“Avropa Şurasından çıxarılsaq, Qarabağın müstəqil dövlət kimi tanınmasına start veriləcək”

 

Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun rəsmi Bakının Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandı suçlaması ilə bağlı münasibəti yayılıb. Bu barədə REAL hərəkatının təmsilçiləri məlumat veriblər.

 

İlqar Məmmədov məktubda vurğulayıb ki, Azərbaycan hakimiyyəti Avropa Şurası (AŞ) ilə münasibətlərinin pisləşməsində cənab Tyorbörn Yaqlandı günahlandırır: “Hakimiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanın Avropa Şurasından çıxarılma sanksiyası ilə bağlı qərarı baş katib Tyorbörn Yaqland deyil, bu qurumun üzvü olan 46 ölkənin təmsilçiləri verib”.

İlqar Məmmədov yazıb ki, son 16 il ərzində Azərbaycan hakimiyyəti bu ölkələrlə doğru-dürüst münasibət qura bilməyib: “Çünki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın AŞ-dan çıxılacağı ilə bağlı mövzu bu gün gündəmə çevrilib. Azərbaycanın Avropa Şurasından çıxarılması ilə ölkəmizə dəyəcək ziyan ilk növbədə ondan ibarət olacaq ki, bunun ardınca Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına start verilə bilər”.

ReAL İdarə Heyətinin üzvü, vəkil Xalid Bağırov da həbsdə olan sədrin məktub yazdığını təsdiqləyib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib. Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb. Bu günlərdə Avropa Şurasının baş katibi Tyorbörn Yaqland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarşısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Bundan sonra Azərbaycan rəsmilərinin dilindən Avropa Şurasının baş katibi Tyorbörn Yaqland haqda tənqidi fikirlər səslənməyə başlayıb.

Bu məsələyə bugünlərdə Avropa Birliyi Şurasının təmsilçilərini qəbul edən prezident İlham Əliyev də münasibət bildirmişdi: “Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər”.
 

Azadlıq Radiosu

 

09:35