Avropa İttifaqı beynəlxalq şirkətlərə daha çox vergi ödətmək niyyətindədir

 

Avropa İttifaqında (Aİ) fəal biznes aparan “Google”, “Amazon”, “Apple” və “Facebook” kimi Amerika texnologiya nəhəngləri Aİ-nin Vergi Məcəlləsindəki müddəalarından öz xeyirlərinə istifadə edərək uzun müddət vergidən yayına bilərlər.

Başda Fransa olmaqla Aİ üzvü olan ölkələrin təşkil etdiyi qrup bu məsələnin qarşısını almaq niyyətindədir. Fransanın, Almaniyanın, İtaliyanın və İspaniyanın maliyyə nazirləri birgə məktub imzalayaraq Aİ sədrinə, eləcə də Avropa Komissiyasının üzvlərinə göndərərək, həmin şirkətlər üçün yeni verginin tətbiq olunmasını tələb edirlər. “Financial Times” qəzetinin yazdığına görə, Aİ çərçivəsində qəbul edilmiş istənilən yeni qanun ittifaqın bütün üzvləri, o cümlədən Lüksemburq və İrlandiya ilə razılaşdırılmalıdır. Korporativ verginin dərəcəsini azaltmaq bir çox transmilli şirkətlər üçün vergi limanları sayılan bu ölkələrə dünyanın hər yerindən iri korporasiyaları özlərinə cəlb edib milyardlar qazanmağa və bununla Aİ-yə daxil olan digər ölkələrin mənfəət götürmək imkanlarını əllərindən almağa imkan verir. Həmçinin qeyd edilib ki, korporasiyaları “sıxışdırmaq” cəhdləri heç də həmişə uğurla başa çatmır. 2016-cı ildə “Apple” şirkətinin üzərinə Aİ ölkələrində vergidən yayındığına görə, 13 milyard avro ödəmək öhdəliyi qoyulmuşdu, lakin şirkət hazırda bu qərarı ləğv etdirmək istiqamətində iş aparır. “Google” şirkəti də ondan 1,13 milyard avro vergi tələb edən Fransa dövləti üzərində qələbə qazanıb. Böyük Britaniyadakı satışları 9,2 milyard dollardan artıq olan “Amazon” isə Britaniyanın vergi orqanlarına cəmisi 9,8 milyon dollar vəsait ödəyib.

Xudaferin.eu
“Avropa Bürosu”

11:46