Ankarada rəssam Rais Rəsulzadənin sərgisi açılıb

 

Türkiyənin başkəndi Ankarada Türkiyə Kültür və Turizm Bakanlığının dəstəyi ilə  təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadənin fərdi rəsm sərgisi açılıb.

Mustafa Ayaz Fondu Muzeyində nümayiş etdirilən sərginin açılış lentini əski millət vəkili  Yalçın Topçu, millət vəkili Mətin Gündoğdu və rəssam Rais Rəsulzadə kəsdilər. Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Azərbaycan Kültür  Dərnəyinin nümayəndələri, tarixçi Nəsiman Yaqublu, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Türkiyədə yaşayan azərbaycanlı elm, mədəniyyət xadimləri iştirak ediblər.
 

Yalçın Topçu çıxış edərək bildirib ki, bu sərgini təşkil etməkdə məqsədimiz böyük türk millətinin dünya tarixinə yalnız cəbhələrdəki qəhrəmanlıqları ilə deyil, sənəti, kültürü, fırçası ilə də töhfə verdiklərini bir daha göstərməkdir. Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Y.Topçu dedi: "Bilirsiniz ki, hər il bu günlərdə (aprel) ermənilər arxalarındakı lobbilərə qondarma “soyqırımı”ndan bəhs edirlər. Əslində, soyqırımından bəhs edənlər bütün dünyanın gözü qarşısında Qarabağı işğal etdilər. Azərbaycan türklərini yurd-yuvalarından didərgin saldılar. Anaların gözləri qarşısında uşaqları, uşaqlarının gözləri qarşısında da anaları qətlə yetirdilər. Biz isə Azərbaycan türkünün mədəniyyətini bütün dünyaya göstərmək istəyirik".

O, həmçinin Məhəmməd Əmin Rəsulzadədən də bəhs etdi. Bildirdi ki, bu sərginin müəllifinin babası - Azərbaycanda ilk cümhuriyyətin qurucusu olmuş Məmməd Əmin Rəsulzadə, “Bir kərə yüksələn bayraq bir daha enməz" deməklə bütün məzlum millətlərə müstəqilliyin əhəmiyyətini bəyan edib: “O, bütün Türk Dünyasının görkəmli şəxsiyyətidir".

Rais Rəsulzadə isə öz təəssüratlarını belə ifadə etdi: “Həyatımda ən xoşbəxt gündür. Bu təkcə mənim deyil, Azərbaycanın, bütün türk dünyasının bayramıdır. Düz 97 il öncə, aprel ayında Azərbaycan kədərli günlərini yaşayıb. İstiqlalımız devrilib. Düşünürəm ki, bu sərgidə M.Ə.Rəsulzadə və silahdaşlarının da ruhları qovuşur. Bu sərgi Azərbaycanın və Türkiyənin birlik və qardaşlığının nümayişidir”.

Rəssam sərgini təşkil edənlərə öz minnətdarlığını bildirdi. Sərginin açılışı zamanı Yerli Düşüncə Dərnəyinin üzvləri Rais Rəsulzadəyə Məhəmməd Əmin Rəsulzadənin qara qələmlə çəkilmiş portretini hədiyyə etdilər.

Sonra sərgiyə baxış keçirildi. Böyük marağa səbəb olan rəsm əsərlərinin ilk alıcısı Yalçın Topçu oldu. “İyun” adlanan və yağlı boya ilə çəkilmiş əsərin qiyməti 1000 dollar idi. Məhz bu əsəri alma səbəblərini Y.Topçu belə izah etdi: “Mən bu əsərdə bir türkçülük gördüm: yay gəlib, günəş çıxıb, zəhmətkeş insanlar ənənəvi əkinçiliklə məşğuldur. Əsər həm də özlüyündə sülhü, sakitliyi ifadə edir. İnanıram ki, sərgidəki əsərlərə böyük maraq olacaq”. Qeyd edək ki, sərgi aprelin 30-a qədər davam edəcək.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:16