Avropa Məhkəməsi 4 iş üzrə qərarını açıqlayacaq

 

 

Avropa Insan Hüquqları Məhkəməsi bu həftə Azərbaycandan göndərilmiş daha 4 şikayət üzrə qərarlarını açıqlayacaq. Bu barədə məhkəmənin saytı xəbər verir.

Xəbərdə qərarların iyunun 29-da açıqlanacağı bildirilir. Avropa Məhkəməsi həmin tarixdə müxalif qüvvələrin təşkil etdiyi aksiyalarda saxlanılmış 3 nəfərin şikayəti üzrə qərarını elan edəcək. Şikayətçilər gənc fəallar Aqil Əliyev, Ramin Hacılı və Müsavat Partiyasının mərhum fəalı Nərgiz Yaqubludur.

Şikayətlərin materiallarına görə, Aqil Əliyev 2013-cü ilin mart ayında keçirilən etiraz aksiyasında iştirak edib. Aksiyada saxlanılan müxalifətçini inzibati qaydada 600 manat cərimə ediblər. Ramin Hacılı 2013-cü ilin yanvarında təşkil olunmuş etiraz aksiyasında saxlanılaraq 450 manat cərimələnib. Mərhum Nərgiz Yaqublu isə 2013-cü il yanvarın 26-da keçirilən aksiyada iştirak etditinə görə saxlanılıb. Onu inzibati qaydada 500 manat cərimələyiblər.

Hər 3 şikayətdə iddia olunur ki, onların etiraz aksiyasında iştirakına müdaxilə edilməsi və cərimə edilmələri Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) maddələri ilə təminataltına alınan hüquqlarını pozub. Şikayətçilər qeyd olunan maddələrin pozuntusunun tanınmasını və pozuntuların kompensasiya edilməsini istəyiblər. Gənc fəalları Avropa Məhkəməsində hüquqşunas İntiqam Əliyev təmsil edib.

Avropa Məhkəməsinin iyunun 29-da açıqlayacağı digər qərar Cəbrayıl rayonundan məcburi köçkün Balaca Abdullayevin şikayəti ilə bağlıdır. İşin materiallarına görə, B.Abdullayev Bakıya gələn məcburi köçkün kimi Sabunçu rayon ərazisində rəsmi qurumların razılığı olmadan ev inşa etdirib. Sabunçu rayon icra hakimiyyəti məhkəmə yolu ilə həmin evi qanunsuz tikili olması səbəbindən sökdürüb. B.Abdullayev şikayətində qeyd edib ki, evin sökülməsi onun mülkiyyət hüququnu pozub.

 

Amerikaninsesi.org

 

09:19