Azad sözə görə cəzalar daha da sərtləşə bilər

Sivil Toplum Platforması çağırış edir: “Ediləcək dəyişiklər Konstitusiyaya və Avropa Konvensisayısına ziddir”

Sivil Toplum Platforması Baş prokurorun “Cinayət Məcəlləsinə yeni 148-1-ci maddənin əlavə edilməsi, habelə 323-cü maddəyə dəyişiklik və əlavələrin edilməsi haqqında” qanun layihəsi təklifi barəsində mövqe sənədi yayıb. STP-dən Hurriyyet.org-a verilən məlumata görə, Milli Məclis Cinayət Məcəlləsində təhqirə görə məsuliyyət müəyyən edən 148-ci maddənin olmasına baxmayaraq, məcəlləyə yeni 148-1-ci maddəni əlavə etməyə, habelə Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltmağa görə məsuliyyət müəyyən edən 323-cü maddəyə dəyişikliklər etməyə hazırlaşır. Dəyişikliklər ifadə azadlığı hüququ ilə bağlı əməllərin daha da sərt cəzalandırılmasını nəzərdə tutur. Noyabrın 23-də Milli Məclisin saytında dərc olunan bu qanun layihəsini Azərbaycan Respublikasının Baş prokuroru təklif edib.
Təklifdə internetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə, habelə, ölkə başçısının şərəf və ləyaqətini ləkələmə və ya alçaltmağa görə məsuliyyət nəzərdə tutulur. Böhtan atma və ya təhqir etməyə görə, 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsi təklif edilir. İnternetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək ölkə başçısının şərəf və ləyaqətini aşağılamağa görə isə 1000 manatdan 1500 manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təklif olunur. STP cəzaların daha da sərtləşdirilməsini ölkə Konstitusiyasına, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, özəlliklə də Avropa İnsan Haqları Konvensiyasına, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi ilə bağlı öhdəliklərə zidd olduğunu qeyd edir.
STP vurğulayır ki, İfadə azadlığı hüququ təkcə öz adı altında deyil, həm də təxəllüs və ya bəlli olmayan anonim (saxta) adlar altında ifadələr yaymaq azadlığını əhatə edir. Saxta və açıq yayılmış ifadələrə görə fərqli hüquqi məsuliyyət növlərinin müəyyən edilməsinin də heç bir məntiqi əsası yoxdur. Təklif olunan dəyişikliklərin guya, həmin maddələrin internetdəki saxta profillərə də tətbiq olunması üçün edilməsi ilə əsaslandırılması əslində, cəzaların sərtləşdirilməsini pərdələmək üçün bəhanədən başqa bir şey deyil. Çünki məcəllənin hazırkı mətni onun anonim ifadələrə də tətbiq edilməsini nəzərdə tutur. STP təkliflərin bilavasitə məhdudiyyətləri sərtləşdirməyə xidmət etdiyini, zərərli və absurd olduğunu vurğulayır. STP yada salır ki, hökumətin hələ 2011-ci ildə qəbul etdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”na əsasən, böhtan və təhqirə görə cinayət məsuliyyəti ümumiyyətlə, ləğv olunmalı idi. Venesiya Komissiyası Azərbaycanda diffamasiyadan müdafiə haqqında 14 Oktyabr 2013-cü il tarixli rəyində vurğulayıb ki, “diffamasiya ilə əlaqədar müddəalar müəyyən olunan zaman həddən artıq sərt qaydalar və sanksiyalara yol verilməməlidir. Diffamasiyaya görə tutarlı, effektiv, mütənasib tədbirlər mülki hüquqla təmin oluna bilər”.
STP hesab edir ki, bütün bu gözləntilərin əksinə olaraq baş prokurorun ifadə azadlığından istifadəyə görə cəzaların sərtləşdirilməsini təklif etməsi ölkə başçısının təsdiqlədiyi proqramdan geri çəkilmə, habelə, hökumətin sözə görə cinayət cəzaları verən qanunvericiliyi dəyişdirmək barədə öhdəliklərini pozması kimi qiymətləndirilməlidir. STP eyni zamanda qeyd edir ki, internetdəki saxta profillərin yaydığı məzmun da daxil olmaqla, aşağılayıcı fikirlərdən müdafiə və şəxsi həyatın qorunması əhəmiyyətlidir. Bununla belə, vurğulanmalıdır ki, praktikada belə qanunlar ən çox Azərbaycan hökumətinə münasibətdə tənqidi mövqe tutan jurnalistlərə, bloggerlərə və sosial media fəallarına qarşı həddən artıq istifadə olunur. STP Milli Məclisi sözügedən dəyişikliklər layihəsini parlamentin gündəliyindən çıxarmağa, ifadə azadlığı hüququ ilə bağlı düzənləmələri Konstitusiyaya, Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırmağa və “Difamasiya haqqında” qanunu müzakirəyə çıxarıb qəbul etməyə çağırır.

Nigar, Hurriyyet.org

12:08