Avropa Donald Trımpın açıqlamalarından narahatdır

Donald Trımpın Amerika Birləşmiş Ştatları prezidenti kürsüsünə oturmasına bir neçə gün qalmış jurnalistlərə xarici siyasət ilə əlaqədar verdiyi açıqlamalar Avropanın gündəminə bomba kimi düşdü. Trumpın NATO-nun bir işə yaramadığı, İngiltərədən sonra Avropa İttifaqından ayrılmaların olacağı barədəki sözləri Avropa paytaxtlarında heyrətlə qarşılandı.

Almaniya kansleri Angela Merkel Avropanın taleyinin Avropanın əlində olduğunu vurğuladı, Almaniya xarici işlər naziri Frank Walter Steinmeier NATO-nun və Avropa İttifaqının üzv ölkələrinin xarici işlər nazirləri ilə danışdığını və onların hamısının narahat olduğunu söylədi. Steinmeier Trumpın "NATO üzvləri daha çox maliyyə ayırmalıdırlar" ifadəsini də heyrətlə qarşıladığını qeyd etdi. Fransa prezidenti  François Hollande Trumpın Almaniyanın "Bild" və İngiltərənin "The Times of London" qəzetlərinə verdiği müsahibələrində Avropa İttifaqı barəsindəki tənqidlərinə reaksiya göstərdi.
Parisdə ABŞ səfiri Jane Hartleyin şərəfinə təşkil olunan vida mərasimdə çıxış edən Hollande:" Avropa hər zaman transatlantik əməkdaşlığı davam etdirmək niyyətindədir. Lakin bunu öz dəyərləri və maraqları istiqamətində gerçəkləşdirəcək. Avropanın nə edəcəyi ilə əlaqədar kənardan məsləhətə ehtiyacı yoxdur" dedi.
Litva prezidenti Dalia Grybauskaite Trumpın prezidentliyi dövründə  Amerikanın NATO-ya qarşı maliyyə öhdəliklərini davam etdirməli olduğunu vurğuladı. ABŞ-ın " Washington Post "qəzetində  "Avropa liderləri Trumpın söylədiklərindən şok oldular" başlıqlı yazı dərc olundu. Ekspertlər Avropanın ziddiyyətli açıqlamaları dəyərləndirən liderlərinin Donald Trumpun hansı xarici siyasət yürüdəcəyini anlamağa çalışdıqlarını qeyd edirlər.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

11:52