Apellyasiya məhkəməsi Əfqan Muxtarlının şikayətini təmin etməyib

 

Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının həbs müddətinin uzadılmasından şikayətə baxılıb. Məhkəmə jurnalistin apellyasiya şikayətini təmin etməyib.

Nəsimi Rayon Məhkəməsi avqustun 17-də Əfqan Muxtarlı haqqında həbs-qətimkan tədbirinin müddətinin daha iki ay uzadılması haqda qərar çıxarmışdı. Apellyasiya şikayəti də həmin qərardan verilib. Vəkil Əfqan Muxtarlı haqqında cinayət işinin materiallarının məhkəməyə gətirilməsi üçün vəsatət qaldırıb: "Qanuna görə, məhkəmə nəzarəti qaydasında şikayətə baxılarkən, mütləq cinayət işinin materialları gətirilməli, qərar onun əsasında çıxarılmalıdır. Biz də məhz iş materiallarına əsaslanıb deyirik ki, Əfqan Muxtarlı haqqında həbs-qətimkan tədbirinin uzadılmasına qanuni əsaslar yoxdur. Təəssüf ki, məhkəmə iş materiallarının gətirilməsi ilə bağlı vəsatətimizi təmin etmədi".

Məhkəməyə Əfqan Muxtarlının özü də qatılıb. Vəkilin sözlərinə görə, jurnalist də haqqındakı cinayət işinin saxta olduğunu söyləyib və Gürcüstandan oğurlanıb Bakıya gətirilməsi ilə bağlı cinayət işi başlanmasını da tələb edib: "Hakimlər buna əhəmiyyət vermədilər".

Jurnalistin səhhətindəki problemlərin qaldığını deyən vəkil bildirib ki, Əfqan Muxtarlıya təcridxanada yazılmış və qəbul etdiyi dərman onun təzyiqini kəskin aşağı salır: "Biz ona keyfiyyətli tibbi yardım göstərilməsi üçün yenidən müraciət edəcəyik. Əfqanın ev dustaqlığına buraxılmasından ötrü yenidən Nəsimi rayon məhkəməsinə də müraciət etmişik", - deyə vəkil qeyd edib.

Amerikaninsesi.org

22:33