ATƏT-in fəaliyyətdə olan sədri Ukraynadakı müşahidəçilərin sayını artırmağa çağırıb

 

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts Ukraynadakı ATƏT müşahidə missiyasının gücləndirilməli olduğunu bildirib. ATƏT-in fəaliyyətdə olan sədri qismində Ukraynaya üçüncü səfəri çərçivəsində nazir vurğulayıb ki, hazırda bu ölkədə 700 müşahidəçidən ibarət missiyanın tərkibi tədricən minə çatdırılmalıdır.

Onun sözlərinə görə, müşahidə missiyasının gücləndirilməsi münaqişə tərəflərini bir-birindən ayırmaq üçün yeganə imkandır. Missiyanın tərkibinin genişləndirilməsi atəşkəsin əldə olunması üçün şansları artıracaq. Müşahidəçilərin sayının artırılması ilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədri onların texniki təchizatının da gücləndirilməli olduğunu diqqətə çatdırıb. Atəşkəsin əsasən gecələr daha çox pozulmasını nəzərə alaraq, gecəgörmə cihazları, pilotsuz uçuş aparatları və s. avadanlıq missiyanın sərəncamına verilməlidir.

Qeyd edək ki, Doğu Ukraynadakı durumu nəzərə alaraq, 2014-cü ilin martında Ukraynaya ATƏT-in müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edilib. Bu ilin martında missiyanın mandatı daha bir il müddətinə artırılıb.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

09:50