Araz Gündüz: "Kəndimizin Tanrısı"

Əskilərdə dilimizdə “xalq”, “millət” sözünün yerinə işlənmiş “budun” sözü “ümmət” sözü ilə savaşda basılmasaydı, indiki danışığımıza uyğunlaşıb “bütün” kimi səslənər, biz də “xalqım”, “millətim” yerinə dadlı-dadlı “bütünüm” deyib, bütövləşməyimizin gərəkliyini bir az da yaxşı anlayıb, duya bilərdik.

Qonşumuz Buludxan kişi danışırdı ki, yaxın rayonların birinə iş dalısınca gedəndə bir talış kəndinə gəlib çıxır. Yan-yörədəki söz-sova qulaq verib görür ki, bu kəndin adamı öz aralarında danışanda, ona baxıb nəyə görəsə bir ucdan “tırk” deyirlər.
 Kəndçilərdən birini qırağa çəkib soruşur ki, bunlar mənə baxıb niyə “tırk” deyirlər? – Adam anladır ki, “türk” sözü talışca “tırk” kimi səslənir, sən də ki, milliyyətcə türksən, adını bimədiklərindən sənə eləcə “türk” deyirlər. Buludxan kişi incik-incik danışırdı ki, and-aman eləyib onları ha başa saldım, mən türk deyiləm, müsəlmanam, ancaq nəsə yenə də mənə “tırk” dedilər ki, dedilər!
Buna oxşar bir olay ötən yüzilliyin 70-ci illərində, bizim kənddən İrəvan bazarına soğan satmağa getmiş Dənizxan kişinin də başına gəlmişdi. Kişi deyərdi ki, adamın öz yerindən yaxşısı yoxdur, bizdə qonağa “gözün üstündə qaşın var” deməzlər, ürəyini sındırmazlar, İrəvanda isə mənə elə hey bir ucdan türk deyib gözümçıxdıya salmışdılar. Sonra da qayıdıb deyərdi ki, sizi Tanrı, baxın görün, mənim haram türkə oxşayır? (Dənizxan kişi az-maz kitab oxuyan adam olduğundan, Rəşad Nuri Güntəkinin “Çalı Quşu” romanını oxumuşdu, türkləri oradan tanıyırdı, onlarla özü arasında oxşarlıq olmadığını da burdan bilirdi.)
Bizim kənddə adamların milliyətini öyrənmək üçün sorğu keçirsəniz burada ən azı üç millətin yaşadığını öyrənəcəksiniz. Yaşlı adamlar sorğunuza: ”müsəlmanam”, qalanları: ”azərbaycanlıyam” deyəcəklər. Birdən özünə: ”türkəm” deyən birisi ilə üzləşsəniz, o günü uğurunuzun açıq olduğuna, bütün qalan işlərinizin də düz gətirəcəyinə inana bilərsiniz, axı belə olay bizdə Günəş, Ay tutulması kimi neçə illərdəndən bir baş verir! Üç adla çağırılan bir millətə isə bütün deyilə biməyəcəyi bəlli bir işdir...
Günlərin bir günü, gecə yarısı Mahmud Qaşqarlı ilə danışırdıq (yəni onun “Türk Sözlüyünü” oxuyurdum), O mənə türklərin əski çağlardakı inanclarından önəmli bir olay danışmaqdaydı. Dediyindən belə bəlli olurdu ki, onun yaşadığı çağlarda soydaşları olan uyğurların bir bölümü ayaqlarını yerə dirəyib islam inancına gəlmək istəməyiblər, öz Tanrılarına tapınırmışlar, əllərində bu Tanrının türk dilində, türk əlifbası ilə yazılan BİTİYİ (Kitabı) də varmış.
Söz arası mənə anlatdı ki, üz vurmayım, onsuz da Tanrı Bitiyində nə yazıldığını mənə deməyəcək, ona görə ki, orada yazılanlar böyük yanlışlardır, yəni ki, küfrdür. Ancaq bir az keçmiş, dediklərini unudubmuş kimi Tanrı Bitiyində yazılanlardan da bir iki söz dedi: Sən demə ölən adamların türkcə Üz deyilən ruhları, Tanrı buyuruğuna gedib Üzlük deyilən – O dünyada yaşayırlarmış...
Adamların inanclarına, tapınaqlarına sayqı ilə yanaşmağımdan dolayı, bir də Mahmud Qaşqarlı məndən 928 yaş böyük olduğundan, bildiyim bir çox nəsnələri onun üzünə vurmağı artıq saydım. Ancaq bu bildiklərimi indi szinlə bölüşmək istəyirəm.
Mahmud Qaşqarlıya deməyə üzüm gəlməyən bu idi ki, Onun bəyənmədiyini dilə gətirdiyi Tanrı, bu gün də bizim kənd adamının inanclarında yaşamaqdadır.
Bizim kəndin adamları inanırlar ki, özünün yeddi arxadan dönənini tanımayan adamların Üzü (ruhu) öləndən sonra Tanrı qulluğuna gedib çıxa bilmir; Yeddi qatı olan göyün qatlarında yaşayan bu Yeddi arxanın Üzləri – Onları adı ilə çağırıb tanışlıq verən törəmələrinin Üzlərinə Tanrı qulluğuna gedən yolu tanıdırlar; Onlardan tək birini tanımadınsa yerlə göy arasında azıb, sonsuza kimi döyüküb qalacaqsan. Kəndimizdə Tanrıya Tanrı kişi deyərlər, yeddi qatlı Göy üzünün yiyəsi olan Tanrı kişinin Yer üzünə də bütünlüklə görüm-baxım elədiyini düşünərlər.
Adamlara huşla-başla qulaq asanda anlamaq olurdu ki, onlar Tanrı kişiyə inanır, güvənir, lap ərk də eləyirlər. İnanırlar ki, alqışları da, qarğışları da, istənilən diləkləri də Tanrı kişinin qulağına çatır; Durub Göy üzünə baxa-baxa Tanrıyla danışan, yaxşı günündə sevincini, yaman günündə qayğılarını Onunla bölüşən adamları mən kəndimizdə çox görmüşəm...
Kəndçimiz Əbdül kişi Tanrı kişinin qarasınca deyinməkdə ad çıxarmışdı. Günlərin birində, işi lap düz gətirməyəndə, Tanrıya “utanmaz kişi” demişdi, yaxında dayanıb bunu eşidən böyük qardaşı Bayandur kişi ona: ”Qanacağın olsun, kişi kişinin dalınca danışmaz”—deyib təpinmişdi...
Deyirlər ki, gəl-get olmayan yerdə doğmalıq olmur, kəndçilərimizin Tanrı kişi ilə doğmalığı—ortada gəl-get olmasından doğulmuşdur. Tanrı kişi ürəyiyumuşaq olduğundan, Adna axşamları ölənlərin Üzlərini evə buraxır, Onlar da kəndimizə gəlib, yaxın adamlarını yoluxub, sonra yenə geriyə – Tanrı kişinin qulluğuna qayıdırlar.
Dirilərə gəlincə, gecələr Tanrı kişi onların Üzlərini yanına çağırıb iş buyurur, adamlar da ertəsi gün Tanrı kişinin qulluğunda olduqları anları bir də yada salıb, Onun Buyuruqlarını ayıq başla anlamağa çalışırlar (yuxularını yozurlar). Bizim kəndin adamlarının çoxu özünün Türk olduğunu bilməsə də, ancaq Yer üzünün bütün Türkləri kimi yatanda başlarını basdırmazlar, başını basdırarsan Tanrı qulluğundan qayıdan Üzün səni tapa bilməz, dönüb biryolluq çıxıb gedər.
Kəndimizdə deyilən: ”Göydən, cırıq zənbildən düşüb” – sözündən anlamaq olur ki, Tanrı kişinin baxışlarından yayınıb, Göy üzündən Yer üzünə pislik eləməyə gələn birisi də var. Bu birisi məncə kəndimizdə andır dedikləri – şeytan olmalıdır. Bu andır – şeytanın işi-gücü Tanrı kişinin baxışlarından oğurlanıb, Yer üzündə yaramazlıqlar törətmək, yamanlıqlar eləməkdir; pozulan düzənlər, düzəlməyən işlər, baş tutmayan umdular (arzular) onun üçündür, ona görə də adamlar düşdükləri belə durumlarına: “səni görüm, andıra qalasan” – deyirlər.
Günlərin birində çox oxumuş bir molladan iki söz soruşdum:
Bir. Niyə görə bizim kənd adamı (eləcə də bütün azərbaycan türkləri) “kor şeytan” deyirlər, şeytanın gözü kordumu?
İki. “Tay göz şeytan” sözü nədən deyilir?
Uzun düşüncəyə dalmasından bilinirdi ki, sorğum gözlənilməz olub, ancaq bir azdan molla özünü sındırmayıb, aşağıdakıları dedi:
Bir. Şeytanın ayıq-sayıq baxışları (bəsirət gözü) olmadığından, o, düz olanı (haqqı) görmür, ona görə də “kor şeytan” adlanır.
İki. “Taygöz şeytan” – onu aşağılamaq üçün verilən bir söyüşdür.
Sonradan, bu deyilənlərin yanlış olduğunu mənə Mahmud Qaşqarlı ilə Dədəm Qorqud anlatmışdılar:
Bir. Mahmud Qaşqarlı deyirdi ki, “kor” sözü təkcə görməməzlik bildirmir, bundan başqa: “ziyan”, “zərər” anlamındadır. Qalanını isə özüm anladım: “kor şeytan” yəni ziyan vuran, zərər verən şeytan; “korluq çəkdi” – ziyana düşdü; “Kor-kor, gör-gör” – “bu ziyan elə ziyan ki, görənin gözünə girir” – demək imiş.
İki. Dədəm Qorquddan eşitdiklərimdən özüm üçün aşağıdakıları aydınlaşdırdım: Hamıya bir gözlə baxdığını deyən adam ikiüzlülük – şeytanlıq eləyir; Hamıya bir gözlə baxmaqla yaxşını pisdən ayırd eləmək olmaz; Bir də əski çağlarda Türklərə çox yamanlıqlar eləmiş, təpəsində tək bir gözü olan Təpəgöz varmış, şeytanın elədikləri onun elədiklərinə çox oxşadığından, yəni şeytan Təpəgözlə bir qılıqda (xasiyyətdə) olduğundan, ona da təkgöz-taygöz şeytan demişlər.
Bizim kəndimiz, bütünlüyünü – bütövlüyünü qoruyub saxlaya bilmədiyimiz, O Taylı, Bu taylı Azərbaycanın içində olduğundan, onun inanclarınin da Azərbaycan bütünlüyündə yaşayan inanancların içində olduğunu düşünürəm. Ona görə də sizlərə üz tutub soruşmaq istəyirəm: Sizin kəndinizdə necə, bizim kənddəkinə oxşayan Tanrı kişi varmı?..

14:08