Avstriyada bütün rəsmi sənədləri smartfon vasitəsilə istifadə etmək mümkün olacaq

 

Yaxın gələcəkdə Avstriya vətəndaşları bütün rəsmi sənədlərini rəqəmsal formada smartfonlarda xüsusi proqramda əldə edə biləcəklər. “Elektron hökumət haqqında Qanun”a ediləcək əlavə və dəyişikliklərdə elektron vətəndaş kartına yeni funksiyaların daxil edilməsi nəzərdə tutulur. Bununla da elektron vətəndaş kartına sahib olan şəxslər doğum haqqında şəhadətnamədən tutmuş sürücülük vəsiqəsinə qədər bütün dövlət sənədlərini rəqəmsal formada öz smartfonlarında saxlaya biləcəklər.

Dövlət qurumları tərəfindən vətəndaşlar üçün e-xidmətlərin göstərilməsi imkanlarını genişləndirmək məqsədini daşıyan bu yenilik sayəsində elektron vətəndaş kartı vasitəsilə sistemə qoşulan şəxslər onlara aid rəsmi qurumlarda qeydiyyata alınmış sənədləri smartfonlarında istifadə edə biləcəklər. Təhlükəsizliyi təmin etmək üçün sənədləri mobil telefonların yaddaşına yükləmək mümkün olmayacaq, hər dəfə müvafiq sənət üçün müraciət edildikdə həmin sənəd e-hökumət portalından smartfondakı xüsusi proqrama göndəriləcək.

“Hər bir şəxsi fərdi olaraq özü tərəfindən müəyyən edilmiş formada və təhlükəsiz şəkildə öz şəxsi sənəd və məlumatlarını rəqəmsal formatda əldə edə bilməsi üçün elektron sənəd sistemi yaradılmasını qarşıya hədəf qoymuşuq,” - deyən daxili işlər naziri Volfqanq Sobotka bu sistemin vətəndaşlar üçün bürokratiyadan kənar, rahat, təhlükəsiz və məlumatların məxfiliyini təmin edəcəyinə əminliyini bildirib. Qanunun yeni redaktəsinin yay tətilindən əvvəl parlament tərəfindən qəbul olunacağı gözlənilir.

 

Xudaferin.eu
“Avropa Bürosu”

 

17:22