Avropaya vizasız: Yolumuz açılır?

 

Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han Aİ ilə Azərbaycan arasında “Şərq Tərəfdaşlığı” proqramına dair aparılan müzakirələrdən danışıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, Y.Han indiyədək baş tutmuş danışıqların olduqca konstruktiv şəkildə aparıldığını və bir çox sahələrdə irəliləyişə imkan yarandığını diqqətə çatdırıb: “Buna baxmayaraq, hələ görülməli olan işlərin əhəmiyyəti də az deyil. Danışıqların tezliklə yekunlaşdırılmasını istərdik, lakin nəticənin yaxşı olması sürətli olmasından daha vacibdir.

Bizim üçün sazişin iqtisadi və təhlükəsizlik məsələlərindən tutmuş, insan haqlarına hörmət, yaxşı idarəçilik və qanunun aliliyinə qədər, əməkdaşlığın bütün əsas sahələrini əhatə etməsini və onun Aİ və Azərbaycanın ortaq məqsədlərini, eləcə də bu gün üzləşdiyi çağırışları nəzərə almasını təmin etmək vacibdir”.

İttifaq yetkilisinin sözlərinə görə, qarşıdakı illərdə konkret ölçülərlə bağlı razılaşma əldə ediləcəyini gözləyirlər ki, bu da iqtisadi inkişaf, bazar imkanları, yaxşı idarəçilik, rabitə, enerji səmərəliliyi, mobillik və birbaşa əlaqələrlə bağlıdır: “Bunlar iki il əvvəl Riqada ümumi razılığa gəldiyimiz məqsədlərdir. Biz, eyni zamanda, Azərbaycanla bir çox əməkdaşlıq sahələrini özündə birləşdirən tərəfdaşlıq prioritetləri üzərində də işləyirik. O ki qaldı yeni sazişə, əgər bu istiqamətdə sürətlə və iddialı məzmuna xələl gətirmədən irəliləyə bilsək, danışıqları zirvə toplantısınadək tamamlamış ola bilərik”.

Münasibətlərdə yeni perspektivlər
 

Avropalı diplomat çıxışında viza rejiminin ləğvi məsələsinə toxunmasa da ehtimallara görə, imzalanacaq sazişdə Avropa İttifaqı və Azərbaycan arasında viza rejiminin ləğvi də öz əksini tapa bilər. Həmçinin iqtisadi sahədə əməkdaşlıqda maraqlı olan tərəflərin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsinin danışıqlarda öz həllini tapacağı güman edilir. Bura həmçinin ölkəmizdə gömrük sahəsində ciddi islahatların aparılması da daxil ola bilər.

Mənsur Rəğbətoğlu

Cebhe.info

 

09:22