ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfər etmək niyyətindədirlər

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan ilə BMT-nin Baş məclisinin 72-ci sessiyası çərçivəsində təkbətək və birgə görüş keçiriblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini aktivləşdirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub. Həmsədrlər ümid edirlər ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələləri üzrə kompromis qərarların axtarışında tərəflər arasında etibar və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək. Nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarının ifadə ediblər. Həmsədrlər, yerlərdə və danışıqlar prosesindəki son vəziyyəti müzakirə etmək və prezidentlərin növbəti görüşünə hazırlığa dair məlumat vermək üçün ATƏT-in baş katibi Tomas Qreminger və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşüblər. ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfəri etmək niyyətindədirlər".

TREND IA

11:48