Almaniyada “Azərbaycan haqqında məlumat günü”

Almaniya Silahlı Qüvvələri (Bundesver) Baş Qərargahının Hamburq şəhərində yerləşən Akademiyasında hazırda həmin akademiyada təhsil alan iki azərbaycanlı zabitin təşəbbüsü ilə “Azərbaycan haqqında məlumat günü” keçirilib. Akademiya rəhbərliyinin də iştirak etdiyi tədbirdə azərbaycanlı zabitlər tərəfindən ölkəmiz haqda geniş brifinq təqdim olunub. Azərbaycanın coğrafiyası, tarixi, siyasi sistemi, iqtisadiyyatı, mədəniyyəti və ordu quruculuğu barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Tədbirdə Azərbaycanın siyasi və iqtisadi inkişafı, regionda aparıcı gücə çevrilməsi, dövlət başçısı İlham Əliyevin apardığı xarici və daxili siyasətin uğurları diqqətə çatdırılıb. Həmçinin iştirakçılara Ermənistanın Azərbaycana hərbi təcavüzü, Xocalı soyqırımı, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səyləri barədə də ətraflı məlumat çatdırılıb. Bundesver Baş Qərargahı Akademiyasının rəis müavini və təhsil direktoru, admiral Karsten Snayder çıxış edərək ölkəmizin mühüm coğrafi-siyasi mövqeyindən və iqtisadi əhəmiyyətindən danışıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib rolunu vurğulayıb. Brifinqdə Azərbaycanın Almaniyadakı hərbi attaşesi, polkovnik Mahir Bayramov, akademiyanın professor-müəllim heyəti, burada təhsil alan almaniyalı və xarici zabitlər iştirak ediblər.

Vüqar Seyidov, AZƏRTAC-ın xüsusi müxbiri
 

14:22