“Azı 10 bank var ki, müflis olacaq...”

 

Azərbaycanda bu il də bağlanan banklar olacaqmı? “Fitch” Beynəlxalq Reytinq Agentliyinin əməkdaşları deyir ki, bank sektoru bu il də itki verməkdə davam edəcək.

Agentliyin ekspertləri bunu, martın 16-da Bakıda keçirilən VI illik konfransda bildiriblər.

 

Ekspertlər deyiblər ki, banklar yüksək dollarlaşma, valyuta uyğunsuzluğu problemi yaşayırlar. Ekspertlər həm də bildiriblər ki, milli valyutanın devalvasiyasından sonra, aktivlərin keyfiyyət zəifləyib, ölkə bankları davamlı olaraq kapital çatışmazlığı yaşayırlar.

Mərkəzi Bankın Hüquq Departamentinin keçmiş rəhbəri Əkrəm Həsənov da deyir ki, Azərbaycan banklarının bir çoxunda kapital çatışmır: “Kapital çatışmazlığı o deməkdir ki, bankın itkiləri var, bank zərərlə işləyir, bankın verdiyi kreditlərin əksəriyyəti qayıtmır, buna görə də banklar öz növbəsində öz öhdəliklərini yerinə yetirə bilmir və ya digər müştərilərdən cəlb etdiyi vəsaitləri qaytara bilmir, de-fakto bu banklar müflisdir artıq. Əgər o banklara əlavə vəsait qoyulmasa, banklar müflis elan edilməlidir".

Əkrəm Həsənov deyir ki, neft ucuzlaşmağa başlayandan və devalvasiya başlayandan sonra, yəni, 2015-ci ilin fevralından bankların heç biri maliyyə hesabatlarını dərc etmir.

“Banklar haqqında” qanuna görə, maliyyə hesabatları hər rüb açıqlamalıdır.

Əkrəm Həsənov deyir ki, azı 10 bank var ki, müflis olacaq həddə kapitalı azalıb, amma ya bunu açıqlamır, ya da sənədlərdə yanlış məlumat göstərir. Bankların fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Palatanın Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov deyir ki, hesabatların açıqlanmaması kimi problem yoxdur: “Qanunvericiliyə görə minimal tələb var və hamı buna əməl etməlidir. Amma 10-a yaxın bankın müflis olması xəbəri əsassızdır. Biz müşahidəçi orqanıq və hal-hazırda hansısa bankın bağlanması nəzərdə tutulmayıb”.

Bəs hökumətin buna nəzarət mexanizmi yoxdurmu?

 

Əkrəm Həsənov iddia edir ki, məmurlarla bankların qeyri-rəsmi əlaqələri olduqları üçün göz yumurlar, banklara vaxt verirlər: “Bank sahibləri öz şirkətlərinə, öz yaxınlarına kreditlər veriblər və o kreditlər də geri qayıtmayıb. Faktiki bank sahibləri pulları oğurlayıblar- öz şirkətlərinə kredit veriblər, o kreditlər də qayıtmır. 10 milyardlarla kreditlər var ki, banklar o borcalanı məhkəməyə vermir. Vətəndaş 500 manatını verməyəndə məhkəməyə də verirlər, tutdururlar, döydürürlər, söydürürlər”.

Mərkəzi Bankın məlumatına görə isə Azərbaycanda problemli kreditlərin həcmi ötən bir illə müqayisədə 24,2 faiz artıb, 633 milyon manat olub. Əkrəm Həsənov deyir ki, indi banklar çalışırlar ki, bu kreditləri dövlət ödəsin. Ötən il Azərbaycanda 11 bank bağlanıb, indi ölkədə 32 bank fəaliyyətdədir.

Amerikaninsesi.org

08:58