Asan İmzadan qaz vurub qazan dolduranlar: 15 milyon manatlq soyğunçuluq

 

"Bu aydan tətbiq olunan yeni qaydalara görə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır. Məlumat üçün qeyd edək ki, hesabatların təqdimatı üçün son tarix aprelin 20-dir. Bu müddətə qədər hesabatını yeni qaydalarla verə bilməyənləri 44 manat cərimə gözləyir. Bu qaydalar yalnız hüquqi deyil, həmçinin fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə də aiddir".

Bu barədə iqtisadçı Qubad İbadoğlu deyib. Q.İbadoğlu qeyd edib ki, son statistik məlumatlara görə, Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 600 mindən çoxdur: "Bu isə o deməkdir ki, onlar yaxın 10 gün müddətində ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyndən elektron imza kartı, ya da Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən mobil imza almaldıırlar. Elə bu səbəbdən də hazırda xüsusilə də mobil operatorların müştəri xidmətlərinə və "ASAN xidmət" mərkəzlərinə müraciətlərin sayı kəskin artıb. Belə ki, qaydalara görə, hüquqi şəxslərin rəhbərləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özləri ilk növbədə mobil operatorların müştəri xidmətlərinə müraciət etməli onlara məxsus olan nömrəni Asan İmza xidmətinə qoşdurmalıdırlar. Bu xidmətə görə hər bir şəxs mobil operatorlara 23 manat 36 ay üçün birdəfəlik, hər ay isə 1 manat aylıq ödəniş etməldir. Bu isə o deməkdir ki, Asan İmzaya görə fiziki şəxslərin birdəfəlik ödənişləri 15 milyon manata qədər, aylıq ödənişləri isə 600 min manatdan çox olacaq. Bu ödəniş və əməliyyatlardan sonra mobil nömrələrini Asan İmza xidmətinə qoşan fiziki şəxslər “ASAN xidmət" mərkəzlərində “Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərin qeydiyyatı” şöbələrinə müraciət etməli və Asan İmza almalıdırlar".

İqtisadıçının sözlərinə görə, bu məsrəfli və mürəkkəb prosedurları çətinləşdirən başqa bir məqam da qısa bir zamanda müraciətlərin sayının çoxalması səbəbindən yaranan uzun növbələrdir: "Bu sistemə keçidin əleyhinə olmasaq da onun qısa müddətdə tətbiqinin yaradacağı fəsadların nəzərə alınmadan startı yalnış və pis idarəetmənin göstəricisi sayılmaldır. Əlavə məsrəf və vaxt itkisinə gətirib çıxaran yeni qaydalarla hesabatlılıq barədə fiziki şəxslərin çoxunun məlumatı belə yoxdur. Onlar yalnız sspf.gov.az saytına daxil olaraq elektron xidmətlər bölməsindən əvvəlki qaydada hesabat yollamaq istəyəndə məlum olacaq ki, həmin sistem aktiv deyil, yeni qaydalar işə düşüb. Buna məsul olan şəxslər fiziki şəxslərə nəinki bildiriş göndərməyib, hətta öz sistemlərini belə yeni qaydalara tam inteqrasiya etməyiblər. Hətta bu gün elekrton imzaya malik olanlar hesabatlarını təqdim edə bilmirlər. Çünki, onu qəbul edən qarşı tərəf texniki cəhətdən ona hazır deyil. Bu problem yalnız hesabatın verilməsində deyil, həmçinin Asan İmzanın alınmasında da müşahidə edilməkdədir. Belə ki, aprelin 8-də Vergilər Nazirliyinin sistemində texniki nasazlıq ucbatından Asan İmzaya müraciət edənlərə xidmət göstərilməyib. Göründüyü kimi, Asan İmzaya keçiddən qazananlar yüz minlərlə mütərilərə xidmət edəcək elektron sistemlərini belə hazır vəziyyətə gətirməyiblər. Bu səbəbdən də durduğu yerdə əlavə xərcə düşən istifadəçilərə normal xidmət belə göstərilmir. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə DSMF-nin nəticəsini düşünmədən verdiyi bu qərarı təxirə salmağı və onun müddətini uzatmağı təklif edirəm".

Mənsur

Cebhe.info

 

19:57