“Azdramaya məhkəmə iddiasından vaz keçən deyilik”

 

ADO-nun qurucusu Elmin Bədəlov: “Teatrların problemləri o qədər köklüdür ki, onu alternativ teatrlar da həll eləmir”

Bir yaş böyüyən ADO növbəti səhnə məkanının açılışını elədi. Teatrın məkanı kimi, repertuarı da, planları da, elə ADO-nun qurucusu Elmin Bədəlovun düşüncələri də yenidir... Fərqli məkan, yeni mizan, heyrətamiz əsərlər, müsbət enerji...
 

- ADO- yeni məkanının açılışını elədi. Açılışa Fransanın Azərbaycandakı səfiri, tanınmış sənət adamları da qatıldı. Amma buna qədər teatrda bir ətalət, səssizlik vardı, elə bil. Bu açılışla nə dəyişdi, teatrda canlanma yarandımı?

- Əslində bu, həm də bir az mənim təbiətimlə bağlıdır. Qış aylarında işlərimə köklənməkdə çətinlik çəkirəm. Belə desək, mən bütün qışı oturub yayı gözləmişəm. Günəş mənim üçün həyatdır, enerjidir. O görünəndə sanki mən dəyişirəm. Bunlar xırda detallardır. Əsas məsələ odur ki, bu il ADO-nun yubileyidir və teatrımız bundan belə daha böyük işlərə imza atmaq istəyir. Açılış isə bu böyük işlərə işıq salmaq idi. Mart ayını açılışa hazırlaşmaqla keçirdik. Nəticə də ürəakaçan oldu. Məşhur rəssam Lyubov Mircavadovanın rəsmlərindən ibarət sərgi təşkil olundu, “Hamam” adlı qısa nümayiş hazırlandı, fransız musiqiçinin qısa konserti baş tutdu. Ancaq bunlar geridə qaldı, biz artıq qarşıya baxmaq, yeni işlər haqda düşünmək istəyirik. Açılışın uğurlu olması ADO kollektivinin birgə, bərabər əməyinin bəhrəsi idi. Gələcəkdə də belə olacaq.ADO-nun mesajları...

- Gələcəyə baxaq deyirsiz. Eləsə tamaşaçıları nə gözləyir?

- “Tamaşaçıları nə gözləyir” anlamında yox, gələcək işlərimiz barədə məlumat verə bilərəm. Çünki biz bilmirik ki, bu işlər tamaşaçıda hansı təəssürat yaradacaq. Yeni işlərə gəldikdə, qeyd etdiyim kimi istəyirik yubiley mövsümümüz daha zəngin tədbirlərlə keçsin. ADO-da yalnız tamaşalar yox, incəsənətin digər qollarına da yer verilsin. Məhz buna görə açılışda nümayişlə yanaşı sərgi və konsert də planlamışdıq. Qarşıda isə incəsənət xadimləri ilə görüşlər təşkil etmək istəyirik. Tanınmış incəsənət xadimlərini insanlara daha yaxın etmək, onlarla ünsiyyətə yardımçı olmaq niyyətimiz var.

- Aprelin 23-də ADO-da böyük bir kitab festivalı keçiriləcək. Festivalı “451” adlı hərakat keçirir. ADO isə bu festivalın dəstəkçisidir. ADO-da keçirilən festivalda teatrın təqdimatında “instalyasiya” nümayiş olunacaq ki, bu işlərin də özünəməxsus mesajları olacaq. Bundan əlavə deyə bilərəm ki, biz bir müddət bundan öncə fransız yazar Bernar Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsəri əsasında “Yağış, yağış, yağış” adlı nümayiş hazırlamışdıq. Həmin vaxt biz yazıçının əsərini ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdik. İndi həmin əsəri kitab halında çap edib, insanlara təqdim etmək istəyirik. Bu işdə bizə dəstəyi Fransa Mədəniyyət Mərkəzi verir. Bunlardan əlavə dörd nümayişin hazırlanmasına başlayırıq. Onlardan biri ingilis, biri isə fransız dilində olacaq. Digər ikisi isə Azərbaycan dilində olacaq. Bunlarla yanaşı konsert proqramları, film günləri də planlayırıq.

 

Teatrımızda vəzifə bölgüsü yoxdur

- Kifayət qədər ciddi layihərdən danışırsız. Bunların öhdəsindən gələ biləcəksizmi?

- ADO kollektiv artıq genişlənir. ADO-çular güclüdür. Məncə, biz birgə bütün işlərin öhdəsindən gələ biləcəyik. Mən buna əminəm, ona görə də bu haqda belə rahat danışıram. Ən əsası isə bizdə artıq vəzifələr yoxdur, ADO kollektiv formasında fəaliyyət göstərir. Bu, hələ ki, öz müsbət təsirini göstərir.Təhqirlər edənlər layiqli cavabını almayınca “Azdrama”ya iddiamızdan geri çəkilməyəcəyik

- Akademik Milli Dram Teatrı ilə məhkəməniz nə yerdə qaldı? Bu iddiadan hələ də vaz keçməmisiz?

- Xeyr, vaz keçməmişik. Qeyd edim ki, biz Akademik Teatrı yox, bu teatrın bizi təhqir edən iki əməkdaşını məhkəməyə vermişik. Bəzən jurnalistlər bunu düzgün qeyd etmirlər. İşə gəldikdə isə mən bu haqda ətraflı danışmaq istəmirəm. Çünki bu artıq hüquqi məsələdir və onunla bizim müdafiəçimiz, hüquqşünas Samirə Ağayeva məşğul olur. Samirə xanım yenilik olduqca, bu barədə mediaya açıqlama verir. Belə iddiaların müddəti səhv etmirəmsə, üç ilə qədərdir. Yəni burada müddət uzansa da məhkəmə işə baxacaq. O halda qərarı sizlər də bilmiş olacaqsınız.Təəssüf ki başlatdığımız işə dəstək verən olmadı

- Əvvəlcə “ODA” sonra “ADO”. Çox vaxt bu ad dəyişikliyini işlərinizin genişlənməsi ilə əlaqələndirirsiz. İşləri genişləndirmək üççün mütləq ADO-nu “Oda” olmalıydı?

- Əlbəttə teatrın adını ODA saxlayıb da işimizi genişləndirə bilərdik. Ancaq burada başqa nüanslar var. Əvvəlcə dövlət teatrlarına alternativ “Oda” teatrı yarandı. Ancaq bu hər şey demək deyildi. Yeni müstəqil teatrlar yaranmırdı və underground prosesə keçid olmurdu. Mən düşündüm ki, paralel olaraq yeni underground teatrı yaratmaq lazımdır və bu düşüncədən “ADO” doğuldu. Bildiyiniz kimi Azərbaycanda, bu cür çətin proseslər içərisində iki teatrı saxlamaq çətin idi. Məhz buna görə onların ikisini birləşdirmək qərarına gəldik. Niyə məhz “ADO” adının seçilməsinə gəldikdə isə deyə bilərəm ki, bu xüsusən atılmış addım oldu. Halbuki “Oda” adı daha tanınmış idi və daha çox diqqət çəkirdi. Ancaq biz “ADO” adını seçməklə undergroundu, alternativi, fərqliliyi, yeniliyi, modernizmi seçmiş olduq həm də. Əsas üstünlüyü buna vermiş olduq. Və göstərmək istəyirdik ki, müasir zamanda modernizmə və kreativliyə doğru getmək lazımdır. Ancaq çox təəssüf edirəm ki, bu addımda, ADO-nun başlatdığı bu ənənəyə böyük mənada dəstək verən olmadı.Müstəqil adı ilə yaranan teatrlar ənənəyə qarşı çıxa bilmədilər

- Niyə belə düşünürsüz? Çünki sizdən sonra müstəqil teatrlar yaranmağa başladı. Müsahibələrinizdə deyirdiniz ki, sizin başlatdığınız müstəqil teatr ənənəsi davam edir.

- Əlbəttə, müstəqil teatrlar sürətlə yaranmağa başladılar. M.Teatr, “Rebus”, “Əsa”, “Human” buna misal idi. Əvvəlcə bu yaranışlar müsbət tərəfindən göründü. Ancaq onların işləri ilə tanış olduqdan sonra gördük ki, həmin “müstəqil” adı ilə yaranan teatrlar ənənəvi teatrın ən pis formasının dəyirmanına su tökməkdən başqa bir şey olmadı. Müstəqil adı ilə yaranan teatrlar ənənəyə qarşı çıxa bilmədilər. Müstəqil teatrlar yarandı, ancaq teatr problemləri həll olunmadı. Əksinə, düşünürəm ki, onlar bu prosesdə mənfi addım atmış oldular. Bunu dostlarımız edir. Bəlkə həmin teatrlarda çalışanların əksəriyyəti bunu daha dərindən görmür, yaxud teatr prosesinə bir o qədər bələd deyillər. Bəlkə də biz yanılırıq. Ancaq bizim gördüyümüz yol, sənət budur. Onlar isə ənənəyə qarşı çıxmaq istəmir və boz teatr mühitinə rəng qatmırlar. Tamaşaçılar isə buna inanır, yoxsa yox, onu dəqiq deyə bilmirəm. Bəlkə tamaşaçı üzdə olanları görür, lakin prosesin hansı istiqamətə getdiyini bilmir. Bəlkə də hamı hər şeyi bilir. Sual verə bilərsiniz ki, bu insanlar teatr yaradıblar, məgər teatr yaratmaq pis işdir? Mənsə deyirəm ki, yox pis bir iş deyil, ancaq belə formalı teatrların yaranmağındansa yaranmamağı daha yaxşı olardı. Bəlkə bir az sərt səslənər, bəlkə dostlarımızın xətrinə dəyər, bilmirəm. Ancaq bu içtimai bir işdir, burada Azərbaycan teatr mühitinin taleyindən söhbət gedir. Mən bunları deməyə borcluyam. Söhbət ADO ideologiyasından, ADO yolundan və mədəniyyətin inkişafından gedirsə, çox üzr istəyərək bunları deməyə borcluyam. Biz istəmirik ki, illərlə az-çox bir neçə tamaşaçının zövqünə təsir etmişiksə, onların zövqlərində hansısa anlaşılmazlıqlar yaransın. Bunlar yeni yaranan teatrların yalnız tamaşalarından sirayət etmir, onların afişalarından, “facebook” səhifələrindən, hətta şrift seçimlərindən belə hayqırır.

Azər Paşa Nemətov və o qəbildən olan insanlar teatrı bozluqdan xilas etməyəcək

- Sizcə bütün bunlar sizin tamaşaçı sayınızın azalmasına səbəb ola bilər? Yaxud bu teatrların yaranması sizin teatr mühitindəki işlərinizi ləngidə bilər?

- Yox, əslində belə də deyil. Bu biznes deyil, teatr mühitidir. Çünki ADO öz işlərini davam edir. Zatən zaman hər şeyi yerbəyer edəcək. Bu teatrların bağlanmağını da istəmirik. Biz əksinə bu teatrların ənənədən kənar, modern yol tutmalarını istəyərik. Ya onlar yollarını parlaq istiqamətə tutacaqlar, ya da tarixdə olduğu kimi qalacaqlar. Gələcək nəsillər bunu aydın görəcək və deyəcəklər. Onlar bizim kimi çəkinərək yox, açıq araşdıraraq qiymət verəcəklər. İstəmirəm ki, yanlış anlaşılsın. Modernizmə gedən yol ADO-nun yaratdığı yol deyil. Bu dünyada inkişafa gedən yoldur ki, ADO da bu yolu tutur. Bu yolu tutmaq ADO yolunu tutmaq deyil. Bu dünyəvi inkişafın, mədəni inkişafın yolunu tutmaqdır. Biz hamımız bu yolu tutsaq teatr mühitimiz bozluqdan xilas ola bilər. Və biz problemləri daha tez aşa bilərik. Biz problemləri aşmasaq dünyanın istənilən məşhur rejissoru, prodüseri, bir sözlə heç nə bizi xilas edə bilməz. Hərəkət özümüzdən olmalıdır. Onda hər şey qaydasına düşə bilər, parlaq istiqamət üzə çıxar. Bunu Azər Paşa Nemətov və o qəbildən olan insanlar etməyəcək. Biz onları dəfələrlə tənqid etsək də etməyəcəklər. Belə insanları tənqid etmək də heç bir fayda vermir. Bunu biz eləməliyik, gənclər eləməlidir, yeni yaranan teatrlar eləməlidir. Amma birləşərək, parçalanaraq yox. Söhbət adların birləşməsindən getmir. Dərindən düşünmək və yolun hər istiqamətinə, gələcək perspektivlərinə baxmaq lazımdır. Bu bizim düşüncəmizdir. Mən bu haqda bir dəfə də danışmışdım. Yarat Müasir İncəsənət Mərkəzində İncəsənət Universitetinin tələbələrindən ibarət bir tamaşa təqdim olundu. Mən insanlara yeni zövqlərin aşılanmasının tərəfdarı olduğumu bildirdim. Orda universitetin rektoru Fərəh xanım da iştirak edirdi. Üzümü ona tutub dedim ki, biz ənənədən kənar təhsilə fikir verməliyik. Biz sadəcə danışa və göstərə bilərik. Qalan məsələlər zamanla tənzimlənəcək. Biz olmasaq da bunu gələcək nəsillər edəcək. Amma niyə biz etməyək ki?

 

Nilufər
Hurriyyet.org

14:26