“Azadlıq Radiosu”nun danışan vicdanı

“Danışır Azadlıq Radiosu, mikrafonda Mirzə Xəzərdir. Sovet işğalçı qoşunları bütün beynəlxalq qanunları pozaraq Azərbaycana soxulmuş və Bakıda dinc əhalini qanına qəltan etmişdir.”

Münhen toplantısının anımları

Bu səs hamımızın qulaqlarında elə bu gün də səslənməkdədir. Bakıda sovet hərbi kəşfiyyatının xüsusi təyinatlıları ölkənin yeganə televiziya kanalı olan Az TV-nin yayım blokunu partlatmış, qəzetlər sovet işğalçılarının fövqəladə rejim qanunları əsasında hərbi senzuranın basqısı altında nəşr edilir, dövlət adamlarımız ləyaqətsiz, cəsarətsiz bir mövqe nümayiş etdirirlər. Yalnız qalmış bir millət. Allahın belə unutduğu tənha millət. Belə bir ağır və üzücü durumu yaşadığımız bir dönəmdə tək ümid yerimiz Mirzə Xəzərin səsini eşitmək, sadəcə bizimlə deyil, bütün dünyaya böyük cəsarətlə yaydığı Azərbaycan həqiqətləri necə duydurduğunu dinlədikcə baş vermiş 20 Yanvar Faciəsinin hər bir anını daha dəqiq və dürüst şəkildə öyrənirik. Yalniz ondan məlumat ala və ona dərdimizi deyə bilirik. Çünki bu ağır dönəmlə ilgili dərdlərimizi dünyaya Mirzə Xəzərin səsi çatdırır. Mirzə Xəzər özünə məxsus ruhani duyğuları ilə həm bizlərə, həm də bütün dünyaya bircə həqiqəti anladırdı: 

“1920-ci il 28 aprel tarixində XI sovet ordusu AXC-ni (Azərbaycan Xalq Cümhuriyyəti) qan tökərək necə işğal etmişdisə, 20 yanvar 1990-cı ildə də qan tökərək “xalqlar həbsxanası”na çevrilmiş sovet imperiyası da qan tökməklə öz aqibətinin çöküşünün təməlini qoymuşdur” deyirdi.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

...illər sonra 20 Yanvar Faciəsini anmaq üçün Almaniyanın Münhen şəhərində Azərbaycanın Milli Azadlıq Hərəkatının simgəsi sayılan (rəmz) bu böyük insanın, yəni Mirzə Xəzərin (Sabir Rüstəmxanlı) çırağının ətrafına pərvanə kimi toplaşdıq. 
Bu ahıl yaşında səhətinin narahat olmasına baxmayaraq, şəhərin tən mərkəzində Güney Azərbaycandan olan soydaşlarımıza məxsus böyük bir salonda 20 Yanvar Faciəsinin anım törəni qeyd edildi. Bu tədbirin layihəsi illər boyu Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin gündəmində olsa da, axır ki,qürbətdə yaşayan ən dəyərli soydaşlarımızın, eləcə də Almaniyada yaşayan və Azərbaycanı candan artıq sevən Türkiyə və İsrail vətəndaşlarının iştirakı ilə reallaşdıra bildik. Tədbirin aparıcısı olaraq hər bir iştirakçıya ürək sözlərini, duyğularını ifadə etmək üçün söz verdim...

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve açık hava

Anım törənində natiqlərdən biri kimi bu gün İsraildə fəaliyyət göstərən və Azərbaycan Türkcəsində şeir, hekayə, dram əsərləri və publisist məqalələr yazan, eyni zamanda mənşəcə yəhudi olsalar da Azərbaycan Türkcəsində ədəbi əsərlər yazanların yaratdığı “İsrail Azərbaycan Yazarları Birliyi”nin katibi şair Simax Şeyda, “Rusiya Azərbaycan disporunun tanınmış simalarindan Tahir Hacıyev ve Qalib Ağayev, “Münhen Azərbaycanlı İşadamları Dərnəyi”nin rəhbəri Ramiz Səlimov və Akif Göyçaylı, diaspor fəallarımızdan Müşfiq Yusifov, Azər Kazımov, Emin Səlimov, Türkiyəli işadamı Səlim Şahin, bəndəniz Elman Mustafazadə və digərləri 20 Yanvar qana boyanmiş Azadliq Hərəkatı ilə bağlı öz xatirələrini, canlı şəkildə şahidi olduqları olayları və həmin ağır illərdə Mirzə Xəzərin fəaliyyətindən danışdılar.

Natiqlər Mirzə Xəzərin əməyini, onun Azərbaycana misilsiz məhəbbəti və xidmətlərini xüsusi qaydada qeyd etdilər. Sonra sözü Mirzə Xəzərə verdik. Olduqca sakit və təvözakarcasına o ağır illərin acı xatirələrinin pərdə arxası iztirablarından söz açdı. Bir çoxlarımızın elə bu günün özündə belə bilmədiyimiz həqiqətləri dilə gətirdi.

Görüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar ve açık hava

... illər öncə, 1990-cı ilin 20 Yanvar Faciəsi ilə bağlı dünyada təkcə bir nəfərin telefonları susmayırdı. Faktiki olaraq, günün 24 saatı boyu telefonlari susmayan Mirzə Xəzərin telefonları çox təəssüflər olsun ki, bu gün susmuş durumdadır... Mirze Xəzərin özünün belə bir deyimi var: "Qədir bilmək özü bir mədəniyyətdir". Görünür qədir bilmək mədəniyyətimiz istənilən səviyyədə deyil..

Mirzə Xəzər fenomeni

Dünya tarixində nadir hadisələrdən biri də fövqəladə hərbi şəraitdə kənar bir ölkədə yaşamaqla əlindəki məhdud imkanlarla öz vətəninin istiqlalını idarə edən şəxslərdən biri və bəlkə də birincisi uzun illər “Azadlıq Radiosu”nun “Azərbaycan redaksiyası”nın rəhbəri Mirzə Xəzər olmuşdur. 15 yanvar 1990-cı ildə Azərbaycana soxulan sovet ordusu qısa zaman içində paytaxt Bakıda və bir neçə bölgədə fövqəladə hərbi rejim elan etmişdi. Məhz bu addımdan sonra qanlı 20 Yanvar Faciəsi törədilmişdir. Bütün bunlar azmış kimi, düz 9 ay Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Səlyan, Quba, Mingəçevir, Naxçıvan, Abşeron və digər iri şəhərlərində fövqəladə hərbi rejim hakim olmuşdur. Bütün dövlət strukturları, fabrik və zavodlar, ictimai qurumlar, mətbuat tamamilə hərbçilərin nəzarətində oldu. Baş vermiş cinayətləri bir yandan ört-basdır etmək, o biri yandan Azərbaycan xalqının milli azadlıq hərəkatını tamamilə susdurmaq fövqəladə hərbi rejimin qarşısında başlıca vəzifələrdən biri idi. Bu dönəmdə minlərlə vətəndaşlarımız adicə “fövqəladə rejimi” pozduqlarına görə həbsxanalara atılmışdılar. Azərbaycanın milli istiqlalı altında mübarizə aparan bütün yurdsevər insanlarımız təqib olunurdular. Xalq və cəmiyyət bütün həqiqətləri səhər saatlarında və gecə vaxtı Mirzə Xəzərin dilindən eşidirdi. Bütün bunlar azmış kimi, Mirzə Xəzərin hazırladığı xüsusi proqramlar və reportajların sayəsində Azərbaycan idarə olunurdu. Bəşər tarixi ilk dəfə idi ki, başqa bir ölkədə adi bir radio proqramı sayəsində öz vətənini idarə edən bir şəxsiyyəti tanımağa başladı. Bu şəxsiyyət Mirzə Xəzər idi. 

Görüntünün olası içeriği: 3 kişi, açık hava

Mirzə Xəzərin apardığı bu mücadilənin tək bir strategiyası var idi. Bu, bir xalqın azadlıq mücadiləsinin demokratik şərtlər altında aparılmasını milli iradəyə çevirməkdən ibarət idi. Onun bütün verilişlərinin bircə hədəfi var idi: 

“Gec-tez sovet imperiyası tarixdə mövcud olmuş digər imperiyalar kimi tarixin arxivinə gömüləcək. Çökmüş imperiyanın qalıqları yerində yenidən dirçələn və boy atan güclü Azərbaycan uğrunda mübarizə aparılmalıdır. İki yüz illik imperiya siyasətinin mirası kimi traybalizmdən, komprador maraqlardan, neokolonial siyasətdən, korrupsiya və rüşvətxorluqdan, ələbaxımlılıqdan, avtoritarizmdən, diktatorluqdan və digər eybəcər anlayışlardan tamamilə uzaq duran inkişaf etmiş Azərbaycan ideyasını və xəyalını ortaya qoymaqla bütün bunlara nail olmaq mümkündür”. 

Görüntünün olası içeriği: 1 kişi, yürüyor, kalabalık ve açık hava

Mirzə Xəzər düz 9 ay fövqəladə hərbi rejim şəraitində yaşayan Azərbaycanın beləcə informasiya məkanını idarə etdi. Görkəmli dövlət xadimi Henri Kissincerin belə bir deyimi var: “Müharibə şəraitində ən adi informasiya mərkəzi böyük bir ordu deməkdir”. Mirzə Xəzər “Azadlıq Radiosu”nun “Azərbaycan Redaksiyası”nı bu yolla informasiya ordusuna çevirmişdi. Aradan illər bir-birini saralmış payız yarpaqları kimi yola salır. Payızın xəzəlinin təbiətə nə qədər xeyir verdiyinin çoxları heç zaman fərqində olmamışlar. Xəzələ çevrilmiş yarpaqlar torpağa qarışaraq təbii gübrələrə çevrilir. Bu gübrələr isə torpağı bir yandan sağaldır, o biri yandan təbiətin varlığını həmişəyaşar bir düzənə çevrir. Mirzə Xəzər də məhz bu üsulla indi qürurla andığımız Azərbaycan dövlətinin müstəqilliyində ən böyük xidməti olan şəxsiyyətlərimizdən biridir.

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar ve açık hava

Min dəfələrlə təəssüflər olsun ki, ölkə prezidenti bir zamanlar Azərbaycanın dövlət müstəqilliyi əleyhində səs verənlərə bu gün “İstiqlal”, “Şərəf”, “Tərəqqi”, “Azərbaycan Bayrağı”, “Vətənə Xidmət”, “Qızıl Ulduz”, “Vətən Uğrunda”, “Şücaət”, “Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası” və başqa medal və ordenlərlə təltif edir. Həmin şəxslər dövlət strukturlarında ən ali vəzifələrə irəli çəkilirlər. Zamanın ən böyük iradəsi bu təltiflərdən də ucada duran, Tanrı dərgahı qədər qutsal sayılanların millətin ruhunda əbədi məskən salmış şəxsiyyətlərimizin adlarının yer almasıdır. Mirzə Xəzər polad iradəsi ilə, intellektual düzəni ilə bu siyahıda ilk sırada yer alan şəxsiyyətdir. Mirzə Xəzər fenomeninin sirrini bilmək istəyənlər onun keçdiyi həyat və ömür yolunu diqqətlə öyrənsələr fikrimizcə özləri onun qədir-qiymətini bizdən daha yaxşı vermək bacarıqlarını ortaya qoyacaqlar...

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

Xudaferin.eu

01:18