Aida Tağıyeva: Yer qazan, insan qazan (Hekayə)

Aida Tağıyeva
Tiflis (Gürcüstan)

Hekayə

Məndən soruşsalar ki; dünyada ən çətin şey nədir? Mən cavab verərdim – insan qazanmaq. Amma əgər məsələyə yanaşmağın doğru yolunu seçsən görərsən ki, bunu etmək düşündüyün kimi çətin deyilmiş.

Bu gün insan üçün ən çox lazım olan insanlardan danışacam...

Bir anlıq düşün ki, yer üzərində kimsə yoxdur, tək sən qalmısan. Nə edərsən? Öz yaşamaq, yaradılış mahiyyətini itirərsən və məhv olarsan elə deyilmi? Ən azından ona görə ki, kimsəyə lazım olmadığını görərsən. Amma elə insanlar da var ki, təxminən 7 milyard əhalisi olan bu yer kürəsində özünü tənha hiss edir. Tənha və ya tək qalmağın iki səbəbi var: birinci sənin kimsəyə yazım olmaman, ikinci isə, kimsənin sənə lazım olmaması. Söhbət ruhi tənhalıqdan gedir ya cismi onu artıq hər insan öz daxili aləminə görə özü təyin etməlidir. Ya qarşındakı insanı dəyişəcəksən ya da, onu necə var elə qəbul edəcəksən. Ya özünü dəyişəcəksən ya da, səni necə varsan elə qəbul edən adamları gözləyəcəksən.

Ən önəmsiz olduğunu düşündüyümüz insandan belə ən önəmli şeyləri öyrənə bilərik və ya, ən lazımsız biliyimiz insan bir gün ən lazımlı varlığa çevrilə bilər. Hər bir insandan öyrənə biləcəyimiz çox şey var. Amma çox təəsüf ki, bir-birimizə olan bu günkü münasibətimiz söylənilən həqiqətlərin tam əksini göstərir. Bilmirəm bu münasibətə nə ad verək: kinlilikmi, paxıllıqmı, özündən razılıqmı, hətta düşmənçilikmi deyim, nifrətmi qərar verə bilməmişəm. Bir-birinə deyilən atmacalı sözlər, bir-birinin arxasınca danışılan dedi-qodular, təhqir atəşinə tutulanlar, söz gülləsiylə (bəzən də əl-qoluyla) bir-birini vuranlar, hətta bir-birinə quyu qazanlar və daha nələr...

Mən bizim xarakterimizdə dərin kök salan və bizim münasibətlərin korlanmasına yol verən, mənfi cəhətlərimiz haqda qısa bir məlumat verməyə çalışacam.

Bu diqqət mərkəzində olmaq istəyi nə olan şeydir ki, hamı bu xəstəliyə tutulub. Ən acınacaqlısı da odur ki, baxmayaraq bunu stol başında tamada olmaqla edəcəksən, fanaqramayla mahnı oxumaqla, yoxsa təpədən dırnağa kimi qırmızı paltar geyinməklə bunun sənin üçün heç bir fərqi yoxdur, yetər ki hamı sənə baxsın, hamı səni izləsin, ətrafdakılar sənə pərəstiş etsin.

Bir az “irəli” gedən adam artıq hamıdan irəlidə olduğunu düşünür. Sizcə məqsədə nail olmaq üçün öndə olmaq nə qədər doğru vasitədir? Öndə olsan belə arxada dur. Öndə durmaqla sən hamıya arxa çevirmiş olursan. Hamıdan arxada dur və hamıya arxa ol. İnsanları diqqət mərkəzində olmaqla deyil kənarda durmaqla daha yaxşı görüb, dərk edib, anlaya bilərsən. Düşməni olsa belə, ağıllı insan heç vaxt ondan irəlidə durmağı seçməz, yalnız düşmənindən arxada durmaqla ona qalib gələ bilər.

Qarşına qoyduğun hər insan sənin gözlərinə dizinə kimi palçıqda görünsə belə, başının üstündə olan səmanı acizanə, sevə-sevə seyr etdiyi şübhəsizdir. Səndə, oda, məndə, hamımız bütün bəşəriyyətin gözü önündən qaçaraq ora, o ağaclar örtən evin, pərdə örtən pəncərənin, qapı örtən otağın içində özümüz oluruq. İndi bu tənha otaqda gözlərini yum və ürəyinin sürməsini aç. Orada mütləq güzgü olacaq götür və bax. Diqqətlə gözlərinin içinə bax, o an bütün bəşəriyyət sənin gözlərinin içində olacaq. O balaca görünən, dairə şəklində olan göz bəbəyin yer kürəsinin elə özüdür. O səndə mövcuddur. Bütün obrazlar, simalar, bütün rənglər, həşəratlar, bitkilər, bütün yaxınlıqlar, ya uzaqlıqlar hamısı oradadır. Sən o an orada dizinə kimi palçığa bulananları axtar və onların palçıqlı ruhlarını təmizlə. O zaman mavi səmanı, quşların uçmasını seyr edən, buludlarla şəkil çəkən, tərtəmiz insan qəlbi görəcəksən. Tantrının ədalətinə inanan hər kəs əmin ola bilər ki, hər insanda yaxşının və pisin dərəcəsi eynidir. Ən çox yaxşılığın püskürməsi üçün onlara yalnız siz kömək ola bilərsiz.

Şərtlər və hadisələr hər bir insanın kim olduğuna təsir etmiş ola bilər amma onun nə olduğunu özümüz kəşv etməliyik. Bir şeyi unutmayaq ki, biz yalnız öz kəşv etdiyimiz və yaratdığımız şeylərin daxilində yaşayırıq…

Hətta bizim qəlbimiz bir-birimizə qarşı sevgi hissiylə dolu olsa belə onu ifadə etməyə də çətinlik çəkirik. Qarşımızdakının yaxşı xüsusiyyətini etiraf etməkdən, onu tərifləməkdən çəkinirik. Əlbəddə, bu haqqında danışdığım paxıllıq və öndə olmaq istəyinin qaynağı olan nəfsin korluğuyla əlaqədardır. Bu cür mənəvi cəhətlərə malik olan insan qarşındakının savadını, aliliyini, haklı olduğunu, müsbət xüsusiyyətlərini və s. söyləməklə özünü alçaldılmış hiss edər. Bunu şüuru təstiq etsə də qəlbi qəbul etməz. Hətta onda mənfi olanı axtarmağa başlar, onu qabardılmış şəkildə qarşındakına söylər, qəlbini qırar. Bunu düşünmədən sevə-sevə edər. Hər zaman əziz, gözəl hissləri ifadə etməkdə çətinlik çəkər. Bu cür addımlarında o hər zaman “ən azı” bir insan itirər.

Əziz oxucu, bəlkə də bu an gözünün önündə sənə paxıllıq edən insanları canlandırırsan, bəlkə də, digər oxucunun gözü önündə sən varsan, bunu təsbid etmək çətindir amma xaişim etrafdakı paxıllarla deyil içimzdəki paxıllıqla mübarizə aparmaqdır.

Biz fərqində deyilik amma hər qarşı qoyduğumuz, qəlbini qırdığımız insan boğmaya çevrilib boğazımıza tıxanır. Onu ağız suyumuzla udub qəlbimizə doğru yollayırıq. Beləcə burada toplaşan insanlar elə sənin ürəyindəcə sənə hakim olurlar. Burada onlar səndən intiqamını çox asan alırlar. Sən özündə bilmədən zalımlaşırsan, özündə bilmədən insanları ard-arda oraya toplayırsan. Onlar hər gələn insanı sevinclə qəbul edirlər, kökləri daha da dərinləşir, daha da böyüyür. Sən məhv olursan. Halbuki, bunu etməyədə bilərdin. Hamı xoşagəlməz hadisələrlə qarşılaşır. Qarşindakının qəlbini qırdıqda günahını etiraf et. O boğmanı göz yaşına çevir, ağla. Qoy beləcə yanaqlarından axan yaş bütün pislikləri yuyub aparsın. Mütləq peşiman ol. Peşimançılıq çox ali hissdir. Əgər etdiyin səhvdən peşiman deyilsənsə deməli sən bu səhvi dəfələrlə edəcəksən.

Sizin də qəlbinizi kimsə ağrıda bilər amma bununla ona nifrət etməyin, sadəcə bir az daha diqqətli olmağa çalışın. Bir insan tərəfindən aldansanız da yalnız bir dəfə aldanın, qırılsanız da bir dəfədən çox qırılmanıza yol verməyin.

Biz açıq qapı qarşısında çıxış yolunu başqa yerdə axtaran huşsuzlara bənzəyirik. Biz qocanın qoltuq həsasını dəyənəyə, onun ağ saçlarını buzlu qara bənzədirik, bir dilənçini peşəkar oğruya oxşadırıq, biz sevqiylə yaltaqlığı səhv salırıq, biz hər şeydə əks görürük, hər şeydə neqativ olanı axtarırıq, yalnız mənfiləri güdürük. Biz pislikləri tənqid edirik, söyürük amma özümüz də ondan istifadə edirik. Bunlar çox asan şeylərdir. Əhsən bizim uzaqgörənliyimizə.

Unutmayaq ki, yalnız ən dəyərli şeyləri pulla qazanmaq olmur, bunlardan biri də insandır. Kimsə mənə bunun əksini söyləyə bilər. Mən o kimsəylə pulu bitəndə danışmaq istəyərəm.

İnsan ictimayi varlıqdır. Biz hamımız bir-birimizə lazımıq. Hamımız qüclü ola bilərik, hamımız ağıllı ola bilərik, və yaxud birimiz imkanlı birimiz imkansız , birimiz çirkin birimiz gözəl ola bilərik., Daha nə qədər antonim saymaq mümkündürsə sayaq amma bir şeyi unutmayaq ki, biz hamımız insanıq. Hər şeydən öncə insan olmaq ən önəmli amildir. Bir-birimizi nə qarşımıza, nə önümüzə, nə də arxada qoymayaq. Hamımız yan-yana irəliləyək. Heç nə qazanmadan öncə bir-birimizi qazanaq. Bu hər birimiz üçün ən böyük sərvətdir.

Xudaferin.eu

13:16