AY BƏRİ BAX, BƏRİ BAX

Azərbaycanın qədim mahnılarından biri olan “Ay bəri bax, bəri bax”ın poetik mətni müxtəlif və çoxsaylı bəndlərlə oxunmuşdur. Bayatı formasında olan bu bəndlərin (nəqərat da daxil olmaqla) sayı 9-dur. Bu səbəbdən indiyədək mahnı lentə alınarkən ciddi nəzarət olmadığından kim necə istəmiş, eləcə də oxumuş, sözlərdə təhriflər, mətndə pərakəndəlik yaranmışdır. Öncə biz mahnının süjet xəttini qorumaqla aşağıdakı bəndlərlə oxunmasını təklif edirik.
Pəncərədən daş gələr, Ay bəri bax, bəri bax
Xumar gözdən yaş gələr, Ay bəri bax, bəri bax,
Səni mənə versələr, Ay bəri bax, bəri bax,
Allaha da xoş gələr, Ay bəri bax, bəri bax.
Nəqərat:
Telləri burma, gözləri xurma,
Uzaqda durma, boynunu burma
Gəl, bəri-bəri, ay can alan bəri bax.
Bəri bax..., ay bəri bax,
Bəri bax..., ay bəri bax,
Bəri bax, ay bəri bax, bəri bax.
Pəncərənin milləri, Ay bəri bax, bəri bax,
Аçıb qızılgülləri, Ay bəri bax, bəri bax,
Oğlanı yoldan eylər, Ay bəri bax, bəri bax,
Qızın şirin dilləri, Ay bəri bax, bəri bax.
Nəqərat:
Pəncərəni bağlama, Ay bəri bax, bəri bax,
Mən gedirəm ağlama, Ay bəri bax, bəri bax,
Gedib yenə gələrəm, Ay bəri bax, bəri bax,
Özgəyə bel bağlama, Ay bəri bax, bəri bax.
Mahnının poetik mətnini “Ay bəri bax, bəri bax” adı ilə 1938-ci ildə ilk dəfə folklorşünas Hümmət Əlizadə (1907–1941) tərtibçisi olduğu “Aşıqlar” adlı kitabda vermişdir (Aşıqlar. Toplayanı Hümmət Əlizadə. İki cilddə, II c. B.: Azərnəşr, 1938, s. 365-366). Üç bəndlik bu mətndə maraq doğuran odur ki, hər bənd “aquşqa” (müasir ifaçılıqda “pəncərə”) sözü ilə başlayır. Sonuncu bənd isə indiki ifaçılıqda unudulmuşdur:
Aquşqada quş mənəm,
Uç desələr, uçmaram,
Yar mənə qaş-göz eylər,
Mən heç başa düşmərəm.
1-ci bənddə “aquşqadan daş gəlir” misrasında fikrimizcə, “gəlir” əvəzinə “gələr” oxunmalıdır. Belə olduqda fikir tamamlanır, əks halda həmin bənddə uyğunsuzluq yaranır və mahiyyət itir. Bu səhv müasir ifaçılıqda da davam etməkdədir. 2-ci bənddə isə “Aquşqanın milləri, Açılıb qızılgülləri” – dedikdə 2-ci misrada 8 heca yaranır, bayatılar isə 7 hecalıdır, bu baxımdan “açıb qızılgülləri” olmalıdır. Mahnıdakı “aquşka” da təhrif edilib, sözün kökü “ağuşga”dır. Bu, dilimizin arxaik sözü olub nəfəsgah, nəfəslik, yəni kiçik (50x65sm) ölçülü pəncərə mənasında işlədilib. Olsun ki ağuşga da bir çox türk sözləri kimi (qaradaş – karandaş, vur ha – ura, çaqqal – şakal, qarpız – arbuz və s.), slavyan xalqlarının dilinə keçmiş və akuşka şəklində tələffüz olunmuşdur. Bu söz barədə bəzi türk qaynaqlarında da bilgi verilir.
Tədqiqatçı-jurnalist Maşallah Xudubəyli (1950–2017) də bildirir ki, pəncərə “avışqa”dan çox qədim sözdür (Xudubəyli M. Nəğməli, muğamlı dünyam. B.: Elm və təhsil, 2012, s. 20). Yəni mahnı yarananda öncə pəncərə, sonra ağuşga, nəhayət, yenidən pəncərə sözü işlədilmişdir.
Mətndə həmçinin hər misradan sonra “Ay bəri bax, bəri bax” sözləri yazılmayıb. Deyilən iradlara baxmayaraq, H.Əlizadənin təqdim etdiyi mətn ilkin yazılı qaynaq kimi çox dəyərlidir.
Əlimizdə 1910-cu ildə Tiflidə Pate qardaşlarının 1910-cu il istehsalı olan qrammofon valı da vardır. Burada “Bəri bax” adı ilə mahnını Şuşada yaşayan erməni tarçalan Muxan Ter-Akopov oxumuşdur. Mahnının xronometrajı 2.55 dəqiqədir.
Şuşada oxunan 4 bənddlik mətnin üçü digər variantlarla tutuşdurulduqda üst-üstə düşmür, yəni tamam fərqlidir. Burada yalnız sonuncu bənd (“Pəncərədən daş gələr”) sonralar da oxunmuşdur. Bu mətndə də hər misradan sonra “Ay bəri bax, bəri bax” sözləri yoxdur, yalnız bəndlərin sonunda 1-ci və 3-cü bəndlərdə “Vay alagöz, bəri bax”, 2-ci və 4-cü bəndlərdə isə “Bir də bəri bax, bəri bax” sözləri nəqərat şəklində ifa olunmuşdur.
“Ay bəri bax, bəri bax” mahnısının süjeti özünü elə başlıqda göstərir. Bəlli olur ki, qızın və oğlanın bir-birinə olan sevgi münasibətindən doğan müraciət mahnıya başlıq kimi seçilib: “Ay bəri bax, bəri bax”.
Şuşa variantı “Bayramınız mübarək, Aquşqadan baxanlar” sözləri ilə başlayır. Çox güman ki, mahnı Novruz bayramlarının birində, bayat elində yaranmışdır. Çünki poetik mətn bayatılardan ibarətdir. Mətndən bəlli olur ki, qız tək deyil, yanında rəfiqələri var və onlar da ağuşqadan boylanırlar.
Mahnı boyu qız him-cimlə, oğlan isə oxumaqla sözünü deyir. Adətən xalq mahnılarımızda ilk olaraq oğlan qıza sevgisini bəyan edir. Bu mahnıda isə əksinədir, qız oğlanı sevdiyini bildirir. 1-ci bənd bu sözlərlə başlayır: “Pəncərədən daş gələr, Xumar gözdən yaş gələr”. Belə ki, şıltaq qız kiçik, fındıqdan da balaca ölçüdə olan daşı pəncərədən sevdiyi oğlana atır. Daş oğlana dəydikdən sonra pəncərəyə sarı boylananda qızı gözüyaşlı görür, yəni oğlanla görüşə bilmədiyi üçün ağlayır. Oğlan da ona görə “Xumar gözdən yaş gələr” sözlərini oxuyur. 3 və 4-cü misralarda oğlan: “Səni mənə versələr, Allaha da xoş gələr” – söyləyərək, qızın him-ciminə müsbət cavab verir. Burada ateistlərin yaşam tərzinə, sovet ideologiyasına uyğun gəlmədiyindən, “Allaha da” əvəzinə “Hər görənə”, “Ellərə də” və ya “Hamıya da” sözləri oxunmuşdur. Təklif edirik ki, həmin misra “Allaha da xoş gələr” kimi ifa olunsun.
2-ci bəndin 1-ci və 2-ci misralarında “Pəncərənin milləri, Аçıb qızılgülləri” – deyilir. Deməli, oğlanın oxuduğunu eşidən qızın rəfiqələri pəncərənin milləri arasından oğlana tərəf boylanırlar. Oğlan da mahnıda qızların hər birini qızılgülə bənzədir. 3-4-cü misralarda deyilir: “Oğlanı yoldan eylər, Qızın şirin dilləri”. Göründüyü kimi, qız “şirin dili” ilə oğlanı yoldan çıxarır. Amma bu “şirin dil” oxumaqla deyil, him-cimlə təqdim olunur. Qızın bu hisslərini oğlan oxumaqla dinləyiciyə çatdırır.
3-cü bənddə eyhamla deyilən, sətiraltı mənalar yoxdur. Hər şey açıq və aydın şəkildə göstərilir. Oğlan, bir növ, sağollaşır, qıza arxayın olmasını, heç kəsə könül verməməsini söyləyir və sevgisinə sadiq qalacağını bildirir. H.Əlizadənin təqdim etdiyi variantda da 3-cü bənd məzmun və mahiyyətcə müasir varianta yaxındır.
Aquşqada quş mənəm,
Uç desələr, uçmaram,
Yar mənə qaş-göz eylər,
Mən heç başa düşmərəm.
Burada da oğlan qızla sağollaşmaq üçün quş kimi ağuşqaya “qonur”, onu hətta qovsalar da, getməyəcəyini söyləyir, yenə yarının onu yoldan çıxartmasından bəhs edir. Hələ bir minnət də qoyur: “Yar mənə qaş-göz eylər, Mən heç başa düşmərəm”.
Bilindiyi kimi, Azərbaycan xalq mahnılarının spesiik quruluşu və xüsusiyyətləri vardır. Mahnılar bir neçə bənddən ibarət olur və hər bənd nəqəratla tamamlanır. Nəqəratın melodiyası və sözləri adətən dəyişmir və hər bəndin sonunda təkrarlanır. Bu mahnının da nəqəratında eyni ifadə – “bəri bax” 7 dəfə təkrarlanır.
Bülbülün ifasındakı “Ay bəri-bəri, bəri bax” mahnısında da 2 bənd başqa variantlarda işlənir, burada nəqərat da daxil olmaqla digər üç bənd isə tamam fərqlidir. Bülbül mahnının instrumental müqəddiməsinə söz qoşmuş və nəqəratda istifadə etmişdir. Bu da mahnıya gözəllik və dinamika gətirmişdir. O, bu yeniliyi 2-ci və 4-cü bəndlərdən sonra nəqəratda ifa etmişdir. Təklif edirik ki, bütün nəqəratlar bu şəkildə oxunsun. Axı xalq mahnılarımızın strukturuna görə nəqərat eyni formada olmalı, nə sözü, nə də melodiyası dəyişilməməlidir. Bu baxımdan Xalq artisti Həqiqət Rzayeva(1907-1969) Bülbülün yeniliyini mahnının bütün nəqəratlarına tətbiq etmiş və çox gözəl də oxumuşdur.
Möhtərəm oxucu, sonda mahnı ilə bağlı yayılmış bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirəm. 1908-ci ilin mart-sentyabr aylarında İosif Stalin (1878–1953) Bakıda Bayıl türməsində həbsdə olmuşdur. Stalinlə əlaqə qurmaq üçün mahnının sözlərindən, yəni “Pəncədən daş gəlir” misrasından parol kimi istifadə olunmuşdur (Elmin Nuri. Stalinin gizli parol kimi istifadə etdiyi Azərbaycan xalq mahnısı. 2018-ci il, 30 oktyabr. Karabakh media.az). Belə ki, Stalinə yazılı informasiyanı ötürmək üçün vərəqləri kiçik daşlara büküb onun saxlandığı otağın pəncərəsindən içəri atırdılar və cavab məktubu da eyni şəkildə qaytarılırdı. Daş atılmazdan əvvəl həbsxananın Stalin saxlanıldığı otağın həndəvərində mahnının “Pəncərədən daş gəlir, Ay bəri bax, bəri bax” sözləri oxunurdu. Stalin də daşı tutmaq üçün hazır vəziyyətdə dayanır və atılan daşı tuturdu. Sonra Stalin türmədən Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə qaçır. Stalin “Ay bəri bax, bəri bax” mahnısını sonrakı illərdə də həvəslə dinləyərərək həbsxana həyatını xatırlayardı.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Üzeyir Hacıbəyli (1885–1948) “Böyük Teatr”da “Koroğlu” operasını tamaşaya qoyarkən şəxsən Stalini də dəvət edir. Stalin söyləyir ki, əgər orada “Pəncərədən daş gəlir” oxunacaqsa, mütləq gələrəm. Üzeyir bəy də “əlbəttə həmin mahnı ifa olunacaq” – söyləyir. Deyilənə görə, Üzeyir bəy tamaşanın uyğun bir məqamında, xorun ifasında Stalinin sevdiyi mahnını səsləndirir, o da musiqiçiləri ayaqüstə alqışlayır.
Abbasqulu NƏCƏFZADƏ,
sənətşünaslıq elmləri doktoru, professor

12:27