Artum Dinc: “Haray haray mən Türkəm” şüarı funksional və praktikdir

 

 “Yeni” hər durumda qaçılmaz olaraq ‘əski’-nin rəddiyəsi deyildir. “Yeni” sırf “yeni” olduğu üçün “əsk”’ olandan daha məsum və daha üstün də deyildir,” deyə Artum Dinc güneydə “Haray haray mən türkəm!” şüarının köhnəlmədiyini - əksinə, funksional, praktik, təsirli və dinc bir şüar olduğunu vurğulayır. Təbrizli sosioloq “Amerikanın Səsi” radiosu ilə söhbətdə son vaxtlar gündəmdə olan milli kimlik anlayışı və türk fəalların səsləndirdiyi şüarlara dair mübahisələr haqqında öz düşüncələrini paylaşıb.

Artum Dinc müsahibədə Türk kimliyinin sovetlər tərəfindən azərbaycanlı kimliyinə dəyişdirilməsini dəyərləndirir. Onun sözlərinə görə, bu dəyərləndirmədə ən önəmli və təyinedici sual “bu dəyişim kimin və nəyin işinə yaradı və kimin iradəsi ilə gerçəkləşdi?” sualıdır. Bu zorla tətbiq etmə prosesi ilə bağlı ən mühim və təyin edici sual budur: bu paradiqma dəyişimi kimin və nəyin işinə yaradı? Kimin iradəsi ilə gerçəkləşdi? Ankara Universitetində sosiologiya bölümünün doktorluq dərəcəsi üzərində çalışan Dinc deyir ki, “milli kimlik çərçivəsində biz alğısını formalaşdıran dəyişkənlər vardır. Bunlar ortaq dil, tarix, yurd, siyasi hakimiyyət, din, məzhəb və ya ideologiya, anlam kodları, ortaq simvollara bağlılıq duyğusu kimi ünsürlərdir.”

Onun dediklərinə görə, Moskva mərkəzli müstəmləkəçi siyasi avtoritet “biz” anlayışını təşkil edən əsas ünsürlər, yəni dil və etnik kimliyin adını öz iradəsi və mənfəətləri istiqamətində dəyişdirib. “Azərbaycan Respublikasında milli kimlik müstəvisində “biz” alğısını təşkil edən əsas simvolik kodlar, dilin və etnik kimliyin adı dominant və təpədən endirməçi sosialist rus milliyyətçisi olan Moskva mərkəzli müstəmləkəçi siyasi hakimiyyət ya avtoritetin “iradəsi” və “mənfəətləri” yönündə dəyişdirilərək coğrafiyanın adına dönüşdürüldü. Deyim yerində isə, gecə türk olaraq yatağa yatan insan, ertəsi gün azərbaycanlı olaraq yataqdan qalxdı,” deyə Artum Dinc qeyd edir. O, əlavə edir ki, “zorla tətbiq etmə prosesi ilə bağlı ən mühim və təyin edici sual budur: bu paradiqma dəyişimi kimin və nəyin işinə yaradı? Kimin iradəsi ilə gerçəkləşdi? Bu sualın doğru cavabı müstəmləkəçilik tarixinin rəmzi halına gəlmiş “parçala, böl, idarə et” strategiyasında axtarıla bilər. Sormaq lazımdır; nədən “ruslar” “leninqradlı” və ya “moskvalı” olmadı da “Türk” “azərbaycanlı” oldu? Bu gün Rusiya adlandırılan coğrafiyanın nüfusu, sadəcə ruslardanmı təşkil olunur? Elə deyilsə, nədən Altay-Sibir deyil də Rusiya?”

Haray haray mən Türkəm şüarı bugünkü şərtlərdə farslaşdırmaya qarşı haq tələb edən Türk dirənişinin funksional, qarşı qoyulmaz, praktik, təsirli və barışcıl bir vasitədir.

 “Amerikanın Səsi”nə müsahibə verən şair Rasim Qaraca Güney Azərbaycanda keçirilən etiraz mitinqlərində səsləndirilən “Haray haray mən Türkəm” şüarının köhnəldiyini və praktik nəticə vermədiyini bəyan etmişdi. Ancaq Artum Dinc bu şüarın “bugünkü şərtlərdə farslaşdırmaya qarşı haq tələb edən Türk dirənişinin funksional, praktik, təsirli və barışcıl bir vasitə” olduğunu vurğulayır. Təbrizli araşdırmaçı bu şüarı iki cəhətdən dəyərləndirir. “Bu şüar gündəlik yaşayışın praktik təcrübələrinə dayanır. O biri yandan isə, şüurlu və məqsədli bir strateji aktın dayanağı olaraq funksiasını yerinə yetirir,” o, söyləyir. Dinc Haray haray mən Türkəm şüarının “son dərəcə açıq və bir hədəfə vəsilə olduğunu” önə çəkir. Dilin və etnik kimliyin adı Moskva mərkəzli müstəmləkəçi siyasi hakimiyyətin “iradəsi” və “mənfəətləri” yönündə dəyişdirildi.

“Bu hədəf olduqca güncəl, həyəcanverici və bir etik anlayışa dayanır. O da “çağın insanı olma”nın gərəyi olan ədalətli əlaqələr, azad insan olmaq və tanınmadır,” o bildirir. Dinc həmçinin türk fəalların bu şüar vasitəsilə ortaya qoyduqları tələblərə, o cümlədən türk kimliyinə qarşı yürüdülən siyasətlərə son verilməsi tələbinə diqqət çəkir.

Amerikaninsesi.org

 

06:50