Amsterdamda Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub

 

Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub.

 

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən son illərdə müxtəlif dinlərlə bağlı (pravoslav, katolik, yəhudilik, buddizm) “İlahilər” layihəsi həyata keçirilir. Layihə çərçivəsində dünyanın müxtəlif dinlərinə məxsus görkəmli bəstəkarlara əsərlər sifariş olunur və səsləndirilir. 2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Belə bir əsərin yaradılması Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə edilib və “Nasimi Passion” ərsəyə gəlib. Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib. Görüşdə musiqişünas Thea Derks “Nasimi passion” əsəri haqqında məlumat verib. Sonra çıxış edən Firəngiz Əlizadə seçdiyi mövzudan söz açıb, Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.

Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. Bəstəkar iştirakçıların əsərlə bağlı suallarını cavablandırıb. Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Ə.Abdullanın ifası məhz sufi zikrlərindəki əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib. Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb. Bəstəkarın Şərq və Qərbin konsepsiyası əsasındakı sintezi maraq doğurub. Milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edib. Əsər tamaşaçıların alqışları ilə qarşılanıb.

Konsertdən sonra musiqiçilər və solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb, hisslərini bölüşüblər. Onlar əsərin möhtəşəm olduğunu bildiriblər. Bəstəkar və musiqi meneceri Gabriel Teschner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib. Bəstəkarın kamança ilə Sebastyan Baxın əsərini birləşdirdiyi məqamlar bunu aydın göstərir. O deyib : “Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar tərəfindən incəliklə birləşdirilməsinin şahidi olduq. Firəngiz Əlizadə 600 il əvvəl yazıb yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim etdi. Mən Firəngiz Əlizadənin əsərinə valeh oldum. Çox maraqlı, möhtəşəm əsər idi və orkestrləşdirilmə də incəliklə qurulmuşdu. Musiqi nəşriyyatı olaraq Firəngiz Əlizadə ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.

İngiltərəli dirijor Martin Brabbins diqqətə çatdırıb ki, bu, fövqəladə əsər idi. “Firəngiz Əlizadənin əsərinə dirijorluq etməyə şadam. Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm idi. Xüsusilə də əsərdə istifadə olunan metodlar - pıçıltı, qışqırıq çox incəliklə ifadə edilib. “Ənəlhəq” cümləsini çox sevirəm. Solistimiz də əla idi. Əvəz Abdullanın baritonunun keyfiyyəti çox yüksəkdir. Emosiyaları göstərirdi ki, o, Firəngiz Əlizadənin musiqisini dərindən anlayır və onunla yaşayır. Amsterdamdakı bu konsert, bu gecə möhtəşəm idi”, - deyə o bildirib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun üçün böyük ustalıq tələb olunur. O deyib : “Firəngiz Əlizadə fövqəladə bir əsər yaradıb. Nəsiminin qəzəllərini, onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm. Bu gün Firəngiz xanımın əsərini ifa etməkdən çox razıyam. Dünyada məşhur olan bəstəkarın musiqisini ifa etdim. Qəlbim emosiyalarla doludur. Bir neçə ay əvvəl təklif alanda Firəngiz xanım mənə dedi ki, bu, musiqidir, amma təkcə sözləri ifa etməklə kifayətlənməməlisən. Canlı obraz yaratmalısan. Mən də güzgü qarşısında repetisiya edirdim. Düşünürdüm ki, bu obrazı necə canlandırım. Amma bu gün gördüm ki, istədiyimizə nail ola bilmişik. İfa zamanı tamaşaçılara, xüsusilə onların baxışlarına diqqət yetirirdim. Hiss edirdim ki, mən istədiyimə nail olmuşam. Tamaşaçılar ilk dəfə belə bir obrazı tanıdılar. Konsert olmasına baxmayaraq, tamaşaçılar qarşılarında canlı obraz görürdülər. Dirijor məndən soruşurdu ki, “ənəlhəq” nə deməkdir? Elə qəşəng sözdür ki, bütün gün evdə bu sözü deyirik. Qeyd etdi ki, Nəsiminin qəzəllərini şəxsən özü oxuyacaq”.

Xudaferin.eu
“Avropa Bürosu”

20:32