Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə keçirildi

Avropa Parlamentində Azərbaycanda insdan haqlarının vəziyyəti ilə bağlı dinləmə keçirilib. “Azərbaycan və Avropa Birliyi arasında münasibətlər: İnsan hüquqları qırmızı xalçanın altına salınır?” başlığı altında təşkil olunan dinləmədə Azərbaycandan araşdırmaçı jurnalist Xədicə İsmayıl və MeydanTV-nin rəhbəri Emin Milli məruzəçi olub. X.İsmayıl, ölkədən çıxışına yasaq qoyulduğu üçün, məruzəsini Skayp vasitəsilə etməliydi. Lakin tədbirin başlamasına bir qədər qalmış onun interneti və elektrik xətti kəsilib. Digər məruzəçi E.Milli çıxışına Azərbaycan dilində ölkə ictimaiyyətinə müraciət etməklə başlayıb. Azərbaycan hakimiyyətinin və onun nəzarətində olan KİV-in müzakirələrə qatılan şəxslərlə bağlı təbliğat apardığını, onları ermənilərə işləməkdə suçladığını diqqətə çatdıran E.Milli deyib: “Əliyev hökumətinin təbliğatçıları bu tədbiri ermənipərəstlərin təşkil etdiyini çatdırmaq istəyir. Guya biz ermənilərə işləyirik. Burada bütün yığılan adamların hamısı ermənilərə işləyir. Bu, çox kədərlidir əslində. Bu gün İlham Əliyevin özü də Brüsseldədir və bir çox Avropa Birliyi rəsmiləri ilə görüşür. Çox maraqlıdır, niyə İlham Əliyev müxtəlif fikirli insanlarla, ildə bir neçə dəfə Sarkisyanla görüşür, Heydər Əliyev Fondu erməni genosidini tanıyan Fransada kilsələri maliyyələşdirə bilir, SOCAR Gürcüstanda bütün kilsələrə, o cümlədən erməni kilsəsinə pulsuz qaz verir, amma biz heç kiminlə görüşüb fikrimizi çatdıra bilmərik?”

Azərbaycanda insan haqlarının vəziyyətindən, korrupsiya faktından, ötən əsrin 90-cı illərindən bəri ölkədən çıxarılmış 40 milyard dollarlıq vəsaitdən, bəzi avropalı parlamentarilərin Azərbaycan hakimiyyəti tərəfindən ələ alınmasından danışan Emin Milli Avropanı Qarabağ məsələsinə görə ikili yanaşmaqda da qınayıb. Dinləmə Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri fonunda baş tutub. Onun təşkilatçıları Avropa Parlamentinin deputatları Kati Piri, Alexander Graf Lambsdorff, Ulrike Lunacek və Jaromír Stetina olub. Dinləmənin təşkili Azərbaycan hakimiyyəti ilə Avropa Parlamenti arasında gərginliyə səbəb olub. Brüsseldə səfərdə olan ölkə başçısı İlham Əliyevin AP sədri Antonio Tacani ilə fevralın 6-na planlaşdırılmış görüşü məhz bu səbəbdən ləğv edilib. Avropa Parlamentinin günlük xəbərlərini dərc edən “commonspace.eu” yazır ki, görüşü Azərbaycan tərəfi ləğv edib.

Azadliq.info

09:17