“Ana Varlıq” dərgisi oxucuların görüşünə tələsir

Güney Azərbaycanın milli mətbuat tarixində özünə məxsus önəmli yer alan “Varlıq” dərgisi vaxtilə mərhum cərrah, dünyaşöhrətli alim Cavad Heyətin təşəbbüsü ilə düz 35 il ərzində çap olunaraq, özünə böyük oxucu auritoriyası yaratmışdı. Cavad Heyət dünyasını dəyişəndən sonra, faktiki olaraq, “Varlıq” dərgisinin çapı da dayandırılıb. Güney Azərbaycan milli mətbuatında yaranmış bu boşuluğu doldurmaq üçün, gənc alim, kifayət qədər Güney Azərbaycanda tanınmış Aydın Sərdarniyanın təşəbbüsü ilə çox yaxında “Ana Varlıq” adlı yeni dərginin nəşrinə başlanılacaq. Artıq bu yöndə Güney Azərbaycanın bölgələrində dərc olunan yerli mətbuatda “Ana Varlıq” dərgisinin reklamı da yayınlanmağa başlamışdır.

Qeyd edək ki, Aydın Sərdarniya məşhur alim, görkəmli ziyalı Səməd Sərdarnioyanın oğludur. O, uzun illər Təbriz radiosunda anadilli proqralmarın hazırlanması üzrə çalışıb. "Varlıq" dərgisində Səməd Sərdarniyanın onlarca sayda məqalələri dərc olunub. Bu  dərginin ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Səməd Sərdarniya "Azərbaycan Məşrutə dönəmində", "Azərbaycanın məşhurları" (2 cilddə), "İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur", "Təbriz – birincilər şəhəri", "Təbriz – İranda çap sənətinin beşiyi", "Arazın hər iki tayında müsəlmanların soyqırımı", "Molla Nəsrəddin Təbrizdə", "Məşrutə dönəmində Azərbaycan qəzetləri", «Təbriz Tənbəki üsyanı illərində», «Əli Müsyo», «Azərbaycan teatrının tarixi», «Bağır xan Salari-Milli», "Qarabağ müharibəsi", "Qarabağ tarixin gedişində" və s. əsərlərin müəllifidir.
Səməd Sərdarniya Güney Azərbaycanda tariximizə yeni baxış təqdim edən, onu təhriflərdən təmizləyib elmi təməl üzərində qurmağa çalışan tarixçilər nəslinin görkəmli nümayəndəsi olub. Araşdırmalarında daim Azərbaycanı bütöv, vahid götürürdü. 2002-ci ildə o, Bakıda Azərbaycan Universitetinin "Fəxri doktoru" adına layiq görülüb. 2006-cı ildə alimin ""Arazın hər iki tayında müsəlmanların soyqırımı" adlı dəyərli əsəri AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə "Elm" nəşriyyatı tərəfindən (farscadan çevirəni Atilla Maralanlı, elmi redaktoru Əkrəm Rəhimli) nəşr edilmiş və böyük maraqla qarşılanıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

10:42