Atlantik okeanında və Karib hövzəsində daha iki tropik fırtına başlayıb

 

Gücü beşinci dərəcəyə çatmış “İrma” qasırğası bu gün saatda 320 kilometr sürətlə Karib dənizindəki Seynt Kitts və Nevis adalarına zərbə vurub. Həmin vaxt Atlantik okeanında “Xose” tropik fırtınası güclənib. Milli Qasırğa Mərkəzinin məlumatına görə, fırtınanın sabahadək qasırğaya çevrilməsi gözlənilir.

“Xose” fırtınası Atlantik okeanının mərkəzi hissəsində “İrma” qasırğasından şərqə doğru 1600 kilometrdən çox uzaq məsafədə yaranıb. Bu fırtına “İrma”nın yolunu izləyir. “Xose” saatda 20 kilometr sürətlə qərbə doğru irəliləyir və təxminən Kiçik Antil adalarından 2000 kilometr şərqdə cərəyan edir. “Xose” fırtınasının əhatə etdiyi ərazidə küləyin sürəti saatda 96 kilometrdir. Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti növbəti iki gündə artacaq. “Xose” mövsümün onuncu fırtınasıdır. “İrma” qasırğasından qərbdə on birinci fırtına formalaşır. “Katya” adlandırılan bu fırtına Meksikanın Yukatan yarımadası boyunca güclənir. Fırtına hazırda Tampikodan şərqə doğru 160 kilometr məsafədə saatda 65 kilometr davamlı küləklə müşayiət olunur.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

10:56