Aydın Səfixanlı: İşğal olunmuş ərazilərimizdəki mədəni irsin terrorizmdən qorunmasına yardım göstərilməlidir

 

Tarixi şəhərlərin, abidələrin təbiətin və zamanın dağıdıcı qüvvələrindən qorunması vəzifəsini daşıyan, humanitar yardım missiyasını yerinə yetirən beynəlxalq təşkilatlar bu gün Azərbaycanın işğal olunmuş ərazilərindəki zəngin mədəni irsinin erməni terrorizmindən qorunması üçün yardım göstərməli və bu vəhşiliyə hüquqi qiymət verilməlidir. Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
 

A.Səfixanlı qeyd edib ki, bəşər sivilizasiyasına məxsus tarixi-mədəniyyət abidələrinin bərpası və qorunması sahəsində Azərbaycanın gördüyü işlər digər dövlətlərə nümunə olmalı və Azərbaycanın işğal altında olan torpaqlarında törədilən erməni vandalizminə biganə qalınmamalıdır: “Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Ölkəmizdə dünya və Şərq memarlığının ən gözəl incilərindən olan tarixi abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır, onların mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Bütün bunlar Azərbaycanın dünya tarixi-mədəni dəyərlərinə verdiyi önəmin göstəricisi olmaqla, digər dövlətlər üçün də bir nümunədir. Təəssüflə qeyd etmək istərdim ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada dünya mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb məhv edilir. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir və buna dünya dövlətləri biganə qalmamalıdır”.

A.Səfixanlı qeyd edib ki, erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq, ermənilər tarixi abidələrimizi, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi isə saxtalaşdırırlar: “Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, “Sərdar sarayı” adlı kompleks də var. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib”.

TREND IA

09:28