“Arşın mal alan-100” adlı kitab-kataloqun təqdimatı keçirilib

 

Üzeyir Hacıbəylinin ev-muzeyində muzeyin təşəbbüsü ilə “Arşın mal alan-100” adlı kitab-kataloqun təqdimatı keçirilib. Tədbirdə muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək “Arşın mal alan” operettasının 100 illik tarixini əks etdirən bu kataloqun bütövlükdə musiqisevərlər, xüsusilə Üzeyir Hacıbəyli yaradıcılığı ilə maraqlananlar üçün nəzərdə tutulduğunu vurğulayıb.

Bildirilib ki, kitabda ölməz əsərin yazılması ilə bağlı Üzeyir Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. Əsasən Üzeyir Hacıbəylinin ev-muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub. O, “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapdan çıxan 3 yarımbaşlıq şəklində tərtib olunan kitabın oxucuda əsərin 100 illik tarixi barədə geniş təsəvvür yaradacağını vurğulayıb.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, Hafiz Quliyev və başqaları Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Üzeyir Hacıbəylinin milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olduğunu söyləyiblər. Vurğulanıb ki, onun hər bir əsəri musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb. Tədbir bəstəkarın əsərlərinin səslənməsi və rəngarəng musiqi nömrələrinin ifası ilə davam edib.

Xudaferin.eu

08:27