Atəşkəs - Rusiyanın son şansı...

Postsovet məkanındakı prosesləri hər bir vəchlə nəzarətdə saxlamaq istəyən Rusiya bu regionda olan konfliktlərin onun orbitindən kənarda baş verməsini özünün uğursuzluğu hesab edir. Əslində öz milli təhlükəsizliyi baxımından Rusiyanı haqlı saymağa əsas vardır. Belə ki, SSRİ-nin süqutundan sonra onun varisi olaraq ortada qalan bu böyük ölkə qırmızı dünyanın rəqibləri ilə üz-üzə qalmaqda davam etdi.

ABŞ və Qərb Sovetlər Birliyini sıradan çıxardıqlarına baxmayaraq, qırmızı ideologiyanın varisi qismində Rusiyanı təhlükə mənbəyi olaraq görməkdə davam etdilər. SSRİ-də yenidənqurma prosesi həm də Almaniyadan qoşunların geri çəkilməsi danışıqlarının başlanması prosesi ilə müşayiət olundu. Və Sovet İttifaqı çökdükdən sonra bu proses zəif və dağınıq rus hökumətinin timsalında da davam etdi. Nəticədə o vaxtkı Almaniya Demokratik Respublikasından 350 minlik bir ordunu geri çəkməklə Rusiya NATO ilə sərhədlərini mərkəzi Avropadan Pribaltikaya qədər yaxınlaşdırmış oldu. Pribaltika ölkələrinin birmənalı olaraq Qərbə yönəlməsi ətrafı sarmaq və bununla da Rusiyanı neytrallaşdırmaq, zəiflətmək, nəzarətdə saxlamaq məqsədi güdən NATO-nun ilk həmləsi olaraq qəbul edildi. Daha sonra Gürcüstanda baş verən hadisələr Qərbləşmə, NATO-laşma prosesinin durmayacağının və tədricən bütün postsovet ölkələrinə sirayət edəcəyinin göstəricisi idi. Gürcüstan imperialist mahiyyətli Rusiyanın təsir dairəsindən çıxma yolunda ciddi ərazi itkiləri ilə üzləşsə də yoluna davam etdi.

Başlayan və gün-gündən sürətlənən Qərbləşmə prosesinə qarşı işlək mexanizmlərə malik olmayan MDB-nin yaranması və bir sıra postsovet ölkələrinin Kollektiv Təhlükəsizlik Müdafiəsi kimi kövrək hərbi-siyasi birliyə imza atması Rusiyanın NATO-ya qarşı ata biləcəyi son əhəmiyyətli addım idi. Ancaq bu qurumun yaranması hələ müstəqil şəkildə tam ayaq üstdə dura bilməyən bir sıra ölkələri Rusiyanın çətiri altına qaytarsa da ətrafda gedən Qərbləşmə prosesini durdura bilmədi. Ukrayna kimi nəhəng qonşuda olan Qərb meylləri Krımım Rusiya tərəfindən ilhaqından sonra geriyədönməz şəkil aldı və beləliklə, NATO-nun Rusiya ətrafında sarmağa başladığı həlqə daha da daralmış oldu. Bu günlərdə Böyük Britaniya ilə Ukrayna arasında Qara dənizdə Ukraynada Hərbi Donanmasının güclənməsi məqsədilə anlaşmanın olması və bunun əsasında müvafiq kreditin ayrılması bu anlaşma timsalında NATO hərbi donanmasının Rusiyanın sərhəd sularında güclənməsi deməkdir. Bu hadisə həm də Krım məsələsindən Ukraynanın və NATO-nun tamamilə vaz keçmədiyinə işarə idi.

Deyilənlərə son zamanlar Belarusda və Qırğızıstanda baş verən narıncı cəhdləri də əlavə etsək, Rusiyanın həyəcanını anlamaq elə də çətin olmur.

Regionda gedən bu və digər proseslər ilk dövrlərdə Rusiyanı qıcıqlandırırdısa, son zamanlar həyacanlandırmağa başlayıb. Və bu geoplitik hadisələr həm də qonşu Türkiyənin ABŞ və Qərblə yeni, milli maraqlarına uyğun şəkildə və sərt ritorika altında danışması fonunda baş verir ki, bu da Rusiyanı Amerika və Avropaya münasibətdə bir sıra məsələlərin Türkiyə ilə əlaqəli şəkildə davam etməsinə sövq edir. Məhz bu həssas geopolitik ortamda və həssas tarixi zamanda Azərbaycanın Qarabağda başlatdığı ədalətli müharibəyə münasibətdə biz bir qədər fərqli Rusiyanı görmüş oluruq.

NATO ilə dövrəyə alınmaqda olan, Amerikanın və Avropanın tətbiq etdiyi sanksiyalara məruz qalmaqda davam edən Rusiyanın gündən-günə güclənən Azərbaycanı və Türkiyəni, o cümlədən hərbi-siyasi monolitlik qazanan Azərbaycan-Türkiyə birliyini zəifləməkdə olan, narıncı prosesə cəlb olunan Ermənistana görə öz qarşısında görməmək üçün əlindən gələni etməyə çalışdığı hiss edilir.

90-cı illərdən fərqli bir durumun ortada olması göz önündədir. Və bu yeni, dəyişilmiş şəraitdə bu günkü hadisələrə yaxından baxdıqda Rusiyanın yeni tövrünün nələrdən qaynaqlandığı aydın olur. Ermənistan dövlətinin, dünyada yayılan erməni diasporasının, Rusiyada olan erməni lobbisinin, Rusiya daxilində və kənarda olan erməni havadarlarının, türk düşmənlərinin, Rusiya -Azərbaycan-Türkiyə müharibəsindən faydalanmaq istəyən digər güclərin tələb və təhriklərinə baxmayaraq Rusiyanın siyasi hakimiyyətinin proseslərə təmkinli münasibətə cəhd etməsi və müharibənin Azərbaycan ərazisində getdiyini aydın şəkildə vurğulaması onun hərbi müstəvidə baş verə biləcəklərdən narahat olduğunu göstərir.

Ancaq bütün bunlarla yanaşı Rusiya regionda baş verənlərə passiv münasibətinin onu bu bölgədə və dünyada artıq güc sahibi olaraq xeyli zəifləmiş duruma salacağını da hesablamamış deyil. Bu baxımından regionda hələ də söz sahibi olduğunu sübut etmək üçün tərəfləri danışıqlar stoluna oturtmaq üçün etdiyi cəhdləri anlamaq çətin deyildir.

Bütün bunlara istinadla deyə bilərik ki, özünü regionda əsas oyunçu olaraq təsdiq etmiş, strateji xəttini, müttəfiqlik prinsiplərini aydın şəkildə ortaya qoymuş, işğaldakı torpaqlarını azad edəcək siyasi iradə və döyüş əzmini nümayiş etdirmiş Azərbaycan Respublikasının əldə etdiyi qalibiyyətlər və ruh yüksəkliyi fonunda Rusiya tərəfindən inadla təklif edilən görüşə qatılması, kövrək atəşkəs razılaşmasına qərar verməsi, Azərbaycanın hər zaman bəyan etdiyi kimi, şimal qonşumuzla strateji münasibətlərin qorunmasına son bir sayğı nümayişi, ordumuzun gücünə və xalımızın mübarizə ruhuna inamı ifadə etməklə, Ermənistana deyil, əslində Rusiyaya verilən son şansdır.

Atəşkəs razılaşmasının bir məqsədi də cəbhə xəttində erməni cəsədlərinin toplanmasıdır. Atəşkəsin dəqiq zamanı yoxdur. Bu razılaşma 10 oktyabr saat 12-də qüvvəyə minsə də, Rusiyanın Azərbaycan qarşısında Ermənistanı maraqlarımıza uyğun sülh danışıqlarına məcburetmə öhdəliyinə qısa müddətdə əməl edə bilməyəcəyi təqdirdə, istənilən anda Azərbaycan tərəfindən ərazilərimizin işğaldan azad edilməsi məqsədilə döyüşlərin bərpa ediləcəyinə işarədir.

Dr.Zülfüqar Yusifov,
10 oktyabr, 2020-ci il

xudaferin.eu

13:53