Aşıq Hüseyn Cavanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış aşıq, Əməkdar Mədəniyyət İşçisi Aşıq Hüseyn Cavanın anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü (AAB), Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən gecədə elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Təbrizdən gəlmiş qonaqlar iştirak ediblər.

AAB-ın sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı Aşıq Hüseyn Cavanın həyat və fəaliyyətindən söhbət açıb. Bildirib ki, aşıq 1916-cı ildə İranın Qaradağ mahalının Uti kəndində anadan olub. Atası vəfat etdikdən sonra ailə Azərbaycanın Ağdam rayonunun Şərəfxanlı kəndinə pənah gətirib. O, Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musadan sənətin sirlərini öyrənib. Şifahi xalq ədəbiyyatını dərindən mənimsədiyinə görə toy-düyünlərdə, el şənliklərində çıxış etməyə başlayıb, oxuduğu el havaları və yazdığı şeirlərlə insanların qəlbinə yol tapıb. Bildirilib ki, 1938-ci ildə yenidən Təbrizə qayıdan aşıq orada “Vətən yolunda” qəzeti ilə əməkdaşlıq edib və milli-demokratik hərəkata qoşulub, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırıb. Milli hökumət onu “21 Azər” medalı ilə təltif edib. 1946-cı ilin martında Təbrizdə Dövlət Dram Teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışıb, inqilabi ruhlu nəğmələri ilə çıxış edib. Burada aşıqlar ansamblı yaradıb. Milli hökumətin süqutundan sonra dostlarının köməyi ilə Bakıya qayıdan aşıq 1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib. Xalq Şairi Səməd Vurğun onun yaradıcılığına yüksək qiymət verib, onu Azərbaycan Yazıçılar İttifaqı sıralarına qəbul edib. Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar ansamblının bədii rəhbəri kimi iştirak edən Aşıq Hüseyn Cavanın yaradıcılığı hər zaman yüksək qiymətləndirilib və o, bir sıra orden və medallarla təltif olunub. Aşıq 1985-ci il noyabrın 14-də vəfat edib. Natiq qeyd edib ki, aşıq şeirinin bütün növlərində əsərlər yaradan Aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük verib, Vətən gözəlliklərini, əmək qəhrəmanlarını öz şeirlərində vəsf edib. Yüksək insani keyfiyyətə, fitri istedada malik Hüseyn Cavan hər zaman sevilib, el şənliklərinin bəzəyi olub. Onlarla gənc aşığın yetişməsində böyük əməyi olan, üç dastan yaradan H.Cavanın bir-birinin ardınca çap olunan “Azadlıq mahnıları”, “Sədəfli saz”, “Danış telli sazım”, “El aşığı” kimi 10-a yaxın şeirlər kitabı ona ümumxalq məhəbbəti qazandırıb.
Tədbirdə aşığın sözlərini Məhbub Xəlili, Cavad Qəhrəmani, Əli Səlimi, Hüseyn Zari, Çingiz Mehdipur, Mahmud Cahangiri kimi tanınmış Təbriz aşıqları, eləcə də ölkəmizin Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov, Gülarə Azaflı, “Çeşmə” folklor qrupu və digər gənc ifaçılar səsləndiriblər.

Xudaferin.eu

17:08