Aydınlığın böyük Camalı

Bir şair tanıyırıdım Camal Yusifzadə adında. Bir ssenarist tanıyırdım Camal Yusifzadə adında. Bir böyük ziyalı tanıyırdım Camal Yusifzadə adında. Səssiz, səmirsiz bir tale yaşadı. Ən adi qarışqanı belə tapdalamazdı. Nə həyatda, nə də sənətdə öz eqosuna qapılıb iddialarını sərgiləmədi. Kiminsə “kaprizləri”nin aulədiçisinə çevrilib “ədəbi qruplaşmalar”da bulunmadı. Elə bil əsil peşəkar dənizçi idi. Ləngərli, fırtınalı dənizdə öz gəmisi ilə necə üzməyi, yol getməyi çox yaxşı bilirdi. Şeirlərində, publisistikasında, nə də yazdığı ssenarilərində kimsəyə bənzəmədi. Yaşıdları və özündən sonra sənətə gələn bütün ədəbi nəsillərlə çox asanlıqla anlaşmağı bacarırdı. Hətta bütün yönlərdə yazan qələmdaşlarına sayğılı bir insan idi. Sevə-sevə özündən qat-qat kiçik olan şairləri çox və sakit və səssizcə dinləyərdi. Kimsəyə ağıl verməzdi, hətta yol da göstərməzdi. Sadəcə öz düşüncələrini bölüşərdi. Elə bu bölüşmələr qarşısında kimin olmasına baxmayaraq, onunla dərdləşməyi tərcih edərdi. Dostları çox idi. Onların arasında sadəcə şairlər və yazıçılar deyil, rəssamlar, xalçaçılar, memarlar, heykəltaraşlar, bəstəçilər, xanandələr, musiqiçilər, kimlər yox idi?.. Sanki səbrli olmanın ən böyük dağı idi. Həyatı boyu ucuz şöhrətin, ad-sanın ardınca qaçmadı. “Orden və medal xəstəliyi”nə tutulmuş həmkarlarını belə, səssizcə kənardan müşahidə edərək yaşadı. Onun dərdi içində və ruhunda idi. Hətta dərdlərini çox xəsisliklə paylaşardı. Bir dəfə ondan bunun sirrini soruşmağa cəhd etdim. Xarakterinə uyğun sakit səslə belə dedi: “Kim hay-küylə dərdini anladırsa, o çox qorxulu tipdir. Öz eqosuna qapılaraq, boyundan uca görünmək istəyir və buna nail ola bilməyəndə gəlib bütün dərd-sərini başqasının üstünə tökür. Elə bil öz mənfi enerjisini və onun ağırlığını üstünə yükləyərək yoluna davam edir. Onlar təhlükəli insanlardırlar. Hər an istənilən insanı, dostunu, ən yaxınını belə, uf demədən satar. Ona görə də bu tip insanları səssizcə dinləyib, yola salmaq lazımdır”  

Ona Camal Bəy deyə xitab edərdim. O da bunu razılıqla qarşılayardı. Əslən Lənkəranlı olduğu üçün, oranın “Böyük Qala” və “Kiçik Qala” anlayışını ilk dəfə Camal Bəy mənə izah etmişdi. İxtisasca tarixçi olduğu üçün, ölkəmizin hər bölgəsinin tarixi, etnoqrafiyası və özəlliklərini əzbərdən bilirdi. Ancaq, bunları heç bir zaman dilinə gətirməzdi. Camal Bəy Azərbaycanın ortaq harmoniyasının düzəninə köklənmiş mədəniyyət anlamı ilə hərəkət etməyi sevərdi. Bölgələr arasında uzlaşım və paylaşım hədəflərinə uyumlu yolun böyük yolçusu idi. Demək olar həyatının çoxunu “AZ TV”nin “Telefilm Yaradıcılıq Birlyi”ndə keçirdi. Baş redaktor kimi onlarla filmlərə ömür verdi. İstedadına və tutduğu vəzifəsinə görə heç bir zaman “təkəl” (monopoliya) siyasətini yürütmədi. Burada yeni ssenaristlər nəslinin yetişməsinə könül candan dəstək etdi.
Camal Bəy 75 yaşında dünyasını dəyişdi. Bir yay günündə anadan olsa da, bir qış günündə bu dünyadan köçüb getdi. Çağdaş Azərbaycan dramaturgiyasının ən böyük siması ola bilərdi. Min dəfələrlə təəssüflər olsun ki, “ədəbi təkəl”çilik siyasətinin qurbanı olan bu istedadlı insan dramaturq kimi parlaya bilmədi. Teatr və kinonu mükəmməl bilən, ədəbi-estetik təhlilini və yorumunu peşəkarcasına incələməyi bacaran Camal Bəy çoxlarına yol açsa da, ona sənətdə və həyatda badalaq vurmaq istəyənlər də çox oldu. "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulmuşdur. “Lənkəran nəğməsi” (1970), “Atlılar, qanadlılar” (1975), “Yol içində milyon seçdik” (1980), “Payızdan gələnlər” (1983), “Ümiddən keçən yol” (1988), “Küləyi döymək olmaz”  (1993) adlı şeir kitabları dərc olundu. Bu kitabların heç biri 140 səhifədən yuxarı olmadı. Özü bunu belə izah edərdi: “Canım, beş yüz səhifəlik şeir kitabı olar?... Şeir bir ruhdur. Onu özgəsi oxuyursa, kitab balaca olmalıdır. Elə tarixə baxın. Cüng adlandırdığımız kitablar da çox balaca və bir cibə yerləşən tutumda olmuşlar”. Camal Bəyin yaradıcılığının bir qismi də Azərbaycanın ünlü sənət adamlarının və şair-yazıçılarının taleyinə sənədli-bədii filmlərə ömür vermək olub. Onun filmoqrafiyası da bunu sübut edir. “Xan Sarayı” (1993), “Tənha ruh” (1998), “Məhəbbətin hokum” (1998), “Sənsiz (1998), “Mirvarid” (1998), “Zirvədən boylanan Xınalıq” (1999), “Yay yağışları” (1999), “Son zəng” (1999), “Maraqlı adamlar” (1999), “Kəngərlilər” (1999), “Əzizə Cəfərzadə” (1999), “Həsən Əbluc” (1999), “Çinarlı şəhərin generalları. Birinci film (1999), “Dönüş” (1999), “Xalq rəssamı Kamil Əliyev. İlmələrdə yaşayan ömür (1999), “Firəngiz Əlizadə. Lüsern-99” (1999), “Şirin bulbul” (2000), “Ayna” (2000), “Dədəgünəş” (2000), Dədə Qorqud axtarışında” (2000), Rəhilə Həsənova (film, 2000), “Azərbaycan çinisi” (2000), “Küyçü Həmid” (2000), “İşıq” (2000), “Hər şey olduğu kimi. Əminə Dilbazi” (2000), “Zaqatala qoruğu” (2001), “Ana duasından başlanan yol” (2001), “Bakı SOS Uşaq Kəndi” (2001), “Atəşgah” (2001), “Başmaq” (2001), “Bir ocağın nuru” (2001), “Mirzə Babayev” (2001), “Şuşa” (2001), “Əliməmməd dayı” (2001), “Dan ulduzu, tale ulduzu” (2001), “Daşları dindirən alim” (2001), “Müsafir” (2001), “Qabil” (2001), “Musiqişünas” (2001), “Ömrün yuxuları” (2001), “Ömürdən qalan izlər” (2001), “Qax abidələri” (2001), “Şahmat nağılı” (2001), “Tanrıya tapınan Kiş” (2001), “Çiçi xalçaları” (2002), “Azərbaycan üzümü” (2002), “Əsrin şahidi” (2002), “Şəkidə toy” (2002), “Səsin Məcnunu” (2002), “Aşıq Məhəmməd Sadaxlı” (2003), “Azərbaycan çayı” (2003), “Əkrəm Əylisli. İşıq həsrəti” (2003), “Zəli” (2003), “Mötəbər insanlarımız” (2003), “Qara Qarayev” (2003), “Tarixin şahidləri” (2003), “Girdiman” (2003), “Molokanlar. Saf ruh” (2004), “Lahıc” (2004), “Teatr” (2004), “Yeraltı şəhərin izi ilə” (2004), “Abşeron lövhələri” (2004),  “Əzvay” (2005), “Bizim qəribə taleyimiz” (2005), “İlisu” (2006), “Yorulmamışam. Rövşən Behcət” (2007), “Aşiqlər” (2008), “Aqşin Əlizadə” (2011),  “Rauf Kazımovski” (2012 ), “Zamanın abidəsi” (2012, M.Hadi haqqında), “Fizuli rindu şeydadı” (2013 ), “Gəl sevək bu həyatı...” (2013, İslam Səfərli haqqında), “Kim məni xatırlasa” (2014, N. Xəzri haqqında), “Müqtədir ədib” (2015, S.S. Axundov haqqında), “Ömrün yuxuları” (2014, C.Məmmədquluzadə haqqında), “Gələcəyə gedən yolda” (2015, Qılman İlkin haqqında) və başqa filmləri onun yaradıcılığının canlı səlnaməsidir.
Camal Bəy ədəbiyyatda və sənətdə Azərbaycan mədəniyyətinin böyük bir parçasıdır. O, bunu keçdiyi yaradıcılıq yolu ilə də təsdiq edib. O, bir şəxsiyyət kimi, yaradıcı insan kimi daim üçüncü yolun insanı oldu. Bu, cəmiyyətdə ümummilli anlamların yoludur. Əslində bu hamının ehtiyac duyduğu bir yoldur. Zamanın enerjisni sənətə çevirmək, onun bədii özəlliyini sənətlə ifadə etmək çox çətin bir yol olsa da, Camal Bəy bu yolu yaşadı. Hər kəsə bir örnək ola biləcək bir yol.
Məkanın cənnətlik olsun Camal Bəy. Ədəbi irsin və yaradıcılığın səndən sonra da örnək olaraq yaşayacaq. Dünya durduqca, 1960-2017-ci illər aralığındakı Azərbaycan ədəbi düşüncə tərzinin estetik duyumlarının sırasında Camal Bəyin özünə məxsus imzası da beləcə anılacaq. Bu nəfəs sənindir. Kimsəyə bənzəməz. Bəzən onu həm şəxsiyyət kimi, həm də şair olaraq Əli Kərimə bənzədirdim. Məncə ədəbiyyatla və onun estetik duyumu ilə ilgilənən istənilən şəxs də bunu sebut edə bilər. Özünü sübuta ehtiyacı olmayan Camal Bəy belə bir şəxsiyyət və sənətkar idi.  
 

Ənvər BÖRÜSOY

 

XOŞBƏXTLİK
 

Mənim xoşbəxtliklə

Nə işim var ki?

O öz dünyasında,

Öz aləmində -

Əlləri upuzun, gözləri xumar,

Təmtaraq, çal - çağır,

Çılpaq ehtiras!..

Mənim bu sarıdan bəxtim gətirib -

Mənimki kəmdi.

Özgə havasına,

Qan bahasına büsat quranın

Sevinci nəmdi,

Vicdani dəmdi!

Kədərli olsa da, ağır olsa da,

Mənə kədərimin,

Ümidlərimin külü qalacaq!..

Xoşbəxtlik əbədi olmayır ancaq.

 

DÜNYAYA QORXUNUN GÖZÜYLƏ BAXMA
 

Vaqif Səmədoğluna

Dünya bir pəncərədi-

Baxsan da, baxmasan da.

Çay axır, vaxt aparır

Axsan da, axmasan da-

Dünyaya qorxunun gözüylə baxma!

Dünyaya qorxunun gözüylə baxma

Dərin olmaz,

Sərin olmaz,

Yarin olmaz qara ağac kölgəsi!

Qara daş,

Qara qum,

Duz göyərəndə,

Çiynində qanadlı mələk görəndə

Dünyaya qorxunun gözüylə baxma

Ruhun həbsdəsə,

Kədər xəstəsə,

Bəd xəbər kəssə-

Dünyaya qorxunun gözüylə baxma

Nə mən arzunun sonuyam,

Nə sən sevdanın ilki.

Dünyaya qorxunun gözüylə baxma-

Dünyaya özümüz gəlməmişik ki!

Dünyaya qorxunun gözüylə baxma-

Ya qul olacaqsan,

Ya da ki quldar.

Beş günlük dünyanın felinə uyma.

Qani laxtalanmış azadlıq da var.

Sevən sevilmirsə,

Bəxtin kəmdirsə,

Sarı sarı deyil,

Yaşıl nəmdirsə,

Qürub qanqırmizi batan qəmdirsə-

Dünyaya qorxunun gözüylə baxma!

İçində izin azalsa,

Dizində dözüm azalsa,

Tanrıdan izin azalsa,

Dünyaya qorxunun gözüylə baxma.

Gec tapdım,

Tez itirdin?

Atam oğlu , fərq eləməz!

Nə isə tapılmalı,

Nə isə itməlidi-

Əzəli bir kələkdi;

Nə vaxtsa ötməlidi.

Qanadlı şəlaləyə,

Al badə lalələrə,

Zeytun gözlü dənizə,

Gümüşü balıqlara,

Kül altında közərən

Müqəddəs eşqə görə,

Zərli kəpənəklərə,

Kəhkəşanlı göylərə,

Allı –güllü payıza,

Quşbaşı qara görə

Dünyaya qorxunun gözüylə baxma!

Milçəkdən fil düzəlsə,

Fahişələr mələyə,

İblislır bütə dönsə-

Qorxunun gözüylə dünyaya baxma!

Eh nə isə

Eh, nə qəm

Ölüm haqsa qəmin kəm-

Dünyaya qorxunun gözüylə baxma.

 

AILƏ PORTRETİ -37
 

Qulaq as,şəkil çəkən,

Mənə bir portret çək-

Bir ailənin şəklini.

Elə çək,elə çək ki,

O qocanın,qarının,

O oğlanın-"gəlinin",

O biçarə uşağın görünməsin qəhəri -

İçindəki göz yaşı;

Ağlamaq qadağandı!

Qadağandı,

Yasaqdı!

Yasaqdı,

Qadağandı!

(aman ALLAH,bu ki,qandı!?)

Ağlamaq qadağandı!

Qulaq as,şəkil çəkən,

O qocanın belini,

O qarının əlini,

O oğlanın dilini,

O gəlinin dərdini,

Ouşağın birini -

(Ölüsü ölüdü ta),

Sısqasını,dirini.

Gözülü bağlı,baxmadan

Al qırmızı rənglə çək.

YAşıl-maşıl qatma ha!?

Onsuzda o qocanın,

O qarının, gəlinin,

O oğlanın-"dəlinin"

O biçarə uşağın səsi çatmır ALLAHA!...

Ora bax !?

Ora baxın !?

Öldürün o uşağı!

Öldürün o uşağı!!-

Kipriyində göz yaşı,

İçində baş daşı var!

Öldürün o uşağı-

Ağlasa-ağlar qalar! -

O bir damla göz yaşı

Dünyamızı isladar!

 

KEÇMİŞDƏN QORXAN ADAM
 

Hər möminin keçmişi var,

Hər qatilin cəzası!..

Ağır olur,

Soyuq olur

İtən günün qəzası!..

Keçmişindən qorxan adam

Gələcəyə gedən yolda ölürdü,

Dirəmişdi kürəyini palıda,

Gözlərini buluda,

Önündə xəyalları.

Becərməyə torpağı yox,

Uyumağa koması,

Bağlamağa qapısı,

Ayrılmağa kölgəsi!

Yüyürəsi düzü yox,

Baş qoymağa dizi yox!

Kimdi ona ağlayan? –

İslanmayan dərdi çox!

Bu dünyada sevilməsi – sevmədi,

Cəhənnəmdə inanmakı sevilə!

Rəhmin gəlsin, İlahi,

Qanadlı bir mələk göndər

Gözlərini qapasın,

Kilidləsin qapısın!..

Alnı səcdəyə,

Ruhu vidaya gəlməyən adam

İnanmırdı nə mələyə, nə cinə,

Keçmişindən qorxa-qorxa,

Çiçəkləri navalanmış payızda

çəkilirdi içinə!

Bilirdi ki, vəssalam;

Sabah gələn gələcək

Ta sabah gəlməyəcək!

PAYIZ XƏSTƏLİYİ
 

Məhəbbət böyük dərdmiş -

közərərmiş

Ayrılıq araya düşəndə.

Pişik gözlərinin qarası kimi

gecələr böyüyərmiş,

Səsi varmış,

Sözü varmış,

Od qoymağa

Közü varmış!

Tənhalığı xoşlayırmış,

Məhəbbət böyük dərdmiş.

Payıza bənzəyirmiş -

sapsarı yarpaqları,

bulanıq buludları,

uzun-uzun yolları...

PAYIZIM OY, QIŞIM OY

(Əhməd Oğuza)

 

Payızın başı üstdən

Birər-birər qar gəlir;

Payızım oy, qışım oy.

İndi bilirəm ki, nə itirmişəm;

Birər-birər günlərim;

Birər-birər yaşım oy.

Göy üzündən

Yer üzünə qar gəlir,

Kişilikdən danışmaq

Yaman mənə ar gəlir.

Ümidi vağam olan

Torpağım oy, daşım oy!

Ovcumun arasında

Havalanmış başım oy.

Düzü-dünya ələnibdi ağappaq;

Meşəsi ağ,

Baxçası ağ, dağı ağ;

Dağım, bağım, qarım oy.

Nə yaxşı ki, sifarişlə ələnmir,

Yağır, yağır, yağır oy,

Yağır, yağır özbaşına;

Ayının yuxusuna,

İgidin qorxusuna,

Alçağın baş daşına;

Namərdim oy, mərdim oy!

Hələ məni gözləyən

Diri gözlü dərdim oy.

Varlığım qara təşnə,

Ardıc gözlü ocağım,

Çörək dolu tabağım,

Eşq havalı otağım;

Ocağım oy, eşqim oy.

Laxtalanmış bəxtim oy.

Dostların başı üstə

Qaldırılan taxım oy.

Payızın başı üstdən

Birər-birər qar gəlir...

Niyə belə soyuqdu?

Vətən mənə dar gəlir!

Vətən mənə dar gəlir.

ATAMIN KÖLGƏSİ

Atamın kölgəsi evimizdə imiş.

Gün düşdü üstünə

üzünü gördüm

Sildim üz-gözünü, toz-torpağını,

Taxçada, boxçada izini gördüm.

Tanrı qismətindən

payı var imiş;

İlahi gülüşün

gözünü gördüm!

Kölgəsi yamanca kədərli idi, -

Həm nəmdi, həm ilıq,

qırış-qırışdı.

Atamın kölgəsi qocalmamışdı.

Atamın kölgəsi evimizdə imiş, -

Baxdım kölgəsinə -

özümü gördüm,

Adana axşamı

müqəddəs gecə

Anam yemək çəkib sağına qoydu -

Sağında atamın dizini gördüm...

Ölüləri içinizdə dəfn edin! -

İçinizdə baş daşı yox, qəbir yox,

İçinizdə heç vaxt,

Heç kim itməyəcək!

Ölüləri ruhunuza dəfn edin -

Kölgələri mütləq evə gələcək!

Döyülməyib ölən qapı

KÖHNƏ QAPIMIZA AĞI
 

Bu üzündən döyəni yox,

O üzündən açanı.

Zaman qoymur

O üzündən bu üzünə keçəni.

O üzündə bir ev qaldı -

iki göz.

Beşcə körpə - tifil qaldı -

diri göz.

Nağılları qıpqırmızı,

Yağışları upuzun.

Sapsarıydı payızı.

Qış gecəsi -

yuxusuzdu ən azı...

Döyülməyib ölən qapı,

Kürəyini dirəyiblər divara;

Nəm zirzəmi,

Soyuq divar,

Ölü vaxt!

Bu üzündə dəli həsrət,

O üzündə yaşıl bəxt..

Mən hələ dəli deyiləm,

Dirisən sən də hələ,

Yazıq-yazıq baxma belə...

Hələ bir az ümidlisən deyəsən?!

(Qapıları mütləq gərək döyəsən)

Üzünü sürt üzümə -

Göz yaşım seldi - qurut.

Zaman qəvi -

uluyur qurd!

Ver əlini -

Havalanıb çiçəklər,

Meşəsindən qaçan ağac

Yuxusunda çiçəklər.

RƏNGLİ DUYĞULAR

Səmada quşların izin görürəm -

açıq mavi qanadlar,

açıq mavi səmada.

Zeytun gözlü dəryada

Zeytun gözlü balığın yuxusunu görürəm

Zeytun rəngli yuxusu,

çilik-çilik qorxusu.

Yazda havalanan dəmir ağac

Payızda heyrətlə dibinə baxır -

Yaşıl yarpağıyla xəzəlin sayı -

Əbcəd hesabı düz gəlmir axı!

(Görünüşüm yaz biçimdə,

Xışıl-xışıl xəzəl yatır içimdə)

Duman seyrələndə,

qar ələnəndə

Üfüqə dirənən bir yol görürəm -

ağappaq, kimsəsiz,

tənha bir cığır...

Gözlə görünməyən rəngli duyğular,

Havadan payız ətri,

Qabaqdan da qış gəlir...

Qoymayın dünyamı adiləşməyə!

TANRIYA SÖZÜMÜZ VAR

"Sındırmaga qozumuz,

Cırmağa bezimiz var"!

Yalamağa duzumuz,

Öpməyə dizimiz var!

 

Sevişməyə gözümüz,

Yandırmağa közümüz,

Üfüqlərdə izimiz,

Ruh kimi üzümüz var!
 

Səhra sonsuz və susuz,

Mən gedirəm, sən də gəl!

Tanrıya sözümüz var,

Tanrıya sözümüz var!

Xudaferin.eu

15:01