ASEAN forumunda Quzey Kore mövzusu əsas məsələlərdən biri olub

 

Güney-Doğu Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Manilada keçirilən təhlükəsizlik məsələlərinə həsr edilmiş forumunda Quzey Korenin raket və nüvə proqramları əsas mövzulardan biri olub.

ASEAN-ın avqustun 7-də Filippinin paytaxtı Manilada keçirilən regional forumunda 27 ölkənin, o cümlədən Yaponiya, ABŞ, Çin və Quzey Korenin xarici işlər idarələrinin rəhbərləri iştirak ediblər. Forum BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı qəbul etdiyi son sanksiyalardan sonra keçirilib. Tədbirdə ABŞ və Yaponiya sanksiyalara əməl olunmasının zəruriliyini bildiriblər. Digər ölkələr də təxribatçı hərəkətlərə, xüsusən də ballistik raket sınaqlarına görə Quzey Koreni tənqid ediblər.

İndoneziyanın təmsilçisi qeyd edib ki, bu hərəkətlər ASEAN-ın əsas prinsiplərinin əks olunduğu Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq barədə Müqavilənin şərtlərini pozur. Quzey Korenin xarici işlər naziri Ri Yon Xo deyib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinə kəskin cavab verəcək. Pxenyanın nüvə və raket proqramlarını bundan sonra da inkişaf etdirəcəyini vurğulayan nazir bildirib ki, özünümüdafiə məqsədilə nüvə silahına malik olmaq ölkəsinin qanuni hüququdur.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:47