaqla Azərbaycan milli diasporunun, özəlliklə AzərRos təşkilatının adından sui-istifadə etməyə çalışdılar. Ancaq, niyyətlərinə nail ola bilmədilər. Beləliklə Rusiya və Azərbaycan arasında körpülərin yandırılması kimi hədəflər iflasa uğradı. Biz təşkilat olaraq, Rusiyada rus vətəndaşlarının, xüsusilə də gənclərin Azərbaycanla bağlı ictimai və sosial baxışlarının dəyişdirilməsinə, eləcə də qarşılığı olaraq, Azərbaycan gəncliyinin Rusiyaya olan münasibətlərinin yeni məcrada formalaşmasına çalışırıq və buna önəm veririk. Çünki, xalqlararası münasibətlərin sayəsində bir çox problemlərin də həll edilməsi müasir texnologiyalardan biridir. Xalq diplomatiyasının sayəsində qarşılıqlı şəkildə çox böyük uğurlara imza atmaq mümkündür. Azərbaycanın işğal olunmuş ərazilərinin tarixi baxımdan bizlərə məxsus olması Rusiyada çoxları tərəfindən hələ anlaşılmayan bir düşüncədir. Biz ən sadə rus vətəndaşlarına və eləcə də elm adamlarına, ziyalılara bu yöndə lazımi ədəbiyyatı təqdim etdikdə, onlarla diskussiyalar apardıqda əsil həqiqətləri də dərk etməyə başlayırlar. Bir də var onların Azərbaycana gələrək bütün gerçəkləri öz gözləri ilə görmələri.

– Hətta bu istiqamətdə bir sıra layihələri həyata keçirmisiniz.

– Biz gənclərimizə, yeni nəslə Azərbaycan tarixini, coğrafiyasını, ədəbiyyatını, tarixi şəxsiyyətlərimizi, adət ənənəmizi, mədəni irsimizi  öyrətmək üçün konkret layihə hazırlamışıq və həyata keçiririk. Bu yolla tarixi vətənimizi sevdiririk. Nəinki milliyətcə azərbaycanlı olanlarla, başqa xalqların nümayəndələrini də, Rusiya gənclərində Azərbaycanımıza maraq, sevgi yaratmaq üçün “Azərbaycan rusiyalı məktəbli və tələbələrin gözü il” adlı intellektual müsabiqələri Qərbi Sibirdə,  Volqaboyunda, Şimail Qafqazda, Moskvadakı ali və orta məktəblərdə öz hesabımıza həyata keçirmiş və bu yarışların qaliblərini Azərbaycana göndərmişik. Onun təbiətini sevməyi, rəmzlərinə hörmətlə yanaşmağı, insanlarının qonaqpərvərliyini, Qarabağ həqiqətlərini, erməni vəhşiliyini göstərməyə, ölkəmizdəki yeni möhtəşəm quruculuğun şahidi olmağa, mədəniyətimizin, incəsənətimizi sevdirməyə nail olmuşuq. Rusiyalı gənclərin Azərbaycana həsr etdikləri bədii sənət nümunələrini, Azərbacan dilində oxuduqları şeirlər, ifa etdikləri mahnı və rəqslər, ölkəmizə bəsdələdikləri mahnılar olduqca qürurvericidir. Hal-hazırda müsabiqəni gənc jurnalistlər, şair və yazıçılar, bəstəkarlar, rəssamlar arasında keçirməyə başlamışıq.

– Çox maraqlıdır, bu layihələrdə hansısa uğurlar əldə edə bilmisinizmi?

- Əlbəttə. “Azərbaycan gənc Rusiya jurnalistləri və yazıçıların gözü ilə” adlı layihəmizə artıq start verilmişdir. Biz istəyirik ki, Azərbaycan rəhbərliyi bu istiqamətdə bizimlə birgə çalışsın. Gələcəkdə daha böyük işləri bir yerdə görə bilək. Azərbaycan mətbuatı deyə bilərmi ki, biz də bu gözəl tədbirləri təmənnasız işıqlandırmışıq? Bu işlərdə maraqlı olan, dövlət və ictimai təşkilatlarımız deyə bilərmi ki, onlar da təmənnasız bu işə qoşulub? Əsla yox. Adiyyatı orqanlara vaxtında məktubla müraciət etməyimziə baxmayaraq, bizi bütün cətinliklərlə üz-üzə qoyublar. Tədbirin keçirilməsi üçün bəzən süni ənqəllər  yaradılır. Bu gözəl tədbirləri həyata keçirmək üçün getdiyimiz regionlarda Ümumrusiya Azərbaycanlıları Konqresindən dəstək əvəzinə, kobud şəkildə maneələrlə qarşılaşmışıq. 12 ildən artıq yaşı olan bu layihəyə heç bir münasibət yoxdur. Əslində bu bütün dünya azərbaycanlılarının ümumi layihəsinə çevrilməlidir. Çünki  Azərbaycanı tanıtmaq, sevdirmək vətəndaşlıq borcumuzdurr. Ancaq, çox təəssüflər olsun ki, bəzən içərimizdə olan çəkişmələr bizim layihələrimizə mane olur. Biz yeni texnologiyalar üzərində araşdırmalar aparırıq. Məqsədimiz müasir dünyanın yeniliklərini öyrənməklə yanaşı, bütün bunları milli hədəflərimizə uyğun şəklə salmaqdır.

– Bəs bu möhtəşəmlikdə baş tutan işlərinizlə bağlı konfliktlər yaranırmı?

- Konfliktlər baş verəndə çalışırıq onları neytrallaşdıraq və onlardan uzaq olaq. Regional təşkilatda universal, ağıllı və cəsarətli insanlar çalışırlar. Onların köməyi ilə çalışırıq ki, azərbaycanlılar arasında konfliktlərdən uzaq  olaq. Bunlar o qədər də böyüməsin, vaxtında qarşısı alınsın. АzərRos 2013-cü ilə kimi Rusiyada azərbaycanlıların taleyi ilə aktiv şəkildə məşğul olan yeganə təşkilat olub. Bu işlərdə xalqımızın mənafeyindən çıxış etmişik. Sizin yadınıza Kareliya, İjevsk, Samara, Belqorod, Moskva, Yaroslavl və başqa bölgələrdə  baş verənləri xatırlamağı məsləhət görərdim. Saydığım bölgələrdə hadisələr baş verən kimi AzerRosun rəhbərliyi özündən başqa, AzTV-nin nümayəndələrini də bu bölgələrə ezam etmişdi. Rusiyanın müxtəlif bölgələrində milli zəmində və başqa məsələlərdə hər hansı bir hadisə baş verən kimi AzərRosun nümayəndələri həmin regiona ezam olunurdular. Nəticədə problemin həllinə və günahkarların dövlət məsuliyyətinə cəlb olunmasına nail olurdular. Bir faktı da qeyd etmək istəyirəm: tarixi vərəqləsək görərik ki, Rusiyada sabitlik olmayanda üzdən iraq qonşularımız bu qarışıqlıqdan özləri üçün maksimum şəkildə istifadə ediblər. 1905, 1917- 1920, 1941-1945, 1987-1993-cu illər. Bu tarixlərə fikir verin. Böyük bəlalar tarixidir millətimiz üçün.  Çox əfsuslar olsun ki, neçə illərdi RAFMMM-ə qarşı əks-təbliğat kampaniyası Azərbaycan saytlarında, qəzet səifələrində də mövcuddur. Azərbaycan ictimaiyyətində bilərəkdən iki ümumrusiya təşkilatları (Azərbaycan Konqresi və AzərRos) arasında ayrı seçkilik aparılıb. Beləliklə  süni şəkildə ortaya qoyulan intriqalar ümumi işimizin zərərinə olub. Birqə fəaliyət imkanları isə nəticədə məhdudlaşdırılıb. Biz  onlara demək istəyirik ki, mərdi qova-qova namərd etməzlər. Bir-birimizə kömək etmək, yol göstərmək əvəzinə, düşməni öz içimizdə axtarırıq. Bizə qarşı təbliğat aparanlardan heç də az istəmirik tarixi vətənimizi. Azərbaycan həqiqətlərinin təbliği, onun bütövlüyü üçün heç bir iş görməyənlər reallığı əks etdirməyən fikirlər səsləndirirlər.   

– Bundan sonra nə kimi planlarınız var?

- Bu il aprelin 23-də Moskva Təhsil Müəssisəsində Çanaqqala Savaşının 100 illiyinə həsr edilmiş tədbir keçirdik. Çanaqqala Zəfəri sadəcə qardaş Türkiyənin deyil, bütün Türk Dünyasının ən möhtəşəm zəfəridir. Biz ilk dəfə olaraq tədbirimizi Türkiyə ilə birlikdə keçirdik. Bu yöndə yeni tədbirlər planlarımız var. Rusiyanın bölgələrində “Türkiyə- Rusiyalı Gənclərin Gözü ilə” layihəsini həyata keçirməyə başlamışıq. Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın öz tarixi vətəni ilə daha sıx surətdə fəaliyyət göstərməsinə çalışırıq. Son 25 ildə Rusiya dövlətinin sayəsində milyonçu və ya milyaderə şevrilmiş nə qədər insanlar peyda oldular. Onlardan bir çoxu Rusiyanın sərvətləri hesabına zənginləşən kimi başqa ölkələrə qaçıb getmişlər. Bu siyahıda bir nəfər də olsun azərbaycanlıya rast gəlməzsiniz. Bizim soydaşlarımız alın təri və halal zəhmət ilə qazandıqlarını Rusiya və Azərbaycanın inkişafı istiqamətində sərmayə kimi istifadə edirlər. Bu yöndə yetərincə adlar sadalamaq olar. Örnəklər göstərə bilərik. Biz məhz belə bir xalqıq. Oturduğumuz ağacı baltalamaq bizim əxlaqımızda yoxdur. Biz çalışırıq ki, başqa dövlətlərdə yaşayan və fəaliyyət göstərən diaspor təşkilatlarımızla, soydaşlarımızla daha sıx təmasda olaq. İnanırıq ki, bunun qarşılıqlı faydası olacaqdır. Gündəlik fəaliyyətimizdə Azərbaycan gerçəklərini tanıtmaq, ana dilində yaradılan kurslarda və məktəblərdə tədrisin keyfiyyətini artırmaqdır. Ancaq, təəssüflər olsun ki, bir sıra layihələrimiz və arzularımız sadəcə kağız üzərində qalmaqda davam edir. Çünki, maliyyə sıxıntısı üzündən bütün bunları gerçəkləşdirə bilmirik. Misal olaraq, onu göstərə  bilərəm ki, hər il yay tətilində burada yaşayan soydaşlarımızın Azərbaycanda hansısa düşərgədə istirahət etməsi və ana dilində proqramları, milli musiqimizi və rəqslərimizi öyrənməsi, tarixi yerlərə ekskursiyalarda iştiraka cəlb olunmasının çox böyük faydası ola bilər. Hər bir azərbaycanlının öz tarixi vətəni ilə qürur duya bilməsi üçün yeni texnologiyalardan istifadə etmək lazımdır. Biz çalışırıq ki, bütün təşkilatlarla əlaqə saxlayaq. Çünki, həmin təşkilatların əksəriyyətinin Azərbaycanın tarixi həqiqətlərinin ictimaiyyətə çatdırılması, dilimizin və adət ənənələrimizin yaşadılması, ölkəmizin və azərbaycanlı imicinin yüksəldilməsində böyük rolu var. Bizim Avropadakı, Asiyadakı milli diaspor təşkilatları ilə əlaqələrimiz var. Bu yöndə fəaliyyətlərimizi gücləndirmək istəyirk. Harada yaşamağımızdan asılı olmayaraq, milli kimliyimizi qorumağı bacarmalıyıq. Bizlər dünyanın hər yerində güclü diasporumuzu yaratsaq, Azərbaycan dövlətinin daha güclü olmasına xidmət edə bilərik. Hansı millət özünün coğrafi siyasət doktrinasına malikdirsə, o da ümummilli dəyərlərdə qələbə çala bilir. İndi milli diasporumuz yeni məzmun və xarakterlə formalaşmaqdadır. Belə ki, ötənlərdə azacıq biznesi olan və ya mənfəəti üçün hansısa qruplşamalar yaradılırdısa, indi onların heç birinə zərurət qalmamışdır. Çünki, bu gün intellektual səviyyədə milli diaspor düşüncəsimiz inkişaf etməkdədir. Buna həm ölkəmizdə, həm də yaşadığımız hansısa xarici dövlətdə inanmaq lazımdır. Bizlər birlikdə olduğumuzda güclüyük. 

“Xudafərin”

13:06