“Arazın dayaz günü”

 

Qarabağla ilgili Güney Azərbaycan kökənli rejissor film çəkib

Çəkdiyi filmlərdə daha çox tarixi mövzuları araşdıran Güney Azərbaycan kökənli kino rejissoru Möhsün Hadinin çəkdiyi növbəti film Qarabağ haqqındadır. Rejissor bildirib ki, uşaqlıqdan Qarabağda baş verənləri diqqətlə izləyib.
İranlı rejissor bu mövzunu niyə seçməsi barədə danışarkən belə deyib: "Bizim ailədə Qarabağ çevrəsində 20 il öncə baş verən qanlı olaylar daim müzakirə mövzusu olub. Ermənistanın beynəlxalq dəstəklə Quzey Azərbaycana qarşı apardığı bu qanlı savaşın ağrılarını sanki bizim ailə də soydaşlarımızla birlikdə yaşayırdı. Hər gün televiziya ilə göstərilən xəbərlərdə ailəlikcə bütün bunlardan üzülürdük. Elə o dənəmdən başlayaraq Qarabağ içimdə bir yaradır. Mən Qarabağ savaşının olduğu dönəmdə uşaq idim. İran mediasında yayılan xəbərləri gördükcə içim alovlanırdı. O dönəmlərdə könüllü olaraq Güney Azərbaycandan Qarabağa döyüşməyə gedənlər var idi. Biz gizli də olsa onlar haqqında xəbər tutanda içimizdə dərin bir qürur hissi alovlanardı. Onların xatirələrini dinləyirdim və arzulayırdım ki, kaş mən də böyük olaydım və əlimə silah götürəydim. Çox keçmədi ki, böyüdüm və silahımı əlimə götürdüm – yəni kameramı...  Qarabağ məsələsində bizlər olduqca  həssasıq. Millət demək olar ki, Qarabağın Azərbaycanın tarixi və əzəli torpağı olmasını bilir və onun azad olmasını istəyir. Ona görə də mən əlimə kamera tutandan Qarabağla film çəkməyi özümə hədəf bilmişəm”.

Qeyd edək ki,Möhsün Hadinin çəkdiyi film "Arazın dayaz günü" adlanır.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

09:01