Ankarada Türk Dünyası qadın bəstəçilərinin konserti

 

Konsert salonun foyesində Türk Dünyasının qadın rəssamlarının əsərlərindən ibarət rəsm sərgisi açılıb. Ankarada türk dünyası qadın bəstəkarlarının əsərlərindən ibarət konsert olub. Uluslararası Türk Kültür Təşkilatının (TÜRKSOY), Türkiyə Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) və Başkənd Universitetinin təşkilatçılığı ilə Ankarada türk dünyası qadın bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib.

Konsert salonun foyesində Türk Dünyasının qadın rəssamlarının əsərlərindən ibarət rəsm sərgisi açılıb. Sərgidə TÜRKSOY-un təşkilatçılığı ilə müxtəlif illərdə təşkil olunmuş sərgilərdə təqdim edilən 29 əsər nümayiş olunub. Konsertdən əvvəl TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və SANKON sədri Nəzakət Əminə Atasoy layihənin əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, türkdilli xalqlar həmişə qadın adını və əməyini uca tutublar. Türk qadınları cəmiyyətin bütün sahələrində olduğu kimi, milli musiqinin inkişafında da aparıcı rol oynayıblar. Konsertdə Başkənd Universitetinin orkestrinə Ertuğ Korkmaz dirijorluq edib. Konsertin repertuarına Azərbaycandan Xədicə Zeynalovanın, Türkiyəndən Özge Gülbe Ustanın, Qazaxıstandan Balnur Kıdırbekin, Qırğızıstandan Nargiz Kurmanovanın, Türkmənistandan Jeren Gurbangulujovanın, Başkortsandan Leyla İsmayılovanın, Tatarıstandan Elmira Qulamovanın əsərləri daxil edilib. Konsertdə X.Zeynalovanın “Düşüncələr”, “Hekayə”, ”Yağış damcıları”, “Gəzinti” və “Rəqs” əsərləri ifa olunub. Sonda TÜRKSOY adından ifaçılara diplom və hədiyyələr təqdim edilib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

06:33