Arif Məmmədli - 60

Öz səmimiyyəti, duyğusallığı, ciddiliyi və məsuliyyəti ilə seçilən kollektivimizin dəyərli üzvü, Arif Məmmədlinin doğum günüdür. 60 ildir ki, öz ömür karvanına saribanlıq edən, humanistliyi ilə ətrafdakılar üçün örnəyə çevrilən gözəl dostumuz və qardaşımız Arif müəlim nə xoş hal ki 60 illik yubileyini bizlərin əhatəsində keçirdi. Bu illər ərzində o, çoxsaylı dostlar da qazandı, yazdığı şeirlər, 22 il çalışdığı "Təbib" qəzetində və təsisçisi olduğu “Laçın yurdu” jurnalında dərc olunan dəyərli məqalələr vasitəsilə geniş oxucu kütləsi də... Ata da oldu, baba da oldu, amma həmişə bir nisgillə - doğulub boya-başa şatdığı Laçın həsrəti, Laçın nisgili ilə yaşadı. Elə o həsrətin, o nisgilin təsiri ilə ata yurdu sətir-sətir, misra-misra şeirə çevrildi, o yerlər Arif müəllimin dilində belə əzizləndi, özünü beləcə ovutdu:

 

Laçınım

Yenə qanadlanıb xoş arzularla
Xəyalım yanına uçar, Laçınım. 
Şəlvəçay, Həkəri axıb qürurla
İstək dənizimdən keçər, Laçınım.

Adın ürəyimdə yaşar həmişə,
Çiyələkli tala, palıdlı meşə.
Əmanət qoyduğum kövrək bənövşə,
Sirrini bəs kimə açar, Laçınım?

Baxdım zirvələrə qartal gözüylə,
Apardı qəlbimi dağlar özüylə,
Rəssam baxışıyla, şair gözüylə,
Düşər gözəlliyə açar, laçınım.

Ucalıq bilmişəm kiçik kolunu,
Arif yaxın edib uzaq yolunu,
Böyük məhəbbətlə açar qolunu,
Səni ana kimi qucar, Laçınım.

Növbəti doğum gününədək bu həsrət, bu nisgilin bitməsini arzu edirik, Arif müəllim! Növbəti yubileyini bizlərin əhatəsində olmaq şərti ilə böyük məhəbbətlə qucaq açdığın Laçında – paıdlı meşədə, çiyələkli talada qeyd edək!!!

60 yaşın mübarək!

Avropada "Azerbaycanın Dostları" Cəmiyyəti və "Xudaferin" dərgisi

01:14