AY SABİR, VAY SABİR...

(felyeton)

 

(Mirzə Ələkbər Sabirin əziz ruhuna)
 

A kişilər, "a sizin qadınızı alim",–desəm, inanmayın. Amma görün nə tapmışam!?

Hansısa, özünü ədib sayan birisi baxın, görün nə yazıb:

– "... Quş kimi göydə uçar yerdəki̇rlər,

Bizi gömmüş yerə minbərdəkilər ..."

İnanın ki, oxuyan kimi cin vurdu təpəmə...

Bu sözləri ki, qulluğunuza mən ərz elədim deyə, birdən elə zənni-güman edərsiniz ki, bu biədəb zəka istemalı olan həmən beyt və ya iki misra olan söz yığını mənim almaz qədər dəyərli beynimin ifrazatına aid məhsuldur ha... Əttövbə.

Yeddi arxa dönənlərimin arxası, dayağı olan, altı illik nəzir-niyazdan sonra mənim doğulub mübarək qədəmlərimi bu dünyaya basmağımın baiskarı olan müqəddəs Cındır pirinə and olsun ki, yox!

O Əlinin qəzəb oğlu Əbülfəzl Abbas haqqı bunlar mənim kəlmeyi-düşüncələrim deyil, ola da bilməz!

Əmma ki, araşdırmalarım nəticəsində bu ləfzləri yazanın kimsənəliyini müəyyəni-aşikar eləmişəm ki, əlbəəlcə ərz eləyim qulluğunuza, siz də xatircəm olun. Mənim də uca yaradanın hüzurunda səvabım günahlarımı üstələsin, inşallah ki, bəlkəm kövrək qəlbim rahatçılıq tapa...

Bir nadürüst mirzə var idi ha, təxminən yüz il bundan əqdəm Şamaxıda sabun bişirib, satıb, külfətini dolandırmaqla məşğul olardı... Ələkbər Tahirzadəni deyirəm. Ömrü boyu ora-burasını tutub xəstə gəzən... Cəmaəti-milliyə hər zaman rişxənd eləyib, fəhlələri insan yerinə qoymayan, millətin nə cür tarac olmağına qapı kilidinin dəliyindən baxan naxələf... Mən bilən o qələmi qırılmış yazıb!

Sizi and verirəm qurani-kərimə, heç mən öz həmşərilərimə qənşər bu cürə biədəb, nalayiq ləfzləri işlədənə bənzəyirəmmi?!

Axı mənim öz milli dinimizə və milli dindarlarımıza, ümumiyyətlə hər növdən olan "milli"mizə yerdən göyə qədər hörmətül-izzətim var...

Hərçənd ki, mənim "göy" kəlməsindən zindeyi-zəhləm gedir. Nədən ki, bu tümbətün Sabir "göy" ləfzini necə yerində işlədibsə, bəni adəmin yeddi qatından keçir...

Amma siz heç darıxmayın, inşaallah ki, gün gələr, öz vətənimizdə o gədanın rişxəndlə dediyi "əcnəbilərin gəzdiyi balonlar" icad olunar. Mən də o milli balonumuza minərəm, qalxaram "əcnəbilərin gəzdiyi göy"ün yeddinci qatına ... O zaman göyün yeddinci qatında başımı balonun haquşqasından çıxarıb harda kələm bostanına bənzər bir yer, ya qara-qura ləkələr gördüm, biləcəm ki, günlərdən cümə, minarənin qabağında "yerə gömülənlər" də özümüzünkülərdir. Bax, o zaman göyün yeddinci qatından qiyya çəkib bağıracam. Deyəcəm ki:

– Eheeeyy, dindar həzrətləri...

Siz də cümə namazını yarımçıq saxlayıb, içi qızıldan qiymətli ağılla dolu kəllənizi qalxızıb mənə əl eləyəcəksiniz və deyəcəksiniz:

– Əstəğfürullah, o simurq quşunu minib ordan bizə əl eləyən kimdi görən?!. Xudavəndi-aləm, özün kömək ol!

Mən də xəfifcə təbəssümlənib, dübarə sizə əl yelləyəcəm, sonra deyəcəm:

– M. Ə. Sabirin şər ataraq dediyi "yer" var ha, "minbərin qabağı". Guya ki, bizi "minbərdən etdiyiniz cahil təbliğat nəticəsində yerə gömmüsünüz"...

Bax o "yerdən", indi öz milli balonumuzla qalxdığım bu "göyə" qədər sizə hörmət və sevgim mövcuddur!!.

İnanın milli məclisimizdəki millət vəkillərimizin millət eşqi ilə döyünən saf, milli qəlbinə ki, dürüst söyləyirəm...

İnanın milli idman qulublarımızdakı milli idmançılarımızın birinci qələbədən gələn milli gəlirimizə bərabər gəlirdən qurduqları milli biznesin vətənə gətirdiyi xeyirə ki, söylədiyim həqiqətdir...

İnanın Allah təalanın qənşərində gündə beş dəfə qaldığım namaz zəmanı işlətdiyim milli kəlmələrin hər bir hürufinə ki, dediklərimdə zərrə qədər də yalan, filan yoxdur...

Siz səbrinizi basın, mən bir (çaşıb "su başına çıxım" deyəcəkdim) haşiyə çıxım;

Haşiyə;

Bu bisavad Mirzə Ələkbər Sabirin dediyi "balon" var e, hansı ki, əslində o "təyyarə" demək istəyib.

Amma cahili-mütləq ömrü boyu balonla təyyarəni ayıra bilməyib. İndi mən də onu cırnatmaqdan ötəri ləfzlərimdə "balon" deyirəm...

Yoxsa, mən onun qədər bisavad, zəkadan iraq deyiləm ki, təyyarə ilə xiyar turşusu yığılan, əslən kafir urusların sözü olan "balon"u qarışdıram.

İnşallah ki, cəmi müsəlman bacı-qardaşlarım kimi, ağlım da var, savadım da, hələ axtarsan övrətlərimi çırpmaqdan ötəri, evdə, qapının dalında saxladığım dəyənəyim də var ki, onu da xüsusi olaraq Məşhəd ziyarətinə gedəndə şeyx həzrətləri özü mübarək əlləri ilə nökərinizə peşkəş edibdir...

Heç gör sözdü, sən allah?!

"Quş kimi göydə uçar yerdəkilər,

Bizi gömmüş yerə minbərdəkilər ..."

İnsan gərək nə qədər bisavad, cahil ola ki, öz həmşəriləri haqda bu cür əxlaqı mübarək olmayan, nadürüst ifadələr işlədə.

And ola "ağ qatır" pirinin övlad üzünə həsrət bacı-qardaşlarımıza bəxş etdiyi milli oğul-uşaqların əziz canına ki, bir gün gedib duracam o Sabirdi, nəmənədi, onun qəbri üstündə. Gül camalımı da tuşlayacam o kafərin baş daşı səmtinə... "Fatihə" surəsini də əlimdə yazılı tutacağam, amma onun acığına mübarək dodaqlarımı bir-birindən ayırıb fatihə surəsindən o tümbətünün şərəfinə bir ləfz də oxumayacağam. Boğazımı arıtlayıb onun dostu, otaq yoldaşı C. Məmmədquluzadənin əziz xələf övladı, ömrü boyu şərab istemal eləməklə məşğul olan, allahsız, əyyaş İsgəndər kimi uca səslə deyəcəyəm:

– Adə, ay tümbətün, pəs nooldu!?. Mənim müsəlman bacı-qardaşlarımı atəşi-tənqidə məruz qoymuşdun?! Odu e, sənin bu qara toprağa gömülməyindən heç yüzcə il keçməyib biz artıq başlamışıq avtomobil icad eləməyə.

Noolsun ki, çinli bacı-qardaşlarımızın göndərdiyi hazır hissələri birləşdiririk. Axır ki, həmin hissələri bir-birinə bərkidəndən sonra düzəltdiyimiz nəmənə avtomobilə bənzəyir.

Adı ki, özümüz qoymuşuq. Kimə nə dəxli var?!. İstəsək lap dədəmizin adını qoyarıq.

Sonra deyəcəm ki, adə, ay bimürvət, ölkəmizdəki son dövrlərdəki inkişafı görməmək üçün gərəkdi ki, kor olasan... Ay kor şoğərib...

Hələ bu harasıdı... İnşaallah ki, bu gün avtomobil qayırarıq, heç yüzcə il çəkməz, telefon-mobil istehsal edərik, inşallah. "İcad edərik" demirəm, çünki hələ ki, o qələti eliyəmmərik...

Ay həpənd, sən onu de ki, ismətimiz, abırımız yüz ildən də əvvələ qayıdıb. Şəxsən mən nə övrətlərimin, nə də qızlarımın heç birini, içi boş başlarını bağlamadan (zənən xeylağının başı boş olar da...) evimin bu xanəsindən, o biri xanəsinə qədəm qoymasına izn vermənəm...

Gədələrim mal-davar otarır, qızlar ev işi, yamaq-yumaq tikişi, biş-düşlə məşğul olurlar.

Evimə qəfil mehman gəldimi, ismətimin bolluğundan yorğan-döşəyi verirəm övrətin qoltuğuna, yollayıram dədəsinin xarabasına.

Soruş, niyə?

Ona qörə ki, gecə yuxusu ki, var adama düşməndir.

Qəfil yuxu məni alar ağuşuna, mehman köpəyoğlu övrətimə sataşar.

Bir də ki, müsəlman gərək gündüzləri yatıb gecələr çapıb taladığını talaya, boş vədələrində də Allah təaladan "ağzına quyruq" diləməklə məşğul ola...

Hökumət nə qədər istəyir bağırsın ki, uşaqları məktəbə yollayın. Mən onları məktəbi-lisana filana yollamanam. Adlarını yazdırmışam, bəsləridir. Əsas əlində kağız olsun. Hansı məmur mənimlə bərabər uşaq əkib ki, indi onları istədiyi tövr də idarə etmək niyyətində ola... Mən də lal-dinməz baxam...

Uzun sözün gödəyi, ay camaat mən də sizə qoşuluram.

Yuxarıdakı biədəb ifadələri işlədən hər kimdisə, ona

– "Allah sənə lənət eləsin" – deyirəm!

Bu ləfzə "amin" deyən dillər–milli dillərdir!

Məni anladığınıza görə salamat olun.

Əsas can sağlığıdı. Müsəlmana ağıl sonrakı məsələdi...

Xudaferin.eu

00:16