Azərbaycan Beynəlxalq Bankı xarici kreditorlarını yeni şərtlərlə "qəzəbləndirib"?

 

Azərbaycan nümayəndə heyəti Londonda ABB-ın xarici kreditorları ilə görüşüb.

Azərbaycanın maliyyə naziri Samir Şərifovun çərşənbə axşamı günü Britaniyanın paytaxtı Londonda təqdim etdiyi Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya planı xarici kreditorların narazılığına səbəb olub, Reuters agentliyi bildirir. Mayın 11-də ABŞ müflislik qanunun çərçivəsində kreditorlardan qorunmağa müraciət edən bank 3,3 milyard ABŞ dollarlıq məbləğdə olan borclarını restrukturizasiya etməyə cəhd edir.
 

Azərbaycanın maliyyə naziri Samir Şərifov, ABB idarə heyətinin sədri Xalid Əhədov və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı kreditorlara borclarını Azərbaycan Respublikasının suveren öhdəliklərinə dəyişməyə təklif edib. Lakin bununla bağlı kreditorlar borclarının bir qisminin kəsilməsini və ödəniş cədvəlinin əhəmiyyətli dərəcədə uzaldılmasını qəbul etməli olacaqlar. Reuters bildirir ki, bəzi kreditorlar qəzəblənərək yeni planla itirilən məbləğin Azərbaycanın kreditorlarla nüfuzunu məhv edəcəyini deyiblər. Ticarət maliyyə kreditorlarına təklif edilən daha yaxşı şərtlər digər kreditorların narazılığına səbəb olub, agentlik qeyd edib. Bu məqalənin dərc edilməsindən öncə BBC-nin Azərbaycan Beynəlxalq Bankı və Maliyyə Nazirliyinə ünvanlandığı suallara cavab almaq mümkün olmayıb.

Azərbaycanın təklifi

Plana əsasən Azərbaycan hökuməti kreditorları kategoriyalara bölərək fərqli borc şərtləri təklif edib. Ticarət maliyyə kreditorlarına borclarını kəsimsiz 4 illik suveren öhdəliyə dəyişmələri təklif edilib. Bu borcların ümumi məbləği 861.5 milyard dollar dəyərində olduğu deyilir. Digər kreditorlara 3 seçim təklif edilib:

Birinci təklif, borcların 20 faizini kəsərək 12 illik suveren öhdəliyə dəyişməkdir (borc bu öhdəliyin son 3 ilində 5,125 faiz dərəcəsi ilə ödənəcək). İkinci təklif, borcların kəsimlmədən 15 illik 3,5 faiz dərəcəsi olan suveren öhdəliyə dəyişməkdir. Üçüncü təklif isə borcların kəsilmədən Azərbaycan Beynəlxalq Bankının yeni 7 illik, 3.5 faiz dərəcəsi olan öhdəliyə dəyişməkdir.

Bloomberg yazır ki, iclasda Samir Şərifov ARDNF-in 1 milyard dəyərində borcunun üçüncü təklifə daxil edilməsi nəzərdə tutulur. Ümumi məbləği 100 milyon dollar dəyərində borclara sahib olan ən kiçik kreditorlar üçün isə borclarının 50 faizini (yarısını) kəsərək suveren öhdəliyə dəyişmə şərti verilib. Lakin bəzi kreditorlar yalnış kateqoriyaya daxil edildiklərini və ticarət maliyyə kreditorları olduqlarını iddia ediblər.

Reuters bildirir ki, ABB-ə restrukturizasiya planında məsləhət edən Lazar şirkətinin icraçı direktoru Eric Lalo kateqoriyaların bir daha nəzərdən keçirilmə imkanı ola biləcəyini, lakin "şərtləri dəyişməyə heç bir səbəb" olmadığını deyib. ABB planı avqust ayının sonunacan yekunlaşdırmaq istəyir, Reuters bildirir. Bəzi kreditorlar təklif edilən planın lazımsız yerə mürəkkəb olduğunu, digərləri isə Azərbaycanın neft varlığı və az xarici borca sahib olan bir ölkə kimi daha yaxşı şərtlər təklif etməyə imkanı olduğunu deyiblər. Lakin iyulun 13-ə təyin edilən səsvermədə planın qəbul edilməsi üçün sadəcə səslərin üçdə ikisi lazımdır. 1 milyard dollarla borcların böyük qisminə sahib olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) planı dəstəkləməsi gözlənilir və bununla planın qəbul edilməsinə böyük ehtimal olduğu düşünülür.

Fonda yalnız üçüncü variant seçimi təklif edilib (50 faiz kəsimlə borcların suveren öhdəliyə köçürülməsi), Reuters yazır. Bloomberg yazır ki, görüşdə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib ki, "siz bunu bir kəsinti (borcların bir qisminin kəsilməsi) və ya nə istəyirsinizsə hesab edə bilərsiniz, lakin masanın üstünə olan təklif budur".

Potensial maneələr?
 

Wall Street Journal qəzeti bundan əvvəl dərc edilmiş bir məqaləsində bəzi xarici kreditorların bankın xarici və yerli kreditorlara fərqli yanaşmasından qəzəbləndiyini bildirib. Qəzet, adları bilinməyən bir qrup kreditorların banka və Maliyyə Nazirliyinə ünvanlandıqları məktubda Bankın ABŞ müflislik qanununa müraciət etməsindən təəccübləndiklərini qeyd etdiklərini deyib. Kreditorlar Azərbaycan rəsmilərinin onlara yanvar ayında banka maddi dəstək verməyə davam edəcəyini bildirdiklərini iddia edirlər.

Wall Street Journal qəzeti məktubun adları çəkilməyən bir qrup investorların hüquqi təmsilçisi kimi Shearman and Sterling hüquq şirkəti tərəfindən ünvanlandığını yazır.

Hökumət Beynəlxalq Bankın "3 milyard dollar borcunu öhdəsinə götürür"
 

Azərbaycan Beynəlxalq Bankının borcu kimədir və necə ödənilə bilər?
 

Məktubda yazılıb ki, investorlar bankın ABŞ müflislik qanununun müdafiəsinə müraciətini qarşı öz müraciətlərini verə bilərlər. "Bankın hər bir restrukturizasiyası lazım olduğu dərəcədə ədalətli və qərəzsiz şəkildə, xarici investor cəmiyyətinin mövqeyinin nəzərə alınması və onlarla müzakirə nəticəsində qurulmalıdır", məktubda deyilir.

Qəzet həmçinin qeyd edib ki, ABB-ın hazırda Qazaxıstan dövlət pensiya fonduna 250 milyon dollarlıq borcu var və bu borcun ödənilməməsi və ya şərtlərinin dəyişdirilməsi Azərbaycanın regional müttəfiqlərilə problemlərə səbəb ola bilər. Bu məsələ ilə də bağlı məqalənin dərc edilməsindən öncə ABB və Maliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb.
 

Reyting agentlikləri və dövlət xərcləri
 

Cümə günü Moody's reytinq agentliyi bankın restrukturizasiya planına görə Azərbaycanın suveren kredit reytinqini aşağı salmaq niyyəti ilə bir daha nəzərdən keçirəcəyini bildirib. Moody's analitikləri təklif edilən restrukturizasiya planının "gölənilməz" olduğunu və bunun Azərbaycanda kredit vəziyəttinin ehtimal edildikdən daha pis olduğunun göstəricisi ola bildiyini qeyd ediblər. Londonda xarici kreditorlarla görüşündə, ABB 2015-ci ildən indiyədək Azərbaycan dövlətinin banka 7 milyard 485 milyon dollar yatırdığını bildirib. Hazırda ABB-ın səhmlərinin 76,7 faizi Maliyyə Nazirliyinə, 14,6 faizi Aqrarkredit CJCS-ə (dövlət kredit qurumu) və 3,8 faizi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə aiddir.

Muxalifet.az

20:12