AZAL-ın təyyarələrində uçmaq niyə 2 dəfə bahadır?

 

“Turan” İnformasiya Agentliyi “Azərbaycanlılar Gürcüstandan uçmağa üstünlük verirlər, AZAL isə susmağa” sərlövhəli yazı dərc olunub. Həmin yazıda Azərbaycanda təyyarə biletlərinin baha olması, inhisarçılıq, ölkəmizə uçan şirkətlər üçün yüksək vergilər və aeroport rüsumlarının tətbiq olunmasından bəhs edilirdi.
 

Bu yazıdan sonra adının çəkilməsini istəməyən iş adamlarından biri redaksiyamıza zəng vuraraq, Azərbaycanda bilet qiymətlərinin həqiqətən də çox baha olmasından gileyləndi.

Onun sözlərinə görə, işi ilə əlaqədar olaraq tez-tez müxtəlif ölkələrə uçduğundan, qiymət fərqinin canlı şahididir: “Bir neçə gün əvvəl yenə də işimlə bağlı Gürcüstana gedib-gəlməli oldum. Bakıdan Tiflisə getmək üçün "Buta Airways" aviaşirkətinin reyslərindən birinə bilet aldım. “Baqaj” pulunu da əvvəlcədən ödədim və cəmi 90 manat etdi. Hava limanında qeydiyyatdan keçdiyim zaman mənə bildirdilər ki, 3 kiloqramlıq yükü əllə aparmağa icazə yoxdur, siz onu mütləq “baqaj”a verməlisiniz. Nəhayət, həmin yükü də bağlayıb “baqaj”a verdim və Gürcüstana uçdum”.

İş adamı deyir ki, 3 gün sonra Gürcüstandan Bakıya qayıtmalı olub. “Gürcüstandan qayıtdıqda AZAL-ın təyyarəsinə bilet almalı oldum və bu dəfə 180 manat ödədim. Üstəlik, qeydiyyat zamanı ordakı qadın bildirdi ki, siz əlavə olaraq 95 lari (təxminən 40 dollar) “baqaj” pulu ödəməlisiniz. Doğrudur, mən bu pulu ödəmək məcburiyyətində qaldım. Amma necə olur ki, 180 manat verib tam bilet alsam da, əlavə olaraq “baqaj” pulu da tələb olunur?! Bu, biabrıçılıqdır”.

İş adamı onu da dedi ki, Azərbaycanın hava limanında heç bir ölkədə rastlaşmadığı “yeniliklər” də tətbiq olunur: “Dediyim kimi, mən tez-tez müxtəlif ölkələrdə oluram. Bütün ölkələrdə qayda belədir ki, təyyarənin “baqaj”ındakı yükü götürdükdən sonra sərbəst şəkildə aeroportdan uzaqlaşırsan, yəni heç bir yoxlamadan keçməyə ehtiyac olmur. Amma Azərbaycan hava qapılarında “baqaj”dan yükü götürdükdən sonra yenidən gömrük xidməti əməkdaşları tərəfindən yoxlamaya məruz qalırsan. Hansı ki, bu da uçuşdan yorulmuş vətəndaşlarla yanaşı, əcnəbilərin də böyük narazılığına səbəb olur. Sonra da deyirik ki, nə üçün Azərbaycanda turistlərin sayı azdır...”.

Muxalifet.az

10:46