Aİ ölkələrində internet istifadəçilərinin şəxsi məlumatlarına nəzarət etmək hüququ bərpa olunacaq

İnsanlar internetdə alış-satış, messencerdən istifadə, proqram əlavələrinin smartfona yüklənməsi, sosial şəbəkələrdə fəallıq və digər onlayn fəaliyyət zamanı özlərinə aid fərdi məlumatları təqdim etməklə praktiki olaraq həmin məlumatlardan istifadə edilməsinə nəzarət imkanını itirirlər. Mayın 25-dən etibarən Avropa İttifaqı ölkələrinin sakinləri üçün bu sahədə vəziyyət dəyişib. Həmin gün Aİ-də məlumatların ümumi qorunması normaları (General Data Protection Regulation, GDPR) qüvvəyə minib. Beləliklə, internet istifadəçiləri onlara aid hansı məlumatların onlayn rejimdə saxlanmasını və onlardan necə istifadə edilməsini bilmək hüququna malikdirlər.

Xudaferin.eu xəbər verir ki, fərdi məlumatların qorunması sahəsində Avropa İttifaqının yeni qanunvericiliyinin məqsədi təkcə sıravi istehlakçının məlumatlarını qorumaq deyil, həm də Aİ daxilində bərabər rəqabət qabiliyyətinin təmin edilməsidir. İndiyə qədər Avropa İttifaqına daxil olan ölkələrin hər birində öz milli normaları tətbiq edilirdi. Bu normalar hələ 1995-ci ilə qədər işlənib hazırlanmış ümumi qaydalara əsaslansalar da, ayrı-ayrı ölkələr üzrə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

İnternetdə məlumatların qorunması sahəsində ekspert Kristine Şteffen alman KİV-lərinə müsahibəsində vurğulayıb ki, indi Aİ vətəndaşları həm özlərinə aid məlumatlar barədə informasiyanı təşkilatlardan sadə və asan formada əldə etmək imkanına, həm də onlardan istifadənin qadağan olunması, yanlış informasiyaya düzəliş və özlərinə aid məlumatları internetdən tamamilə silmək hüququna malikdirlər. Ekspert vurğulayıb ki, internet şirkətləri istifadəçilərin sorğusu əsasında onların fərdi məlumatlarından hansı məqsədlər üçün istifadə edilməsi, bu məlumatların üçüncü ölkələrə ötürülməsi və s. informasiyanı təqdim etməyə borcludurlar.

Xudaferin.eu

14:01