Azərbaycan Çində tələbələrin beynəlxalq mədəniyyət festivalında təmsil olunur

Pekin Elm və Texnologiya Universitetində keçirilən tələbələrin beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq məqsədi daşıyan beynəlxalq mədəniyyət festivalında Çin universitetlərində təhsil alan əcnəbi tələbələr ölkələrini, milli mədəniyyətlərini tanıdıblar.

Pekində təhsil alan azərbaycanlı tələbələr ölkəmizə aid xüsusi stendində Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, memarlıq abidələrinə, xalçaçılıq sənətinə, habelə turizm potensialına dair müxtəlif dillərdə nəşrlər, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, milli suvenirlər və geyimlər nümayiş etdiriblər.

Festivalın gedişində milli mətbəximizin təamlarından müxtəlif dolma növləri, xan plov, paxlava, digər şirniyyatlar təqdim olunub. Azərbaycan yeməklərinə xüsusi maraq göstərən yerli sakinlər onun hazırlanma qaydası ilə maraqlanıblar.

Stendimizi ziyarət edənlərə ölkəmizin müasir inkişafı, turizm imkanları, tarixi və mədəniyyəti haqqında məlumat verilib.

Xudaferin.eu


 

15:25