Apellyasiya məhkəməsi Abbas Lisani və Siyamək Mirzayinin şikayətlərinə baxıb

 

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani və Siyamək Mirzayinin şikayətlərinə baxan Ərdəbil və Tehran vilayətlərinin apellyasiya məhkəmələri yeni hökmlər çıxarıb.

 

İran mollakratiya rejiminin Tehrandakı apellyasiya məhkəməsi ilkin məhkəmənin Siyamək Mirzayi haqqında çıxardığı 10 il həbs və iki il sürgün hökmünü dəyişdirərək, onu 3 il həbs və Güney Xorasan bölgəsinin Təbəs şəhərində bir il sürgündə yaşamaq cəzasına məhkum edib.

Ərdəbil apellayasiya məhkəməsi isə ilkin məhkəmənin hökmünü ləğv edərək tanınmış milli fəal Abbas Lisaninin bəraətinə hökm verib. Meşkin İnqilab Məhkəməsi qondarma şəkildə “separatçılıq” və “pantürkizm” ideyaları yönündə onun fəaliyyət göstərdiyini irəli sürərək Lisanini “rejimə qarşı təbliğat” aparmaqda günahlandırmışdı.

Siyamək Mirzayi bir neçə ay öncə “apellyasiya məhkəməsinin müxtəlif bəhanələrlə təxirə salındığını” bildirmiş və bu duruma etiraz olaraq iyunun 17-də aclıq aksiyası başlatmışdı.

Məhkəmə məsulları onun tələblərini yerinə yetirəcəklərinə dair söz verdikdən sonra Mirzayi təqribən üç həftə davam etdirdiyi aclıq aksiyasına son qoymuşdu.
Qeyd edək ki, hər iki milli fəalla ilgili mollakratiya rejimi məhkəməsinin bir qədər yumşaldıcı qərarlar qəbul etməsinin səbəbləri var. Belə ki, Güney Azərbaycanın bütün şəhərlərində qanunsuz yerə tutuqlanan milli fəallar dəstəklənmişlər və bununla yanaşı, uluslararası insan haqları qurumları onları əqidəsinə görə siyasi tutuqlu kimi qeyd etmişdilər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

22:40