Azərbaycan Avropadakı bazarını itirə bilər

 

İsrail Avropaya Türkiyə ərazisindən keçməklə təbii qaz ixrac edəcək.

Bu açıqlamanı Atlantika Şurasının İstanbulda keçirilən toplantısında iştirak edən İsrailin energetika nazirinin müşaviri Şaul Meridor verib. Onun sözlərinə görə, “mavi yanacağ”ın nəqli ilə bağlı artıq Kipr Respublikası, Türkiyə və İtaliya ilə razılaşma əldə olunub:  “Bu, çox böyük bir layihədir. İsrailin 900 milyard kubmetr təbii qaz ehtiyatı var. Təkcə “Levantha” yatağındakı qazın həcmi 500 milyard kubmetrdən artıqdır. Bu qazın İtaliyaya çatdırılması üçün dənizin altından 8 il müddətində 5,5 milyard dollar vəsait hesabına kəmərin çəkilməsi nəzərdə tutulur. Bu, Türkiyə ərazisindən keçən qaz kəmərinə alternativ olmayacaq. İsrail qazı həm də Türkiyə ərazisindən keçən digər kəmərlə ixrac olunacaq. 10 il ərzində 5 milyard kubmetr qazın Türkiyədən keçən kəmərlə ötürülməsi gözlənilir”.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netenyahu 2016-cı ilin dekabr ayında Bakıya səfəri zamanı Azərbaycana məxsus “mavi yanacağ”ı Türkiyəyə, eləcə də Avropaya daşıyacaq TANAP və TAP layihələrinə qoşulmaq niyyətini açıqlamışdı. Lakin bu yaxınlarda İtaliya məhkəməsinin qərarı ilə Azərbaycan qazının TAP vasitəsilə ixracı layihəsinin icrası dayandırılıb.

Müşfiq Abdulla

Cebhe.info

 

09:38