Avropa 2017-ci il seçkilərinə görə Rusiyanın kiber hücumlarına hazırlaşır

Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərməkdə ittiham olunan bir vaxt, Avropa da orada keçiriləcək bir sıra seçkilər vaxtı Moskvanın bənzər müdaxiləsini ehtimal edir. Fransa, Almaniya və Hollandiyada 2017-ci ildə seçkilər keçiriləcək. Təhlilçilər də deyir ki, Rusiya artıq seçki nəticələrinə təsir göstərməyə çalışır. Moskva isə bu ittihamları rədd edir.

Almaniya kansleri Angela Merkel 2017-ci il seçkilərində dördüncü dəfə namizədliyini irəli sürəcək. Avropanın Rusiyaya qarşı sanskiyalarının baş memarı olaraq, təhlilçilər deyir ki, Moskva bu Avropa liderinin vəzifədən getməsini görmək istəyir. Merkel bildirib ki, Almaniya seçkilərə müdaxilə cəhdlərinin qarşısını almağa hazır olmalıdır: “Biz xalqa məlumat verməli və siyasi əqidəmizi açıq bir şəkildə ifadə etməliyik. Biz həmçinin bu səbəbdən qıcıqlanmamalıyıq,” deyə o bildirib.
Bu isə kansler Merkelin zəif nöqtəsidir. 2015-ci ildə Almaniyaya bir milyona yaxın miqrant gəlib. Təhlilçilər deyir ki, Rusiya oradakı anti-mühacirət əhvalını qızışdıracaq. Bu ilin yanvar ayında Liza adlı rus-alman qızın miqrantlar tərəfindən zorlanması haqqında saxta xəbər Almaniyada etirazlara və Moskvanın bu hadisənin ört-basdır edildiyinə dair ittihamlarına səbəb oldu. Daha sonra qız bunun yalan olduğunu etiraf etdi. Təhlilçilər Rusiyanın seçkidən öncə, çox güman ki, dezinformasiya səylərini artıracağını deyir.
“Onlar həm Fransa, həm Almaniyanı hədəfləyə bilərlər. Amma Angela Merkel özü qaçqınları və Almaniyada sığınacaq axtaranları qəbul etmək siyasəti ilə tanındığı üçün, fikrimcə bu, onun üçün həssas məsələdir,” deyə Avropa İslahat Mərkəzindən İan Bond bildirir. Rəy sorğularında ultra-sağçı anti-miqrant Almaniya üçün Alternativ Partiyasına dəstək artır. Bazar ertəsi Berlində baş verən terror hücumundan sonra isə bu dəstək daha çox yüksələ bilər. “Avropa İttifaqı ilə Türkiyə arasında əldə olunan saziş səbəbilə qaçqın məsələsinin yenidən açılması Almaniyaya təzyiqi artıra bilər,” deyə Qlobal İctimai Siyasət İnstitutundan Torsten Benner bildirir.
Bütün Avropa boyu ultra-sağçı partiyalar Moskva ilə daha yaxın əlaqələr qurmaq istəyir. Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen seçki kampniyası üçün Rusiya bankından 10 milyon dollar alıb. Bond deyir ki, populist ultra-sağçı partiyaların hamısının bir məqsədi var – Avropa İttifaqının bölünməsi. Rusiyanın nəzər nöqtəsindən əgər Avropa bölünsə, Kreml individual ölkələri özlərini daha zəif və ya Rusiyaya xidmət etməklə faydalanacaqlarını hiss etdirə bilər. “Rusiyanın nəzər nöqtəsindən əgər Avropa bölünsə, Kreml individual ölkələri özlərini daha zəif və ya Rusiyaya xidmət etməklə faydalanacaqlarını hiss etdirə bilər,” İan Bond deyir.
Donald Trampın yanvar ayında prezidentlik vəzifəsinin başlaması ilə, Avropanın həmrəyliyi bütün istiqamətlərdən sınağa çəkiləcək.
“Trampın özü də Putin kimi Avropada ölkələrlə çoxtərəfli deyil, ikitərəfli əlaqələr qurmaq istəyir. Ona görə də, düşünürəm ki, əgər önümüzdəki aylarda Rusiyanın Avropa seçkilərinə müdaxilə etməsi nəticəsində Avropa İttifaqı zəifləsə, Tramp üzülməyəcək,” deyə Bond bildirir.
Tramp ABŞ-ın NATO müttəfiqlərinin müdafiə üçün daha çox pul ayırmalı olduğunu desə də, Avropa İttifaqının zəifləməsini istədiyini dilə gətirməyib.

 

Avropa liderləri ümid edir ki, erkən həyəcan təbili çalmaqla Moskvanın önümüzdəki seçkilərə təsir göstərmək cəhdlərinin qarşısı alına bilər. Lakin təhlilçilər Rusiyanın propaqandasının artıq başladığı barədə xəbərdarlıq edirlər.

Amerikaninsesi.org

18:12