Astanadan Kremli qıcıqlandıracaq addım

 

Bakı və Astana Qazaxıstan neft və qazının Azərbaycandan keçməklə dünya bazarlarına nəqli məsələlərinə dair iki işçi qrupu yaradır.Bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev cümə axşamı Bakıda jurnalistlərə deyib. K.Bozunbayev bildirib ki, Qazaxıstan neft və qazının hasilat həcmi artacaq və Azərbaycan ixrac marşrutları qismində nəzərdən keçirilir: “Bu məhsulların Azərbaycandan keçməklə dünya bazarlarına gələcəkdə nəqli nəzərə alınaraq Qazaxıstanın Qərbində LNG zavodunun inşası planlaşdırılır”.

 

Onun sözlərinə görə, bununla əlaqədar Qazaxıstan müvafiq nazirlik və idarələrin nümayəndələrindən ibarət xüsusi işçi qrupunun yaradılmasına dair Azərbaycanla razılığa gəlib: “Bu işçi qrupu yaxın bir neçə ay ərzində həmin layihənin nə dərəcədə mümkün olacağını öyrənərək bizə hesabat verəcək”.

Nazir vurğulayıb ki, ikinci qrup Qazaxıstan neftinin Azərbaycandan keçməklə dünya bazarlarına nəqlinin rəqabətədavamlılığını öyrənəcək. Azərbaycanın Qazaxıstan üçün tranzit ölkəyə çevrilməsi, Rusiyanı qıcıqlandırmayacaq ki? “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, söhbət Azərbaycanın boru kəməri işlətmək işlətməsindən getmir: “İstər qazın, istərsə də neftin daşınması olsun, Qazaxıstan tərəfi bunun tankerlərlə daşınması təklif edir.Tankerlərlə daşınma isə heç kimi qıcıqlandıra bilməz.Xəzərdə şərqdən-qərbəşimaldan-cənuba və əks istiqamətdəki yükdaşımaların 75 faizini məhz neft və neft məhsulları təşkil edir.Bu, qıcıqlandırıcı amil deyil.Həm sovet dönəmində, həm də müstəqillik illərində Xəzərdə neft və neft məhsullarının daşınması yükdaşımalarda aparıcı rol oynayıb.Bu, normaldır.İki ölkənin iqtisadi əlaqələri karbohidrogenlərin daşımasını tankerlər vasitəsilə ilə həyata keçirilməsinə üstünlük verməsi, çox vacib tələbdir.Ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən, Şərq-Qərb dəhlizinin imkanlarından yararlanmağı və qonşu ölkələrin də bundan istifadəsi, atılan addımların gerçəkləşməsi deməkdir.Azərbaycanın rəsmiləri bütün tədbirlərdə qeyd edirlər ki, rəsmi Bakı öz infrastrukturunu üçüncü tərəflər üçün açıq elan edir.Yəni, Azərbaycanın yaratdığı infrastruktur bölgədə qapalı bir sistem deyil.Bu sistem bölgədə əməkdaşlığın, sülh və əmin-amanlığın artırılmasına xidmət edir. 2014-cü ildən sonra Azərbaycanın atdığı israrlı addımlar, müxtəlif istiqamətləri əhatə edən nəqliyyat dəhlizlərinin qovşağına çevrilməsi, boru kəmərləri, eləcə də yaradılan şərait ölkəni rəqabətə davamlı bir dəhlizə çevirir. Buna görə də hamı Azərbaycana müraciət edir”.

Ekspertin sözlərinə görə, tranzit ölkə kimi Azərbaycana təkcə Qazaxıstan müraciət etmir: “Artıq Türkmənistan da öz neft və neft məhsullarını dünya bazarlarına çıxarmaq üçün Azərbaycan üzərindən nəqlə üstünlük verir. Halbuki əvvəllər Türkmənistan bu daşınmanı Rusiya və ya İran üzərindən həyata keçirirdi.Kommersiya baxımından tranzit ölkə kimi istifadə öz bəhrəsini verməlidir. Bu gün Azərbaycandan tranzit ölkə kimi Qazaxıstan faydalanırsa, sabah bu, Rusiyanın neft hasil edən şirkətləri də ola bilər. Onu da nəzərə alaq ki, hazırda Özbəkistan da qaz hasilatını artırır.Böyük ehtimalla növbəti illərdə Özbəkistan Azərbaycanın qaz infrastrukturundan istifadə etməklə bağlı müraciət etsin.Azərbaycan ona görə Cənub-Qaz Dəhlizinə böyük sərmayə qoyub ki, ondan uzun müddət tranzit ölkə kimi yararlana bilsin”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:25