Amerika ermənləri Hoqlandın Qarabağ bəyanatını hiddətlə qarşıladı: ”Bir sözlə, biz gicbəsərik...”

 

 

Erməni dairələri ABŞ-ın Minsk Qrupunda fəaliyyətini başa vuran həmsədri, dövlət katibinin Avropa və Avrasiya işləri üzrə keçmiş köməkçisi Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplərdən ibarət bəyanatından şoka düşüb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan bu prinsiplərdə “yeni heç nə olmadığını” desə də Amerikadakı nüfuzlu erməni təşkilatı Birləşmiş Ştatların adından açıqlanmış nizamlama prinsplərini hiddətlə qarşılayıb.

Xəbər verdiyimiz kimi Riçard Hoqland münaqişənin əsas prinsiplərindən biri kimi işğal altındakı rayonların qaytarılmasını (Laçın rayonundan keçən dəhliz xaricində), bu rayonlar üzərində Azərbaycanın suverenliyinin bərpasını vurğulayıb. Diplomat bildirib ki, Dağlıq Qarabağ bölgəsinə təhlükəsizliyə və muxtariyyətə təminat yaradan araqlı status verilməlidir, bölgənin yekun statusu isə “qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvəyə malik olan səsvermə” yoluyla müəyyənləşdirilməlidir. Diplomat Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin də müzakirə predmeti olacağını qeyd edib, çünki nizamlama Helsinki Yekun Aktının müddəalarına əsaslanır və orada xalqların öz müqəddəratını təyin etməsi ilə bərabər ərazi bütövlüyü prinsipi də əksini tapıb. Riçard Hoqland deyib ki, münaqişənin həllinin bu əsas prinsipləri təkcə ABŞ-ın deyil, digər həmsədr ölkələrin də mövqeyidir. Əslində amerikalı diplomatın bəhs etdiyi prinsiplər 2009-cu ildə dərc edilən Madrid priniplərinə əsaslanır. Ancaq indiki halda Riçard Hoqland işğal altındakı bütün ətraf rayonların qaytarılmalı olduğunu bəyan edib, habelə Dağlıq Qarabağın yekun statusunun məhz qarşılıqlı anlaşma əsasında təşkil ediləcək səsvermə yolu ilə müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Hansı ki, erməni tərəfi işğal altındakı rayonlardan 5-nin məsələni müzakirə edib Kəlbəcər və Laçın üzərində nəzarəti saxlamağa çalışır.

Amerikadakı Erməni Milli Komitəsi tələm-tələsik Riçard Hoqlandın bəyanatını pisləyərək onun açıqladığı prinsipləri “tamamilə qəbuledilməz və iflasa məhkum” adlandırıb. Komitə bildirir ki, ABŞ administrasiyası Dağlıq Qarabağın “məhv edilməsi üçün” daha bir düşüncəsiz resept irəli sürüb.

“Görünür administrasiya hesab edir ki, biz Ermənistanın tarixini başa düşmürük, bizim Dağlıq Qarabağla yüz faizli həmrəyliyimiz çatışmır və geosiyasi maraqlarımızın heç bir mənası yoxdur. Bir sözlə, biz gicbəsərik. Tamamilə qənbuledilməzdir və iflasa məhkumdur”-komitənin icraçı direktoru Aram Ambaryan ABŞ-da nəşr olunan erməni qəzeti “Armenian Weekly”-yə bildirib.

Ambaryanın sözlərinə görə, Hoqlandın bəyanatını “getdikcə aqressivləşən Azərbaycanı” ruhlandırır və Dağlıq Qarabağ erməniləri üçün yeni risklər yaradır. Amerika Erməni Milli Komitəsinin rəhbəri hesab edir ki, Hoqland bu bəyanatı ilə yeni həmsədr Endryu Şoferi də “çətin vəziyyətə” salıb.

Erməni ekspert dairələrində isə bu qənaətdədirlər ki, Birləşmiş Ştatlar diplomatının münaqişənin nizamlanmasına dair 6 əsas prinsipi vurğulaması Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sərkisyan arasında görüşdən dərhal sonra baş verməsi təsadüfi deyildi. Hərçənd Riçard Hoqland həmin bəyanatı müvəqqəti həmsədr kimi fəaliyyətini başa vurması münasibətilə keçirdiyi mətbuat konfransında verib və bunun Moskvadakı görüşlə bağlılığı yoxdur. Moskvadakı Putin-Sərkisyan görüşünün mərkəzi mövzularından biri Qarabağ olub, ancaq təfərrüatlar haqda heç nə məlum deyil. “Kommersant” yazır ki, Putin Soçidə Sərkisyanla rəsmi danışıqları başa vurduqdan sonra “demək olar ki, ona əziz olan” Ermənistan prezidentini şam yeməyinə də dəvət edib, müzakirələri orada davam etdirib...

Hurriyyet.org

13:02