Astanada Azərbaycanın Novruz adət-ənənələri

 

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib.

Tədbirdə Qazaxıstanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində qədim və müasirliyin vəhdətini özündə əks etdirən Bakı haqqında fotosərgi, milli alətlərimiz, Azərbaycan xalcaları, eləcə də ölkəmizin istehsal etdiyi məhsullar nümayiş olunub.

Azərbaycan haqqında qısametrajlı sənədli filmlə başlayan tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirinin xanımı Günel Məmmədova Azərbaycan və Novruz haqda qonaqlara geniş məlumat verib. Azərbaycanda əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığı bildirilib. Sonra mərasimdə Novruz adət-ənənələri nümayiş olunub. Novruz xonçasında bayram şamlarının yandırılması, Bahar qızının gəlişi, yumurta döyüşü nümayiş etdirilib.

Qonaqlara məlumat verilib ki, bu gün Novruzun xalqımız tərəfindən sevilməsi onun adətləri ilə də sıx bağlıdır. Papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, yumurta döyüşdürmək, yallı getmək və xoruz döyüşdürmək kimi Novruz oyunları min illərin adət-ənənəsidir. Tədbirdə milli mətbəximiz geniş nümayiş etdirilib, musiqilər dinlənilib, balaca fidanlar milli rəqslər ifa edib və şeirlər söyləyiblər.

Xudaferin.eu
Qazaxıstan, “Astana Bürosu”

12:01