Aynur Zərrintac ilə müsahibə

Avrasiya Əməkdaşlıq Fondunun dəstəklədiyi , Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi `Yeni Nəsil Qadın Koalisiyası` layihəsi gənc ictimai  fəal xanımların  bilik və bacarıqlarının artırılmasına, onların tanıtımına və vəkilliklərinin  həyata keçirilməsinə xidmət edir.

Oxucularımızla növbəti görüşə `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü, tanınmış ictimai fəal Aynur  Zərrintacı dəvət etdik
 

 

  • Aynur Zərrintac kimdir?
  • Mən, Aynur Zərrintac, qısa şəkildə deyə bilərəm ki, ixtisasca ilahiyyatçı, ərəbşünas və fəal vətəndaşam. 9 ildir pedoqoji fəaliyyətlə məşğulam. Hazırda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində tutor və ərəb dili müəllimi kimi çalışıram. Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin təsisçisi, “Radio Sharg”ın isə həmtəsisçisiyəm.  Bundan başqa da, “Opressed Theater” və azyaşlılar üçün Art Terapeya mövzularında təlimçiyəm.

 

  • Aynur, mən səni ictimai fəal olaraq tanımışam. Ona görə səninlə tanış olmaq şəxsən mənim üçün çox maraqlıdır. Mənə həmişə maraqlı olub ki, sən necə eyni zamanda həm ilahiyyat fakültəsində dərs deyirsən, həm də ictimai fəaliyyətlə məşğul olursan? Sən necə vaxt tapıb bu qədər sosial layihələrdə, tədbirlərin təşkilat işində  iştirak edirsən?
  • Məncə, bu, daxili enerjidən irəli gəlir. Dinc dura bilmirəm, ictimai fəaliyyətdən kənar qalsam, fikir verirəm ki, gücüm azalır. Həm də əsas məsələ öyrətmə meylinin olmasıdır. Mən bildiklərimi paylaşamağı, yeniliklər edərək müsbət nəticələrini görməyi çox sevirəm. İnsanlar məsələn, böyüyəndə hiss edirlər ki, onlar mexanik, kosmonavt ola bilərlər. Mən isə uşaqlıqda çox sakit olmuşam.  Müşahidə etmişəm, necə deyərlər qabıma yığmışam. Ona görə də maraqlarım müxtəlif sahələrə olub. Fərqli-fərqli sahələrə baş vurduqca, yeni bilik-bacarıqlar əldə etdikcə adam həm də özünü süzgəcdən keçirir, şəxsiyyətini formalaşdıra bilir. Həm də mənim fikrimcə, sən öyrəndikcə mütləq öyrətməlisən. Nəzəriyyə-təcrübə kontekstindən məsələyə yanaşarsaq əgər,məsələn, götürsək incəsənəti, mən onu həm tərcümə, həm də ilahiyyatla birləşdirə bilirəm. Tutaq ki, bir xarici dili tədris edirsən. Danışıq vərdişlərinin inkişaf etdirilməsi üçün mütləq tələbəni teatral üsulla həmin dildə danışmağa cəlb edəsən gərək. Belə nə yorucu olur, nə də maraqsız.Həm də çalışıram, tələbələri auditoriyadan çıxarım, arada parta arxasından uzaqlaşdırım. Bəzi dərslərimiz tərcümə ixtisası üzrə ekskursiyalar şəklində keçir. Məsələn AMEA-nın “Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda” akademik Ziya Bünyadovun kabinetinə dərs xarakterli ekskursiya təşkil etdik və onun Şərqşünaslıq sahəsindəki fəaliyyətini öyrəndik.

 

  • Bax, maraqlıdır ki, incəsənətə daha çox meylin olduğu halda, necə oldu İlahiyyat fakültəsini seçməyə qərar verdin?
  • Mənim o fakültə haqqında ilk təsəvvürüm qonşunun oğlunun orada oxuması olmuşdu. İkinci sinfidə oxuyarkən fikirləşirdim ki, böyüyəndə arxeoloq olacam və Misirə gedb ehramlarda qazıntı işləri aparacam. Evdə də Misirin tarixi, fironlar haqqında şəkillər, məlumatlar yığırdım, indiyə kimi saxlamışam. Misirə getmək üçün də ilk yol keçirdi ərəb dilini öyrənməkdən. Buna görə də valideynlər qərara aldı ki, mən 8 yaşımdan gedim mədrəsədə ərəb dili təhsili alım. Mədrəsəni yaxşı qiymətlərlə bitirdim, sonra orta məktəbdə 11-ci sinifdən bakalavr təhsiliüçün imtahan verdim. 145 ixtisas seçə bilərdim, amma mən 5 ixtisas seçdim: Onlardan ikisi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ödənişli və dövlət hesabına olmaqla “Ərəb dili və ədəbiyyatı”, ikisi də İlahiyyat fakültəsində ödənişli və dövlət olmaq üzrə Dinşünaslıq ixtisası idi. 15 ixtisasdan yalnız 4-nü seçdiyimə bir az utandım deyə, həmin universitetin Beynəlxalq Müasibətlər fakültəsinin ödənişli bölməsini qyed etdim. Və imtahan nəticələri açıqlananda, mən artıq Dinünaslıq ixtisasının dövlət hesabına olan bölməsinin tələbəsi adını qazanmışdım. Mədrəsə təhsili almışdım deyə, dərslərin  akademik səviyyədə keçirilməsi çox cəlbedici görünürdü. Bizim dövrümüzdə biz dini musiqi növlərinə qədər dərs alırdıq. Bəlkə də yüksək tədrisin nəticəsi idi ki, məndə dinlər tarixinə aşırı maraq yaratdı. Bunda yerli dilçi müəllimlərin və Türkiyədən dəvət olunmuş ixtisas müəllimlərinin də əvəzedilməz rolu oldu.

 

  • Bəs neçə ildir ictimai fəaliyyətə başlamısan? Neçə ildir ki, qərar vermisən ki, mən ictimayyət üçün faydalı bir şəxs olacam?
  • Artıq 10 ildən çoxdur ki, ictimai fəaliyyətlə məşğul oluram. İctimayi fəaliyyətə məni bir dostum cəlb edib,özümü ona borclu sayıram. Bu sosial işçi Tamerlan Rəcəbovdur. İkinci kursda oxuyurdum, məndən soruşdu ki, “ayrı nə ilə məşğul olursan“, dedim, “elə bir məşğuliyyətim yoxdur, dərs-ev arası bir məsafəni həftədə beş dəfə gedib gəlirəm. Uşaq vaxtı mədrəsəyə getmişəm, indi də ilahiyyat fakültəsində təhsil alıram”. O zaman o məndən soruşmuşdu ki, əlavə bir işlə məğul olmaq istəyərsən? Mən etiraz etməmişdim. Nə bacardığımı soruşanda ərəb dili öyrədə biləcəyimi bildirmişdim. Və mən əlimdə olan bu bacarıqla onun vasitəsilə“Ümid yeri” reabilitasiya mərkəzində kimsəsiz uşaqlara dərs keçməyə başladım. Mənim o vaxta qədər uşaq evləri haqqında heç bir təsəvvürüm yox idi.  Bu mərkəzdə əsasən tərk edilmiş uşaqlar, küçə həyatına məruz qalan uşaqlar var idi. Uşaqlara ilk dəfə deyəndə ki, sizə ərəb dili dərsi keçəcəm, dərsimə çoxlu uşaq qoşuldu və hamısı yerdə bardaş qurub oturdular. Mən də başladım dərs keçməyə, əlif hərifindən başladım, hərfi çəkən kimi uşaqlardan biri başladı ki, aaa çubuğa oxşayır və hamı başladı həvəslə öyrənməyə. Daha sonra isə hər dərsdə uşaqlar başladılar azalmağa. Təxminən 20 dərsə kimi gəldilər onlara maraqlı idi, amma sonra dil çətinləşəndə cəmi 5 uşaq qaldı. Amma dərs vaxtı maraqlı hadisələr baş verirdi. Uşaqlar öz aralarında mübahisə salırdılar, sözləşirdilər. Dərslərdə ən maraqlı hadisələr ərəb dilindən dilimizə keçən sözləri keçəndə baş verirdi. Bir dəfə uşaqlar arasında mübahisə düşdü, biri o biri yoldaşına dedi ki, sənin anan meymuna oxşayır. Aralarında dava düşdü, güclə ayırdım, bir təpik də mənə dəydi.  Təpiyin ağrısı bir tərəfdən, dava o biri tərəfdən. Uşaqları bir təhər sakitləşdirib dedim ki, meymun bilirsiniz nə deməkdir?! “Məymunun” ərəb dilindən tərcümədə xoşbəxt deməkdir. Bu kəlimə, bu izah aranı bir az sakitləşdirdi, sonra isə ikisi də gülə-gülə oturub dərsə davam etdilər.
  • Aynur, bəzən mən səni ümumiyyətlə, heç bir problemi olmayan şəxs kimi təsəvvür edirəm. Bu doğrudanmı belədir, yoxsa yox?
  • Uşaq evində işləyənə qədər  çətinliklər mənim üçün problem deyildi.Amma 20 yaşda ki, başlayırsan çətinlikləri özün üçün problemə çevirməyə, o zaman onlar şişir, böyüyür və ağırlıqları ilə səni əzməyə başlayır. Uşaq evində işləyərkən  anladım ki, dostum mənə problemlərin öhdəsindən gəlməyin yolunu göstərib. İnsan həyatındakı problemin başlanğıcını  görəndə, onu dərk edə biləndə bu zaman öz problemini əzə bilir. Amma uşaqlar problemləri dərk etmədikləri üçün problemlərin altında əzilirlər. Ona görə də problemli insanlar kimi çıxırlarcəmiyyətə. Sonralar da çətinlikləri olan uşaqlarla işləyə-işləyə görürdüm ki, əslində, bir az səbrlə məsələlərə yanaşmağı bacarsan, maneə özü buxarlanıb yox olur. Ona görə də indi mən öz problemlərimi kiçik görə bilirəm, o da mənə güc verir. Daxilimdə enerji yaradır. Və mən bu gücümü faydalı bir işə sərf etməsəm, düşünürəm ki, içimdə nəsə partlayış baş verər.

 

  • Bəs Aynur, bütün bu gedişatda, sənin fəaliyyət mərhələlərində ailən sənə necə dəstək verirdi? Yanında olurdularmı?
  • Mənim atam idmançı təbiətli bir adamdır. Yay, qış dənizdə çimir. Biz dəniz sahilində yaşayırıq. Atam hərəkətsizliyin əleyhinə olub həmişə. Biz isti otaqda çox oturanda gəlib deyirdi ki, çıxın bir az hava alın, nə var oturmusunuz otaqda. Anam da tarix müəllimi olduğu üçün fəal qadındır. Onun şagirdləri ilə işləməkdə xüsusi metodu var. Tarixi dərsini təkcə sinif otağında keçmir, bir də görürsən iki sinif uşağı götürüb getdi hansısa tarixi muzeylərə. Bu həm də çox yaxşı metodologiya idi ki, kənd yerində yaşayan uşaqlar artıq Bakının mərkəzindəki tarixi yerləri görür, tanıyırdılar. Göründüyü kimi, valideynlərimin ikisi də fəal həyat tərzinin tərəfdarı olduqlarına görə bizə hərəkətli seçimlərimizdə heç vaxt mane olmayıblar. Bir çox yeniyetmələrdə olduğu kimi valideynlə övlad arası mübahisələr, düzdür, bizdə də baş verib. Xüsusilə, ictimai fəaliyyətlər zamanı, bəzən çox gec qayıtmalı olurdum evə. Onda onların narahatlığını görürdüm. Əvvəllər bu məni qıcıqlandırırdısa da, sonralar anladım ki,  bu, adi valideyn münasibətidir. Övladı qoruma istəyi, təhlükələrdən uzaq tutmaqdır. Bəzən danlaq alırdım, bəzən məsləhət verirdilər. Yeniyetmə olanda bir az dikbaş olursan. Hər söz boğazdan keçmir, belə deyək. Mən əslində indi onların hər ikisinə o qədər borcluyam ki,  mənim bəzən gözüm  bağlı olanda onlar gerçəkliyi  görə biliblər, övladlarını xöşagəlməzliklərdən qorumağa çalışıblar.

 

  • Aynur, neçə ildir fəaliyyətdəsən hədəflədiyin yerə çatmısanmı? Və ya indi olduğun yer səni qane edirdmi?
  • Mən əslində özümü çox xoşbəxt hiss edirəm ki, nəyi arzulayıramsa ona çatıram. İnanıram ki, müsbəti arzulayanda müsbət, mənfini düşünəndə mənfi bizi gəlib tapır. Problemlər olur, maddi sıxıntılar öz çətinliyini yaradır. Bunların öhdəsindən gəlmək üçün sənin çevrən olmalıdır. Sosial çevrənin, dost-tanışının, xüsusilə, sənə dəstək olan ailənin olması çox önəmlidir. Əlbəttə, məni indiki kimliyim, yerim qane etmir. Mən  böyümək istəyirəm. Bunun üçün çalışmaq və çox çalışmaq lazımdır. Bir də münbit mühit olmalıdır. Bax, bu, əsas problemdir. Özü də tək mənim yox, ictimai problemdir.
  • Çox sağol Aynur maraqlı fikirlərin üçün. Son olaraq  `Yeni Nəsil Qadın Koalisiyası`nın koordinatoru olaraq gənc xanımlara nə məsləhət verərsən?
  • Dörd divar arasında qalmaq olmaz. Cəmiyyətə çıxmaq lazımdır. Cəmiyyətdə  eşidilmək üçün daima mütaliə etmək lazımdır. Mütaliə insan beynini daima tumurcuqlaşdırır. Sonra çoxlu gəzmək, öyrənmək, maraqlanmaqlazımdır. Sosial şəbəkələrdən düzgün və faydalı istifadə etmək lazımdır. Bu vasitəilə, təlimlər, mədəni tədbirlər, ictimai proseslər daha əlçatım olur. Bunlarla bərabər özünə çevrə yaratmaq vacibdir. Hər şeydən öncə isə təhsil almaq, təcrübə toplamaq, həyatı mənalandırmaq lazımdır. Həyat bilgiləri onun üçündür ki, sən onları digərləri ilə paylaşasan. Mən öz həyat tərzimdən narazı deyiləm. Həmyaşıdrlarıma və yeniyetmələrə də demək istəyirəm ki, yeniliklıərdən qorxmasınlar. Qorxularının üstünə getsinlər. Düşünə bilərlər ki, qorxularının üstünə getsələr itki verə bilərlər. Ola bilər, amma ondan da qorxmasınlar, getsinlər qorxularının üstünə. Əslində qorxusununun üstünə gedən insan  ətrafını itirmir,sadəcə, ətrafından fərqlənir. Və fərqlilik özü insanı fərdiləşdirən bir xüsusiyyətdir.

 

Müsahibəni aldı: AGASİM “Yeni Nəsil Qadınlar Koalisiyası” layihəsinin iştirakçısı Səadət Abdullazadə 

Xudaferin.eu

12:00