"Avropada cəfəri məscidləri bizə ermənilərdən çox zərər vurur"

 

Elman Mustafazadə: "Qondarma "Artsax" deyilən saxta qurumun saxta prezidenti Avropaya gəlmişdi, demişdi ki, "İlham Əliyev hər gün mənim səhər yeməyimə kürü versə belə, o yenə mənə lazım deyil". Bu sözün üstündə biz gəncləri yığdıq, getdik Amsterdama və bunu çap edən "Metro" qəzetinin redaksiyasına ciddi etirazımızı bildirdik. Polislər işə qarışandan sonra sakitlik yarandı. O kimdir ki, mənim ölkəmin prezidentinin adını çəkir?"

Elman Mustafazadə - bu ad Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Xaricdə yaşayan azərbaycanlılar- deyəndə ilk yada düşənlərdən biri də məhz Emandır. Vətəninin, torpağının dəlisidir- desəm, bunu, heç də şişirtmə kimi qəbul etməyin. 1990-cı ilin əvvəlindən xaricdə, Polşada yaşamağa başladı. İş adamı kimi Polşada böyük nüfuz qazandı. Amma bəziləri kimi vətənini unutmadı, onun dərdi, ağrıları ilə yaşadı. Azərbaycanın adını Avropada tanıtmaq, Azərbaycan həqiqətlərini dunyaya yaymaq, ermənilərin həmin dövrdə torpaqlarımıza qarşı iddia irəli sürməsinin cəfəngiyyat olduğunu tarixi sənədlərlə sübut etmək üçün, orada yaratdığı və özünün, həmçinin yaxın dostlarının şəxsi vəsaitləri hesabına bir çox dillərə tərcümə edilən “Xudafərin” jurnalı ilə çox böyük işlər görürdü. Elmanın vətən fədaisi olduğunu birgə oxudugumuz beş illik tələbəlik həyatından bilirəm. Hələ Polşada olarkən yaratdığı “Azərbaycanın Dostları Cəmiyyəti”ni yaradaraq, soydaşlarımızın çoxsaylı problemlərinin həllinə yardımçı olub. Hazırda yaşadığı Niderlandda da bu işini davam etdirir. 44 günlük vətən savaşında, haqlı mübarizəmizin Avropada yayılması və qəbul edilməsi yolunda, xaricdə yaşayan azərbaycanlıları səfərbər edib, Ermənistan səfirlilkləri qarşısında keçirilən mitinqlərin, piketlərin təşkilatçılarından biri olub. Bu günlərdə Vətənpərvər eloğlumuz Elman Mustafazadənin “Hürriyyət” qəzetində geniş və maraqlı müsahibəsini oxudum. Müsahibənin aktuallığını nəzərə alıb, onunla “Təzadlar”ın oxucularını da tanış etmək istədim. İnanıram ki, müsahibə hər kəsin xoşuna gələcək.

- Elman bəy, zəhmət olmasa özünüz haqda məlumat verə bilərsinizmi? Neçə ildir Niderlandda yaşayırsınız? Niderlanddakı həyat tarixçəniz və diaspor fəaliyyətiniz necə başladı?
– Söhbətimizə başlamamışdan öncə onu deyim ki, heç vaxt dövlətimin, vətənimin adına utnac gətirəcək addım atmamışam və bundan qürur duyuram. Harada olmuşamsa, fikirləşmişəm ki, ən yanlış addımım Azərbaycanın adına yazıla bilər. Mən Milli Azadlıq Hərəkatının fəallarından olmuşam. Uşaqlıqdan tanıdığım keçmiş baş nazir Novruz Məmmədovla silahdaş olmuşuq. Novruz Məmmədov, mən, Çərkəz Quliyev birgə azad, demokrat qrupu yaratmışıq. 1990-cı ilin 20 Yanvar qırığınına qədər Qarabağda, Xatınbəylidə özünümüdafiə dəstəsinin rəhbəri olmuşam. Hazırda jurnalistikada olan Rövşən Hacıyev, Xəqani Ədəboğlu və digər dəyərli soydaşlar həmin dəstənin könüllülərindən olublar. 90-cı illərdə Polşaya gəlmişəm. Polşaya gələndən sonra, qısa zamanda “Azəri Cəmiyyəti” yaradıb fəaliyyətə başladıq, 1995-ci ildə isə rəsmi olaraq “Azərbaycanın Dostları Cəmiyyəti” yaratdıq. Bu, mənim və İrfan Murat Yıldırımın təşəbbüsü ilə baş tutdu. O, Varşava institutunda müəllim idi, əslən Gəncəli idi, Türkiyədə yaşamışdı. Elə həmin il, 50 il fasilədən sonra “Xudafərin” adı ilə qürbət mətbuatını bərpa etdik. O zaman da Qarabağ işğalda idi. Tələbə yoldaşım və şair dostum var – Ramiz Təmkin. Onun tələbəlik illərində yazdığı gözəl bir şeri var, deyir:

“Xudafərin nə əzizdir,
Xalqımın saldığı izdir.
Şimal-cənub, bu, boş sözdür,
Azərbaycan tanıyıram”

Elə saytın adını da, buna görə, şimal-cənubu birləşdirən simvol kimi – “Xudafərin” qoyduq. “Xudafərin” 3 aydan bir, jurnal kimi işıq üzü görürdü. Bu jurnalla çox gözəl insanlar əməkdaşlıq edirdi. Onun redaksiya heyətində Bəxtiyar Vahabzadə, Mirzə Xəzər, Qulu Məhərrəmli, Rəşad Məcid, Müsəllim Həsənli, Vaqif Sultanlı və .s tanınmış şəxslər olublar. Beləliklə, 2000-ci ilə kimi belə getdi. İlk dəfə Polşanın “Rzeczpolspolita” qəzetində Qarabağla bağlı ən geniş məqalənin yazılmasına nail olmuşuq. Məqalənin adı belə idi: “Zachod niezna Azerbejdzan” (Qərb Azərbaycanı tanımır). Jurnalistləri öz hesabımıza Bakıya göndərmişdik, onları qarşılamışdılar. Bu, ilk addım idi. Polşada yaşayarkən dövlət rəhbəri ilə görüşmüşdüm. Milli azlığın nümayəndəsi kimi məni dəvət etmişdilər. İki dəfə o zaman prezident olan Aleksander Kvasnievski ilə Milli Azadlıq Hərəkatının, 80-ci illərin anti-kommunist hərəkatı olan “Solidarnost”un lideri, dəfələrlə baş nazir olmuş Tadeusz Mazoviecki ilə, yenə Milli Azadlıq Hərəkatından olan Jacek Kuron ilə görüşmüşəm. Polşada ümumumilli lider Heydər Əliyevlə, Türkiyə prezidenti Süleyman Dəmirəllə, Şimali Kipr Türk Respublikasının o zamankı prezidenti Rauf Denktaşla görüşmüşəm. Keçən əsrin 90-cı illərində Polşada qaçqın həyatı yaşayan Əfqanıstan prezidenti Həmid Kərzai ilə gözəl münasibətlərimiz olub.Polşada “Xudafərin” çapdan çıxanda çox hörmət bəslədiyim Hafiz Paşayevlə məktublaşmışam. Fürsətdən istifadə edib onun bu günlərdə olmuş 80 illik yubileyini təbrik edirəm. O zaman Hafiz müəllim ABŞ-da səfir idi. Çox sağ olsun, bizi təqdir etmişdi, məndə məktubları qalır. O, mənə Zbiqnev Bzejinskinin Qarabağ haqda materiallarını göndərirdi, mən onları polyak dilinə tərcümə etdirib çapına nail olurdum. Bzejinskinin özü də polyak idi. Onun Qarabağ haqda materialları daha təsirli idi. Əlavə edim ki, Mirzə Xəzərlə qardaş kimi olmuşuq. Həmişə Mirzə Xəzərin dəstəyini görmüşük. Münhendə yaşayan Emin Səlimov, Müşviq Yuşvayev, Ramiz Səlimov, Akif Ağayev, şair Simax Şeyda və Azərbaycanın digər qeyrətli oğulları ilə daimi münasibətlərimiz var. Onlar hamısı milliyyətcə Azərbaycan yəhidisidirlər və Azərbaycanı təmənna güdmədən güclü şəkildə təbliğ edən insanlardır. Müşviq Yuşvayev Azərbaycan və İsrail Yazarlar Birliyinin rəhbəri, şair Simax Şeydanın oğludur. Azərbaycan tədbirlərinin təşkil olunmasında bu şəxslər çox zəhmət çəkirlər. İndi “Xudafərin” jurnalı kimi nəşrini dayandırsa da, sayt kimi fəaliyyətini davam etdirir. “Xudafərin” saytında, soydaşlarımız hələ sovet vaxtı Zəngəzurdan çıxarılarkən azərbaycanlılara qarşı törədilən vəhşilikləri rus dilində dərc etdim. Ermənilər buna görə bir haray-həşir saldılar, gəl görəsən. Uşağı ata-anasının gözünün qarşısında öldürmüşdülər. 2000-ci ilin aprel ayında Hollandiyaya gəldim. “Azərbaycanın Dostları Cəmiyyəti” fəaliyyəti 2003-cü ilə kimi məhdud idi. 2003-cü ildən sonra isə məhkəmə ilə “Xudafərin” nəşrini də bərpa etdim. Əsasən xarici vətəndaşlarla və tələblərlə çalışıram. Amma təəssüf ki, nə “Azərbaycanın Dostları Cəmiyyəti” nə də “Xudafərin” nəşrimiz və saytımız Diaspora Komitəsinin siyahısında yoxdur. Halbuki, biz saytda qeyd etmişik ki, “Xudafərin” iqtidar-müxalifət yox, ümumAzərbaycan idealına söykənir. Heç də təsadüfi deyil ki, “Xudafərin” jurnalından ən çox şikayət İran tərəfindən olunub…31 ildir qürbətdəyəm. Bilirsiniz ki, Almaniyada, Polşada, İsveçdə, İsveçrədə çox savadlı gənclərimiz yetişir. Təəssüf ki, onlar bəzən rəsmi tədbirlərə dəvət olunmurlar. Onlardan istifadə olunmalıdır. Ola bilsin ki, bu gənclər yaşadıqları ölkənin dövlət strukturlarında mühüm yerlər tutacaqlar. Beləliklə, digər dövlətlərdə Azərbaycanın xeyrinə qərarlar verən vətənimizin təbii səfirləri olacaqlar. Bundan əlavə, Avropada “Azərbaycanın Dostları Cəmiyyəti”nin fars, erməni, ərəb, ivrit, alman, ingilis, polyak, niderlandca, litva və ümumilikdə 18 dildə mükəmməl bilən soydaslarimizdan ibarət bir informasiya qrupumuz var. Hamı vicdanla təmənnasız çalışır. Şəxsi ailəmə gəlincə, qızım hal-hazırda Hollandiyada vəkildir -Tomris Mustafazadə. Hollandiyada ilk rəsmi azərbaycanlı vəkildir. Digər qızım – Azəran Elgün uşaq psixoloqudur, 7-8 dil bilirlər.

– “Azərbaycanın Dostları Cəmiyyəti” hazırda Niderlandda nə kimi fəaliyyət göstərir?
- Mən Şuşada böyümüşəm. Şuşa işğal olunanda deyirdim ki, Şuşanı kim işğaldan azad etsə, atamın qatili olsa da, onun yanındayam. İndi Şuşa Allaha şükürlər olsun ki, azad olunub. Sağ olsun Azərbaycan əsgəri, sağ olsun Ali Baş Komandan. Çox sağ olsun ki, bu qısa müddət ərzində dəfələrlə Şuşada olub. Elə bilirəm ki, özüm Şuşada olmuşam.
Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş soydaşlarımızla bağlı işləyən təşkilatlarımız, Firudin Sadıqov, Şahin Sayılov Avropaya gələrək, bu sahədə çox böyük çalışmalar etmişlər. O zaman birgə görüşlərimiz baş tutmuşdu. Mən də bu işlərə dəstək olmuşam. Firudin Sadıqov çox təmkinli, millətini sevən şəxsdir. Həmçinin, Azərbaycanda universitetlərin birində dərs deyən sabiq diplomatımız var – Fuad Hümbətov. Fuad Hümbətov milli diplomatiyamız sahəsində çox gözəl, mükəmməl bir kadrlardır. Adını çəkdiyim şəxslər – Firudin Sadıqov, Şahin Sayılov, Fuad Hümbətov, Sahil Qasımov, rəhmətlik Gülşən Kazımova (Gülşən – Lətifxan təxəllüsü ilə kitab yazırdı), professor Yaşar Musayev (Almaniyada 10-dan artıq ixtirası həyata keçirilib), Ofelya Babayeva və s. Azərbaycana xidmət edən şəxslərdir. Psevdopatriotların “əməyi” bu adamların çəkdiyi zəhmətlərlə müqayisəyə belə gəlməz. Təxminən 3-4 il əvvəl Rotterdamda “Eurovision” yarışmasının getdiyi yerdə multi-festival təşkil olunmuşdu. Orada 30-dan artıq millətin nümayəndəsi iştirak edirdi. Həmin festivalın direktoru çox böyük mədəniyyət sahib olan Mələk xanım Atak (onun 4 müavinindən biri mən idim) idi. Mən Emin Eminzadəni və Xəzər bəyi, Moskvadan, Almaniyadan musiqiçiləri, nümayəndələri dəvət etdik. Amma milli libasları Azərbaycandan əldə etmək məsələsində çox çətinlik çəkdik. Bundan əlavə, bizə heç bir yerdən maddi dəstək verən olmadı. Bütün xərcləri Mələk xanım, Tahir bəy, Aydın bəy, və bəndəniz öz şəxsi vəsaitimiz hesabına qarşıladıq. Bu, çox təəssüfverici haldır. Belə olmamalıdır axı… Polşadakı ziyalılarla, ziyalı xanımlarla tədbirlər keçiririk. Azərbaycanın tarixi ilə bağlı məqalələr yazırıq. Lolita Komarovskaya polyak dilinə tərcümə edir. Səbinə xanım litva dilinə, Hicran xanım Əliyeva polyak dilinə tərcümə edir. Həmçinin bayaq adlarını sadaladığım dilçilərlə digər dillərə tərcümə edib yayırıq. Biz informasiya müharibəsindəyik, nəinki imkan daxilində, eləcə də imkan xaricində olan işləri də yerinə yetiririk. Amma xaricilər də bizə kömək edirlər. Vaxtilə bizim ingilis dilində materiallarımzı Mirzə Xəzər tərcümə edirdi. Oğuzdan olan bir əməkdaşımız – Mehman Nəcməddinovun qızları ilə birgə beynəlxalq təşkilatlara erməni cinayətləri haqda nə qədər məktublar yazmışıq. Bizim borcumuzdur. Mən Şuşada böyümüşəm. Şuşa işğal olunanda deyirdim ki, Şuşanı kim işğaldan azad etsə, atamın qatili olsa da onun yanındayam. İndi Şuşa Allaha şükürlər olsun ki, azad olunub. Sağ olsun Azərbaycan əsgəri, sağ olsun Ali Baş Komandan. Çox sağ olsun ki, bu qısa müddət ərzində dəfələrlə Şuşada olub. Elə bilirəm ki, özüm Şuşada olmuşam. Şuşanın elə bir potensialı var ki, orada savadsız adam tapmaq çətin idi. Şuşalılar çox alicənab, kübar olurlar. Bu gün Şuşadan nə qədər gənclər var. Şuşaya əməyi keçməyən Bayram Səfərov Şuaşaya nə verə bilər ki? Şuşalı gənclər çox gözəl şəkildə onu əvəzləyə bilər. Şuşalılar uşaq oxutmağı, ona təmənnasız təhsil verməyi çox sevirlər. İndi soruşuram, Bayram Səfərov, neçə Şuşaliya təhsil vermisən? Necə Şuşalı şəhid ailələrinə maddi və mənəvi köməklik etmisən?

“Ermənilər Almaniyada üstündə Qarabağın şəkli və xəritəsi olan erməni konyakı buraxırdılar. Bizim qeyrətli, soydaşlarımız, Almaniyada oxuyub təhsil almış Araz Əsgərli və Asəf Əsgərov adlı gənclərimiz bunu məhkəmə yolu ilə ləğv etdirdilər”

Şuşadan olan istər Avropada, istər Azərbaycanda təhsil almış neçə-neçə gəncləri tanıyıram. Onlar vətənini sevən insanlardır. Bu gənclərdən istifadə etmək lazımdır. Bir də onu qeyd edim ki, Şuşadan qaçqın düşənlərdən rəhmətə gedənlər var, sağ qalanları və yeni nəsil Şuşanın həsrətini çəkir. Onları tam köçürülənə qədər heç olmasa, Şuşaya ekskursiyaya aparmaq olar. Ermənilər Almaniyada üstündə Qarabağın şəkli və xəritəsi olan erməni konyakı buraxırdılar. Bizim qeyrətli, soydaşlarımız, Almaniyada oxuyub təhsil almış Araz Əsgərli və Asəf Əsgərov adlı gənclərimiz bunu məhkəmə yolu ilə ləğv etdirdilər.
İki il əvvəl Azərbaycana gəlmişdik, udinlərlə, yəhudilərlə görüşlər keçirdik. Hələ neçə il əvvəl Polşada yaşayarkən Polşanın Bəxtiyar Vahabzadəsi sayılan Czeslaw Milosz ilə gözəl münasibətlərimiz var idi. Bizim ölkəni çox sevirdi. O, yeganə adam idi ki, Avropa sosialist ölkələrini kommunizmə qarşı birləşdirmişdi. Polyaklar üçün Papadan belə dəyərli adam idi. Nobel mükafatı laureatı idi. Ömür boyu sürgündə olub. Bir görüşə də professor Vaqif Sultanlı ilə birgə getmişdik.

– Hazırda “Azərbaycanın Dostları Cəmiyyəti”ndən başqa Niderlandda Azərbaycanı təmsil edən diaspor qurumları varmı? Varsa, bu təşkilatlar koordinasiyalı şəkildə çalışırlarmı?
- Say olaraq çoxdurlar, amma faktiki Niderlandda “Avropa Azərbaycanlıları Konqresi”nin fəaliyyətini deyə bilərəm. Mənzil qərargahı Belçikada yerləşən konqresin rəhbərinin böyük şəxsi nüfuzu var. Konqresdə Nərmin Mərdanova, Roza Hacıyeva, Ofelya Babayeva və digər dəyərli soydaşlarımız var. Biz oranın üzvü deyilik, amma müşahidəçi kimi iştirak edirik. Toplantılarına nümayəndə göndəririk. İnformasiya mübadiləsi barəsində əməkdaşlıq edirik. Azərbaycanla, Qarabağla bağlı tədbirlərin təşkilatçılığında Sahil Qasımovla birgə çox iştirak etmişik. Neçə illər bundan öncə Brüsseldə tədbir keçirmişdik. ANS də bunu çəkməyə gəlmişdi. Tədbirdə belə bir şüar vermişdik: “Azərbaycanı sevirsən, vətən dardadır, gəl! Ananı sevirsən, anan dardadır, gəl!”. Amma indi pandemiya olduğuna görə, mitinqlər keçirmək mümkün deyil.

– Azərbaycanı təbliğ işlərini əsasən hansı istiqamətdə qurursunuz və ölkəmizi hansı baxış bucağından təqdim etməyə çalışırsınız? Yeri gəlmişkən, sizin xudafərin.eu adlı saytınızın fəaliyyətini də izləyirik…
– “Xudafərin” Avropada rəsmi qeydiyyata alınmış nəşrdir. Avropada bütün dillərdə çap olunmaq, yayılmaq hüququ var. İstənilən təşkilatdan bunu maraqlana bilərsiniz. İndi bu nəşrdə bir tələbə qızımız çalışır. “Xudafərin”də ingiliscə də materiallar veririk. Ermənilər 3-cü genosid abidəsi qoyurlar, amma bizimkilər Den Haaq qəbirstanlığında Xocalıya aid başdaşı qoyublar. Heç olmasa, Avropada yeganə rəsmi olan jurnalımızı dirçəldək. Mən razıyam, gəlsinlər təhvil götürsünlər, amma jurnalın nəşri dayanmasın, Avropada sözümüzü deyən bir mətbu orqanımız olsun. Holland dilində də materiallar veririk, amma saytın standart olaraq müxtəlif dillərdə versiyaları yoxdur.

- Elman bəy, Niderlandda Azərbaycan dövlətini təbliğ etməyin çətinlikləri varmı? Bu xalqın din, dil fərqliliyi baxımından vəziyyət necədir? Yoxsa, digər ölkələrlə müqayisədə bu ölkədə təbliğat, tanıtım daha rahatdır?
- Əsində, sizə deyim ki, həddən artıq şişirdirlər, heç bir məhdudiyyət yoxdur. Sadəcə biz yeniyik deyə bizə arxa, təkan, dəstək lazımdır. Bir də yerlər səhv düşməməlidir. Hərənin bacardığı işlər var. Burada mübarizə aparırsan və onda görürsən ki, millət olmaq nə deməkdir. İnanın ki, son illərə qədər mən kor millətçiydim, sağlam millətçiliyi Litvada öyrəndim. Gördüm ki, onların millətçiliyi başqa cürdür. Məsələn, heç bir alman və ya holland demir ki, Almaniyaya qurban olum, Hollandiya, anam sənə qurban. Amma yeri gəlsə analarını da qurban verərlər. Yəni vətənpərvərliyini sözdə yox, əməldə göstərirlər.

– Yəni onlarda “vətənşüvənlik”, “urapatriotizm” yoxdur…
– Qətiyyən, vətənşüvənlərdən qorxmaq lazımdır. Vətən sənsən, mənəm. Vətən özündən başlayır. Əgər gəlib Avropada, yaşadığın binada sənə hörmət edirlərsə, deməli, o hörmət sənin millətinin adınadır. Polşa mətbuatında 1993-94-cü illərdə yazmışdılar ki, azərbaycanlılar Sumqayıtda doğum evinə gedib, erməni qadınlarının qarınlarını yarıb, uşagı çıxarıblar. Görün, ermənilər mətbuatdan necə istifadə edirlər. Avropada vyetnamlıların belə lobbisi var. Fələstinlilərin də lobbisi var. Yəhudilərin lobbisi isə öz yerində. Yəhudilər bizə çox kömək edirlər. Onlar bizə daha çox yaxınlaşırlar, nəinki biz onlara.

– Bəs, yerli QHT-lərlə əlaqələriniz varmı? Yerli insanların və ya toplumun bizə münasibəti necədir?
– Onların bizə münasibəti gözəldir, sadəcə biz onlarla daha sıx işləməliyik. Niderlandda soydaslarımızın gənclik təşkilatları var. Rusiyada da diasporda püxtələşmiş liderlər var.
Tahir Hacıyevlə Qalib Ağayev Rusiyada gözəl bir layihə həyata keçirdilər –“Rossiya qlazami azerbaydjanskix şkolnikov i Azerbaydjan qlazami rossiyskix şkolnikov” ( “Rusiya Azərbaycan məktəblilərinin gözü ilə və Azərbaycan Rusiya məktəblilərinin gözu ilə”). Bu layihəni Avropada da həyata keçirmək olar. Rusiyalı uşaqlar gəlib bir ay ərzində Azərbaycanda qalırdılar, azərbaycanlı uşaqlar isə Rusiyada qalırdılar. Bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olurdular. Polyaklar, ingilislər, ukraynalılar, slovaklar bunu çoxdan edirlər. Bunu biz də edə bilərik. Avropalılar internetdən bizim ölkəyə baxıb sevirlər, görün gəlib görsələr necə olar? Mütləq inteqrasiya olunmalıyıq. Hollandiyada, iş kollektivində elə olur ki, bir türk oruc tutur, digər 5-6 holland da, öz iş yoldaşına hörmət üçün oruc tutmaga başlayır. Hollandlar deyirlər ki, biz dindar deyilik, xristianlıq bizim tariximizdir. Amma türklərə ehtiyatla yanaşsalar da, evindən çıxıb harasa gedəndə açarını qonşusu olan türkə verir, erməniyə, kürdə yox. Bu, özlüyündə çox yaxşı bazadır və bunun üzərində işləmək lazımdır. Bilir ki, türk oğru deyil, özü də dosta sədaqətlidir. Erməniləri tanıyandan sonra onları sevmirlər. Ermənilərin gücü mətbuatdadır, bir də bizim zəifliyimizdə. Sanki biz güclü olmaq istəmirik, ya da mərkəzdə bizim güclü olmağımızı istəməyən gözəgörünməz qüvvələr var. Həmçinin, ermənilər vəzifəli adamlarla birgə bağ quraraq işlərini irəliyə aparırlar. Ermənilərin digər ölkələrin tələbələrinin əlləri ilə etdikəri layihələri var. Biz də bunları edə bilərik, amma bunun üçün milli qeyrət və pul xərcləmək lazımdır. Bizim bütün cəmiyyətlərdə yalnız kişilərə üstünlük verirlər. Avropa isə qadına qulaq asır, tədbirlərdə qadın görmək istəyir. Ermənilərin hər yerdə qadınları qabağa verməsi artıq tarixi bir faktdır, bunu qoyaq bir kənara, kürdlər belə tədbirlərinə qadın göndərirlər. Bizdə ictimai təşkilatlarda hörmət əlaməti olaraq qadınlara, həm də savadlı, dünyagörüşlü qadınlara üstünlük vermək lazımdır.

– Qarabağ həqiqətlərinin niderlandlılara çatdırılması üçün fəaliyyətinizi necə qurmusunuz? İkinci Qarabağ savaşı zamanı nə kimi işlər görüldü?
– Hərə öz sahəsində mübarizə apardı. Diaspordan kənarda olan şəxslər də daxil olmaqla, hər kəs müharibə dövründə təbliğat işində iştirak etdi. Bizim üçün müxalifət-iqtidar məsələsi Azərbaycanın içində qalan məslədir. Avropada belə ayrı seçkiliyi tanımırıq. Sabah iqtidarla müxalifət birgə işbirliyinə getsələr, buna yalnız sevinərəm. Düşüncəmizdə fərq ola bilər, amma Azərbaycandan çıxandan sonra, erməni kimi ölkəyə, dövlətin rəhbərlərinə, nüfuzlu şəxslərə böhtan atmaq mənfur hərəkətdir və düşmən dəyirmanına su tökməkdir. Bu barədə “Diasporumuzun anatomiyası” adlı yazı da yazmışam. Mən bunu ermənilərdən, gürcülərdən, ərəblərdən görməmişəm. Kiminsə kimdənsə xoşu gəlməyə bilər, amma İlham Əliyev Azərbaycanın prezidentidir və o toxunulmazdır… Vaxtilə “Metro” qəzetində 10-15 il bundan əvvəl qondarma “Artsax” deyilən saxta qurumun saxta prezidenti Avropaya gəlmişdi, demişdi ki, “İlham Əliyev hər gün mənim səhər yeməyimə kürü versə belə, o yenə mənə lazım deyil”. Bu sözün üstündə biz gəncləri yığdıq, getdik Amsterdama və bunu çap edən “Metro” qəzetinin redaksiyasına ciddi etirazımızı bildirdik. Polislər işə qarışandan sonra sakitlik yarandı. O kimdir ki, mənim ölkəmin prezidentinin adını çəkir?” Mən tənqid edə bilərəm, yadlar yox.

– Niderlandda ermənilərin fəaliyyəti hansı səviyyədədir? Onlarla rəqabət vəziyyəti yaranırmı? Müqayisə etdikdə kimin təbliğat arealı daha çox təsirə malikdir?
- Bilirsinizmi, ermənilər nə edirlər? Ermənistan universitetində ermənişünaslıq fakültəsi var. Ermənilər hər ölkədən bir nəfər o fakültəyə gətirirlər. Onların təqaüdünü, təhsil haqqını, yaşayış xərclərini özləri təmin edirlər. Bitirdikdən sonra, onları öz ölkələrinə göndərirlər. Həmin ölkələrdəki erməni lobbisi o tələbəni işlə təmin edir. Növbət il eyni cür. O tələblərin əlləri ilə kitablar yazdırırlar. Həqiqətdə isə özlərinin hazır materiallarını onların əli və adı ilə çap etdirirlər. Bunu məgər biz edə bilmərik? Avropada cəfəri məscidləri bizə ermənilərdən çox zərər vururlar. Cəfəri məscidlərinə bağlı olanlar guya bizdəndirlər, amma İrana tabedirlər. Bizim əleyhimizə adam yetişdirməklə məşğuldurlar. Lazım gələndə bu yetişdirdiklərindən ibarət kütləni mitinqlərə çıxarırlar. Özlərini bizdən göstərirlər, amma İrana bağlıdırlar. Cəfəri məscidlərinin Azərbaycanın əleyhinə gördüyü işləri ermənilər görə bilmirlər. 2-ci Qarabağ müharibəsinin getdiyi dövrdə Hollandiyadakı erməni təşkilatı burada görüş keçirdi, hərbi əsirlərlə bağlı rəsmi görüş oldu. Qərara gəldik ki, hər iki tərəfdən 10 nəfərlik heyətlə öncə Bakıya, sonra isə İrəvana səfər edilsin. Sonra bu planı ermənilər özləri pozdular. O ermənilərin çoxu Paşinyanın tərəfdarı idilər, başçıları da Edita Simonyan idi. Məncə, İrəvandan onlara icazə vermədilər. Həm erməni həm Azərbaycan diplomatik korpuslsri qarısmasalar da hərə öz vətəndaşından narahat idi. Avropa konqresinin rəhbəri Sahil Qasımov bütün görüşlərdə zəng edib maraqlanırdı.

“Əlkiram Hümbətov məni pantürkist adı ilə şərlədi, amma təmizə çıxdım. Bu isə, elə belə başa gəlmədi, illərimi əlimdən aldı”

– Görünür, İran buradakı anti Azərbaycan fəaliyyəti ilə kifayətlənmir, indi də Avropadakı azərbaycanlıları öz ətrafına yığı, əleyhimizə kökləmək istəyir…
- Cəfəri məscidlərinin ətrafına yığılanlar “sapı özümüzdən olan baltalar”dır. Yəhdilərlə olan isti münasibətlərimizə mane olurlar. Cürbəcür adlarla yəhudiləri küsdürürməyə çalışırlar. İranın cinayətlərini yəhudilərin ayağına yazırlar. Mən dəfələrlə dedim, “baxın, yəhudi mənəm. Azərbaycanı sevən həm yəhudiyəm, həm talışam, həm ləzgiyəm. Nə deyirsən? İranda Cənubi Azərbaycanlılar bizim qardaşımızdır, amma siz yoxsunuz. Siz nə şiəlik salmısınız? Müsəlman müsəlmandır”. Burada mədəni ocaq açmaq çətindir, amma məscid açmaq asandır. Mənə elə gəlir, türk adı gələndə Avropa qorxur. Türklərə qarşı ədalətsiz mövqe tuturlar, halbuki ikinci dünya müharibədən sonrakı Avropanı türklər tikdilər. Türkün əleyhinə bir təşkilat yaratmaq istəsən, heç bir problem yoxdur. Amma türkün xeyrinə danışanda adamın üstünə pantürkist, bozqurdçu adı qoyub rahatlıqla şərləyərək, qara siyahıya salırlar. Əlkiram Hümbətov da məni pantürkist adı ilə şərlədi, amma təmizə çıxadım. Bu isə, elə belə başa gəlmədi, illərimi əlimdən aldı. Çox maraqlıdır ki, separatçıların çoxunun xanımları azərbaycanlıdır. Amma bu amil onların separatçılıqdan uzaqlaşmasına əsas ola bilmir. Səmimi deyim ki, Əlikram Hümbətovun nə xanımı, nə də ovladları, Azərbaycana qarşı heç vaxt bir yalnış hərəkətə yol verməyiblər. Xəyanətkar yalnız Əlikram Hümbətovun özüdür. Ancaq onun bu xəyanətkar əməllərindən o savadlı və məsum balalar mənəvi əzab çəkirlər. O uşaqlar mənim gözümün önündə böyüyüblər. İnanın, Azərbaycanı da səndən, məndən az sevmirlər. Burada ərəblə, almanla, fransızla, belçikalı ilə evlənmiş azərbaycanlı qızlar tanıyıram. Bu qızlar isə, həmin millətlərin nümayəndələrini az qala gətirib azərbaycanlı ediblər. Ermənilərin güclü lobbisinin olduğunu deyirlər, amma elə deyil. Biz zəifik. Bizim də potensialımız var. Bizə vicdan, bir də mənəvi dayaq lazımdır. Demirəm ki, Diaspora Komitəsi bizə pul versin, heç olmasa mənəvi dəstək olsunlar.

- Niderlanddakı gödüyünüz işlərlə bağlı oradakı azərbaycanlılardan dəstək varmı?
- Mən heç unutmaram, jurnalın çətinliyi olanda Moskvada Tahir Hacıyevə müraciət etdim. Bir ilə yaxın “Xudafərin”inin bir jurnalistini himayəyə götürmüşdü. Nüfuzumuzdan istifadə edib yazılar yazdırırıq. Özümün imkanım olmayanda dostumdan xahiş etmişəm, kömək edib. Əslində, bu, ümummilli işimiz üçün lazım idi. Dilavər Əzimliyə, Ənvər Börüsoya Allah rəhmət eləsin, kisəmizdən getdilər. Onların ölümü ilə Avropa informasiya müharibəmizdə iki sərkərdəmizi itirdik. Onların “Xudafərin”də gedən materiallarda çox böyük əməyi var idi… İndi mənim ümidim gənclərədir. Burada gəlib təhsil alan gənclər 1-2 illik müddətdən sonra soyuqqanlı, açıqfikirli vətənpərvərlər olurlar. Onların təşəbbüslərinə və işinə səs vermək lazımdır.

– Azərbaycan səfirliyi ilə əlaqələriniz nə yerdədir, fəaliyyətinizdə onların hər hansı şəkildə yardımı olurmu?
- Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov çox alicənab şəxsdir. Hollandiyadakı səfirimizlə – Fuad Axundovla da əlaqələrimiz çox yaxşıdır və o məndə vətənsevər diplomat təsiri yaratdı. Bir neçə il əvvəl Azərbaycanın əleyhinə film çəkmişdilər. Rejissorun adı Suzanna Kruger, filmin adı “Ümid sonda ölür” idi. Filmin nümayişinə Türkiyə erməniləri də, bizim hörmətli diplomatlar Fuad Hümbətov, Firudin Sadıqov da gəlmişdilər. Dözə bilmədim, emosional davrandım. Ermənilər özlərini türk kimi qələmə verib demişdilər ki, siz azərbaycanlılar mədənisiniz, amma baxın, Mustafazadə görürsünüz nə edir? Təsəvvür edin, ermənilər azərbaycanlıları mənim üstümə qaldırdı. Sonra mən ermənilərə dedim ki, haqq-ədalət də yaxşı şeydir, Allahdan da böyükdür. Bu mənə cavab verəndə gördülər ki, bu erməni bizim dildə təmiz danışır. Tez qızışmaq bizim millətin zəif yeridir. Biz hələ də sadəlövhük. Bizi bir-birimizin üstünə tez qaldırırlar, amma görüm almanı almanın üstünə qaldıra bilərsən? Yox! Litvalını yox! Hazırda dünyada ən çoxsaylı soydaşlarımzın yaşadığı ölkələrdən biri olan Rusiyada vəziyyət pisdir. Ağadadaş Kərimovun fitvası ilə bu gün Moskvada 6-7 nəfər tanınmış azərbaycanlımız ev dustağıdır. Rusiyada ən azı 5-6 şəhərdə konsulluğumuz olmalıdır.

- Deməli bu yöndə, hələ işləmək lazımdır.
- Bəli, ən əsası “urapatriotizm”in qarşısını almaq lazımdır. Əsasən ziyalılar önə çıxmalıdır. Biz elə coğrafi məkanda yaşayırıq ki, düşmənlə əhatə olunmuşuq. Bir gün belə yatmağa haqqımız yoxdur, ayıq-sayıq olmalıyıq, əks təqdirdə məhv olarıq…

- Elman bəy, geniş müsahibəyə görə çox sağ olun!
- Mən də Sizə təşəkkür edirəm və bütün Azərbaycan xalqına qəzetiniz vasitəsi ilə sevgi və sayğılarımı çatdırıram.

Çapa hazırladı və təqdim etdi:
Elçin MƏMMƏDLİ

Mənbə tezadlar.az

Xudaferin.eu
 

 

 
 

11:02