Ankarada Şəhriyar ədəbi-bədii gecəsinə hər kəs dəvətlidir

 

TÜRKSOY 2017-ci ildə yeni bir layihəyə başladı. TRT “Türkiyənin səsi” saytına TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı eksklüziv olaraq məlumat verdi.
 

Elçin Qafarlı, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi: “2017-ci ilin yanvarından başlayaraq hər ay ümumtürk dünyasının görkəmli şəxsiyyətlərindən biri yada salınacaq, böyük və tanınmış simalar konfrans, panel və simpozium tədbirlər silsiləsilə xatırlanacaq. Bu tədbirlərin birincisini biz yanvar ayında keçirdik. Bilirsiniz ki, keçən il Hoca Əhməd Yəsəvinin 850-ci ildönümü idi. Elə bu ili də onunla açdıq. Hoca Əhməd Yəsəvi Cəmiyyətinin sədri çıxış etdi. Türkiyədən olan tələbələr, Yəsəvi ilə maraqlananlar gəldilər. Çox gözəl keçdi. İkinci belə tədbirlər seriyasında türk dünyasının böyük şairi Şəhriyar var. Məhəmmədhüseyn Şəhriyar Azərbaycanın qüdrətli söz sənətkarıdır. TÜRKSOY ilin ikinci konfrans-ədəbi-bədii gecəsini onun həyat və yaradıcılığına həsr edib. Paytaxt Bakıdan – Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Elman Quliyev gələcək və bu konfransı o aparacaq. E.Quliyev Şəhriyar yaradıcılığının Azərbaycan Respublikasında ən yaxşı tədqiqatçılarından biridir, elmi işi, dərəcəsi böyük şairlə bağlıdır. TÜRKSOY-un məqsədi odur ki, hər konfransa bir alim çağıraq, danışsın, tədbirə gələnlərlə sual-cavab şəklində söhbət olsun, gəncləri maraqlandıraq, nəticədə bilməyənlər də türk dünyasının dahilərini tanısınlar.
Şəhriyarın şeirlərindən və sözlərinə yazılmış mahnılardan ibarət ədəbi-musiqili tədbir 16 fevral saat 14.00-da Ankara TÜRKSOY-un binasında olacaq. Açıq dəvətdir, xüsusi dəvətnaməyə ehtiyac yoxdur, yəni hər kəs gələ bilər. Şəhriyar poeziyası, Şəhriyar dünyası, Şəhriyar vətənsevərliyilə maraqlananlar, buyursunlar, gəlsinlər, TÜKKSOY-un qapısı açıqdır. Tədbirin sonunda Türkiyədə yaşayan Güney Azərbaycanlı vətənpərvər müğənni Yanar Sönməz də çıxış edəcək. Eyni zamanda, Ankara univeristetlərində oxuyan tələbələr böyük şairin şeirlərini söyləyəcəklər. Şəhriyar ədəbi-bədii-musiqili gecəsi məruzə, sual-cavab və ədəbi-bədii-musiqili hissələrdən ibarət olacaq.”

Qeyd edək ki, Şəhriyarla bağlı tədbir Eskişeherdə də olacaq, fevralın 17-si şəhərin Anadolu Universitetində, saat 15.00-da. Xatırladaq ki, daha çox Şəhriyar təxəllüsü ilə tanınan, böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyin Behcəti Təbrizi 1906-cı ildə İranın Şərqi Azərbaycan Əyalətinin baş şəhəri Təbrizdə dünyaya gəlib. M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olub. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, 18 sentyabr hər il Cənubi Azərbaycanda və İranda Milli Şeir Günü kimi qeyd edilir.

 

Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

11:55