Azərbaycan Əbu-Dabidə “Beynəlxalq Mədəniyyət Günü”ndə təmsil olunub

 

Dünyanın nüfuzlu Sorbon Universitetinin Yaxın Şərq regionu üzrə yeganə və ən böyük filialı olan Paris Sorbon Əbu-Dabi Universiteti “Beynəlxalq mədəniyyət günü” təşkil edib.

Tədbirdən öncə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov universitetin rektoru, professor Erik Fuaş ilə görüşüb. O, tələbələrdə digər mədəniyyətlərə ehtiram və hörmətin aşılanması ideyasını özündə daşıyan bu möhtəşəm tədbirə görə E.Fuaşa təşəkkürünü bildirib və tədbiri BMT-nin qərarı ilə beynəlxalq status almış Novruz bayramı ilə əlaqələndirməyi təklif edib. Təklifi dərhal dəstəkləyən rektor Novruz bayramı və bu bayramın Azərbaycanda necə qeyd olunduğu barədə tədbir iştirakçılarına canlı olaraq məlumat verilməsini xahiş edib.

“Beynəlxalq mədəniyyət günü”nün açılışında isə çıxış edən E.Fuaş rəhbərlik etdiyi universitedən, o cümlədən burada hökm sürən dəyər və ənənələrdən danışıb. O, çıxışının yekununda Azərbaycan səfirinin təklifinə də toxunub. Səfirin xanımı Ülviyyə Şikarova başqa mədəniyyətlərin nümayəndələrini Azərbaycan xalqının zəngin mədəni irsi ilə tanış etmək üçün verilən fürsətə görə Paris Sorbon Əbu-Dabi Universiteti rəhbərliyinə minnətdarlığını ifadə edib. Novruz bayramından söz açan səfirin xanımı “Yeni gün” mənası verən, gecə və gündüzün bərabərləşdiyi gün kimi qarşılanan Novruz bayramının 3 min il ərzində Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda təntənəli surətdə qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin Yer kürəsində 300 milyon insanın bu qədim bayramı özəlliklə qeyd etdiyini nəzərə alaraq BMT Baş Assambleyası tərəfindən martın 21-i tarixinin Beynəlxalq Novruz Günü elan olunduğunu xatırladıb.

Ü.Şikarova Novruz adət-ənənələrindən söz açıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər il paytaxt Bakıda düzənlənən ümumxalq şənliyinə qatıldıqlarını vurğulayıb və şənliyin təfərrüatları üzərində ətraflı dayanıb. Çıxışlardan sonra iştirakçı tələbələr məxsusi təşkil olunan podiumda öz milli geyimlərini növbə ilə nümayiş etdiriblər. Universitetin azərbaycanlı tələbəsi İranə Hacıyeva və Kanada məktəbinin 6-cı və 4-cü sinif şagirdləri Aliyə Şahhüseynova və Qumral Yusifova milli geyimlərimizi nümayiş etdiriblər. Daha sonra tələbələr öz ölkələrinə aid rəqs və mahnılar təqdim ediblər. Aliyə Şahhüseynovanın ifasında “Sarı gəlin” rəqsi iştirakçılar tərəfindən maraqla izlənilib. Tədbir çərçivəsində məhz Novruz bayramı vaxtı süfrələri bəzəyən çərəzlər, şəkərbura, paxlava, şorqoğal kimi milli mətbəximizin nümunələri, meyvələrimiz, eləcə də müxtəlif təbliğat materialları Azərbaycan guşəsi ziyarətçilərinin ixtiyarına verilib və böyük marağa səbəb olub.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

10:03